Martın 2-də Londonda Böyük Britaniyanın baş naziri Kir Starmerin ev sahibliyi ilə Ukrayna sammiti keçirilib. 10-dan çox Avropa lideri, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski də danışıqlara qatılıb.
Bundan öncə, fevralın 28-də Zelenskinin Oval kabinetdə ABŞ prezidenti Donald Trampla görüşü katastrofik keçib, Zelenski Ağ evi erkən tərk edib.
London samitində Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Hakan Fidan, NATO-nun baş katibi Mark Rütte, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, Avropa Şurasının prezidenti Antonio Koşta da iştirak ediblər.
Birləşmiş Ştatlardan konfransa gələn olmayıb. Starmer sammitdən öncə demişdi ki, Böyük Britaniya, Fransa və Ukrayna və "ola bilsin daha bir-iki tərəf" Vaşinqtonla müzakirə olunacaq sülh sazişi üzərində işləyəcək.
AzadlıqRadiosunun müxbiri Kris Riklton yazır ki, indi Zelenski Avropanın mənəvi dəstəyi sarıdan daha çox arxayın ola bilər.
Həm Starmer, həm də Fransa prezidenti E.Makron Vaşinqtona daha öncəki səfərləri zamanı Trampı Ukraynanı tərk etməməyə, Rusiya ilə bağlı daha sərt mövqe tutmağa çağırıb.
Zelenski, Tramp və ABŞ vitse-prezidenti Ceyms Devid Venslə misilsiz mübahisədən sonra Vaşinqtona səfərini yarımçıq kəsəndən sonra ona Avropadan xeyli sayda həmrəylik mesajları gəlib.
Avropa maddi dəstəyini də davam etdirəcək. Starmer və Zelenski Ukraynaya 2.84 milyard dollarlıq kreditlə bağlı razılığa gəliblər, Zelenski deyib ki, bu məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə ödənəcək.
Birləşmiş Ştatlar maliyyə dəstəyini dayandırarsa, Avropanın yardımı bunu kompensasiya edə bilərmi? Axı, Vaşinqton Ukraynaya ən çox hərbi yardım ayıran ölkədir.
Tramp Oval kabinetdə Zelenskiyə deyib ki, "ya sazişə razılaşacaqsan, ya da biz yoxuq".
Martın 2-də Tramp Rusiya prezidenti Vladimir Putinlə çox yaxınlaşması barədə iradları cavablandırıb. O, özünün sosial media platformasında yazıb ki, amerikalılar "Putin sarından çox narahat olmamalı", daha çox "miqrantların zorlama bandaları, narkobaronlar, qatillər, ruhi dispanserlərdən ölkəmizə gələn adamlarla bağlı əndişələnməlidirlər – Avropaya bənzəməməyimiz üçün!".
Zelenski isə Rusiya prezidenti Vladimir Putini "killer" adlandırıb, ABŞ təhlükəsizlik qarantiyaları verməsə, atəşkəsi saxlamağın çətin olacağını deyib. Vaşinqton isə, hələlik, bu qarantiyaları vermir.
Kiyevlə Vaşinqton Ukraynanın vacib torpaq elementləri ilə bağlı sazişi imzalamayıblar. Ukrayna prezidenti isə deyib ki, ikitərəfli əlaqələrin xilas ediləcəyinə inanır.
NATO-nun baş katibi Rütte də Zelenskiyə Trampla münasibətləri bərpa etməli olduğunu deyib.
Zelenski bu məsləhətə qulaq asana oxşayır. O, gecə müraciətində söyləyib ki, "əlbəttə, biz Amerikanın əhəmiyyətini anlayırıq, Birləşmiş Ştatlardan aldığımız dəstəyə görə minnətdarıq".
"Bircə günümüz də minnətdarlıqsız keçməyib... Sülh naminə diplomatiya olacaq. Birlikdə dayanan hamımızın xatirinə – Ukraynanın, bütün Avropanın və ən vacibi Amerikanın".
İtaliyanın Trampla yaxşı əlaqələri olan baş naziri Ciorcia Meloni deyib ki, ölkəsinin London sammiti öncəsi Kiyevlə Vaşinqton arasında əlaqələrə körpü salacağına ümid edir. Onun sözlərinə görə, Qərb koalisiyasında parçalanmadan yayınmaq üçün bu "çox, çox vacibdir".
Avropa Ukraynadan savayı, bütünlükdə öz müdafiəsinin gələcəyi sarıdan narahatdır. Tramp dəfələrlə NATO alyansının ABŞ-yə baha başa gəldiyini vurğulayıb, üzv ölkələrdən büdcələrindən hərbi xərclərə daha çox pay ayırmağı tələb edib.
Bəs Avropa ölkələri öz müdafiəsini gücləndirmək üçün neyləyə bilərlər?
Londonda yaşayan Rusiya üzrə ekspert Edvard Lukas AzadlıqRadiosuna "yenidən silahlanma bankı" planlarından danışıb. Onun sözlərinə görə, belə bir bankı bəzi siyasətçilər, o cümlədən Britaniyanın maliyyə naziri Reyçel Rivz dəstəkləyirlər.
Lukasın sözlərinə görə, bu bank Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) modeli əsasında qurula bilər. Üzv ölkələrin maliyyələşdirdiyi AYİB 1990-cı illərdə Mərkəzi və Şərqi Avropada infrastrukturun qurulmasına və bazar kapitalizmininə keçidə dəstək üçün yaradılıb.
"Biz Donald Trampa göstərməliyik ki, Avropa ciddidir və bu, alyans həmrəyliyi üçün vacibdir. Putinə göstərməliyik ki, biz ciddiyik və bu, onun qarşısını almaq üçün vacibdir. Ukraynalılara göstərməliyik ki, onların əhval-ruhiyyəsinin yüksək olmasından ötrü onlara dəstək verməyə ciddi yanaşırıq", – Lukas vurğulayıb.