Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də bu silahlı qruplaşmanı tərksilah olmağa və özünü buraxmağa çağırıb.
Kürdpərəst Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) mətbuat konfransında Öcalanın bu barədə bəyanatını səsləndirib.
Öcalan Türkiyə hökumətini demokratikləşməni gücləndirməyə, ölkədə inan haqlarını təmin etməyə çağırıb.
Ədliyyə Nazirliyi partiya təmsilçilərinin Öcalanı həbsdə ziyarət etməsinə icazə verib. Bu, dekabrdan bəri üçüncü ziyarət idi.
DEM Öcalanın mesajının video formatda çatdırılmasına ümid edirdi, ancaq hökumət və hakim partiya buna qarşı çıxıb.
Türkiyə, ABŞ, Avropa İttifaqı, bir sıra ölkələr PKK-nı terror təşkilatı kimi tanıyır.
"Reuters" yazır ki, PKK döyüşçüləri Öcalanın çağırışına əməl edərsə, Türkiyənin cənub-şərqində 40 ildir gedən münaqişənin bitməsinə yol aça bilər, eləcə də daha geniş regiona, qonşu Suriya və İraqa ciddi təsirləri ola bilər.
Öcalan PKK-nı 1978-ci ildə təsis edib. Qruplaşma 1984-cü ildə müstəqil kürd dövləti yaratmaq məqsədilə Türkiyəyə qarşı qiyama başlayıb. Daha sonra kürdlərin hüquqları, Türkiyənin cənub-şərqində məhdud muxtariyyət uğrunda savaşıb.
Münaqişədə, əsasən, silahlılar olmaqla azı 40 min adam öldürülüb. Qruplaşma Ankara və İstanbulda da teraktlar gerçəkləşdirib.
Öcalan 1999-cu ildə vətənə xəyanətdə təqsirləndirilib və ölüm cəzasına məhkum edilib, 2002-ci ildə cəza ömürlük həbslə əvəzlənib. O, İstanbul yaxınlığındakı İmralı adasında saxlanır.
Ötən ilin oktyabrında prezident Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı təklif edib ki, Öcalan qruplaşmanın fəaliyyətini dayandırmasını elan edərsə, azad olunsun. Hakim AKP də təklifi dəstəkləyib.
Müxalifətdə olan kürdpərəst DEM Partiyası Öcalanla həbsxanada danışıqlar aparırdı.
Son illər münaqişə İraqın şimalına keçib, burada PKK-nın bazaları, Türkiyənin isə onlarla postu var. Ankara silahlılara qarşı dəfələrlə əməliyyat keçirib, onlara hərbi təyyarələr və döyüş dronları ilə zərbələr endirib. Bağdad bu əməliyyatların onun suverenliyini pozduğunu bildirib. Amma İraqla Türkiyə PKK-ya qarşı əməkdaşlığı gücləndirib, Bağdad da bu qruplaşmanı qadağan edib.
Türkiyə Suriyadakı YPG-ni (Xalq Özünümüdafiə Dəstələri) PKK-nın bir qanadı sayaraq hədəfə alır, müttəfiq Suriya qüvvələri ilə birlikdə əməliyyatlar keçirib.
ABŞ koalisiyasının "İslam Dövləti" qruplaşmasına qarşı əsas müttəfiqi olan Suriya Demokratik Qüvvələrinin (SDF) əsasını YPG təşkil edir. Vaşinqtonun SDF-yə dəstəyi illərlə ABŞ-Türkiyə münasibətlərində gərginliyə səbəb olub.
Ağ ev Öcalanın PKK-ya silahı yerı qoymaq çağırışını alqışlayıb.
Dekabrda Suriya prezidenti Bəşər əl-Əsədin devrilməsi Türkiyənin bu ölkədə mövqeyini və təsirini gücləndirib. Ankara YPG-nin buraxılmasına, liderlərinin Suriyadan qovulmasına çağırıb, tələbləri yerinə yetirilməsə, qruplaşmanı məhv etməklə hədələyib.
Türkiyə, ABŞ, Suriya və kürd rəsmiləri Suriyada kürd döyüşçülərin gələcəyi ilə bağlı razılığa gəlməyə çalışırlar.