28 yanvar 2025-ci il tarixdə “AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb” başlıqlı yazı dərc etmişdik. Yazıda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsində yaşayan bir qrup sakinin parkinq problemindən söhbət açılmışdı. Qeyd edilmişdi ki, sakini olduqları binanın idarəçiləri həyətə girişi qadağan ediblər. Binanın yeraltı qarajında yer almağa da hər sakinin imkanı yoxdur. Ona görə də sakinlər indiyədək avtomobillərini binanın qarşısından keçən Ülvi Rəcəbov küçəsində saxlayırdılar. Amma bu günlərdə həmin küçəyə də “dayanma-durma qadağandır” işarəsi quraşdırılıb. Ona görə də avtomobil sahibləri nə edəcəklərini bilmirlər.
Məsələ ilə bağlı Bizim.Media müvafiq orqanlara sorğu göndərmişdi. Və sorğularımıza cavab olaraq bildirilmişdi ki, problem qısa zamanda öz həllini tapacaq. Lakin, ötən bir ay müddətində sakinlərin haqlı tələbləri icra olunmayıb. İcra olnmamasının səbəbi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
Həmin məlumata keçməmişdən əvvəl qeyd edək ki, sakinlər məsələ ilə bağlı həmçinin Fövqəladə Hallar Nazirliyinə də müraciət ediblər. Nazirlikdən göndərilən cavab məktubunda sakinlərin haqlı olduğu qeyd edilib.
Nazirlik “XXI əsr” MTK-dan tələb edib ki, problem ən qısa zamanda həll edilsin. Lakin, “XXI əsr” MTK FHN-nin tələbinə bu günə məhəl qoymayıb.
İndi isə gələk əsas məsələyə. Etibarlı mənbələrdən Bizim.Media-ya daxil olan məlumata görə sakinləri narazı salan bina Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, “Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərliyə (Vəliyev) məxsusdur. Və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, general Mehmandarov küçəsi 12 ünvanında yerləşən “XXI ƏSR” MTK-ya məxsus yaşayış binasının ətrafında yaranan narazılığın əsas səbəbkarı da odur. Beləki, binanın altındakı qaraj sakinlər üçün nəzərdə tutulsa da onların əksəriyyəti qaraja yaxın belə düşə bilmirlər.
Bu qarajda “Efendiler Group” və “XXI ƏSR” MTK-ya məxsus çoxsaylı bahalı avtomobillər saxlanılır. Onlara məxsus olan və nömrəsinin sonu 078 və 222 ilə bitən lüks avtomobillər qarajda xüsusi həssaslıqla qorunur.
İddiaya görə, Ənvər Ənvərlinin qaraja rahat giriş-çıxışı üçün qarajın girişinə şlaqbaum quraşdırılıb. Şikayətçilər onuda bildirdilər ki, yuxarıda adıçəkilən şirkət rəhbərləri avtomobillə rahat hərəkəti üçün yaşayış binasının qarajının çıxış hissəsi olan ara küçəyə “dayanma-durma qadağandır” nişanı qoydurub. Hətta, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əməkdaşlarına göstəriş verdirib. Ona görə də xırda bir məsələnin həlli acı bağırsaq kimi uzanır.