Medianın İnkişafı Agentliyi daha bir saytın bloklanmasını istəyir

Bu gün, 09:19   



Baş redaktor bu addımı saytın fəlaliyyəti ilə əlaqələndirir, sifariş sayır

Medianın İnkişafı Agentliyi (MEDİA) daha bir saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib.

Agentlik “Anaxeber.info” saytının fəaliyyətinin dayandırılması ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib.

Bu barədə Meydan TV-yə saytın baş redaktoru Azər Talıbov məlumat verib.

O bildirib ki, bu gün – yanvarın 28-də Gəncə Apelyasiya Məhkəməsindən ona zəng edib məlumat veriblər, daha sonra isə bildiriş göndərilib.

Bildirişdə qeyd olunur ki, məhkəmə baxışı fevralın 2-də, saat 16:30-da hakim Rəşad Məmmədovun sədrliyi ilə keçiriləcək və Azər Talıbov cavabdeh qismində prosesə dəvət olunub.

Azər Talıbovun dediyinə görə, “Anaxeber.info” saytı Bakıda fəaliyyət göstərir, özü də uzun illərdir ki, Bakıda yaşayır. Bərdə qeydiyyatında olduğu üçün Media Agentliyi ondan Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib.

Jurnalist saytın bloklanması ilə bağlı tələbi tənqidi məqalələri ilə əlaqələndirir.

Dediyinə görə, saytda korrupsiya, məmur özbaşınalığı və digər sosial problemlər işıqlandırılır.

Media Agentliyi və digər qurumlar dəfələrlə ona materiallarının silinməsi ilə bağlı müraciət etsələr də, rədd edib. Ona görə də onu bu şəkildə cəzalandırırlar.

O, həmçinin Media Reyestrindən də keçmədiyini bildirib.

Bundan əvvəl də Medianın İnkişafı Agentliyi bəzi saytların bloklanması ilə bağlı məhkəməyə müraciət etmişdi.

2023-cü il noyabrın 14-də “dia.az” saytı, daha sonra isə “teref.info” və digər bir neçə sayt Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə bloklanmışdı.

Media eksperləri bu qərarları Azərbaycan Konstitusiyasına zidd saysalar da, MEDİA-nın kommunikasiyalar şöbəsinin müdiri Səidə Səfiyeva bildirmişdi ki, Agentlik media subyektlərinə qarşı bu strukturun nizamnaməsində nəzərdə tutulmuş tədbirlər görür.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə 2023-cü ilin fevralın 6-da demişdi ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.

Medanın İnkişafı Agentliyindən xəbərə münasibət öyrənmək mümkün olmayıb.

2022-ci il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş “Media haqqında” Qanunun tətbiqi haqqında fərman imzalayıb.

2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub.

Müstəqil jurnalistlər hesab edirlər ki, “Media haqqında” Qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Bundan başqa, “Media haqqında” Qanuna Venesiya Komissiyası mənfi rəy verib.

Komissiyanın rəyində qeyd olunub ki, qanun mürtəcedir və Avropa Şurasının üzvü olan bir ölkədə belə bir qanun qəbul oluna bilməz.

Qanunun Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyasına zidd olunduğunu əsas gətirən jurnalistlər və media rəhbərləri – Şəmşad Ağa, Ülvi Həsənli və Vüqar Qurdqanlı 2023-cü ildə Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Onların müraciətində qeyd olunub ki, Konstitusiya Məhkəməsi qanunun Konstitusiya və Konvensiyaya uyğunluğunu mübahisələndirməlidir. Lakin üstündən bir neçə ay vaxt keçsə də, Konstitusiya Məhkəməsi hələ də işə baxmayıb.

Beynəlxalq təşkilatlar, Avropa Şurasının həmməruzəçiləri və Avropa Şurası Nazirlər Komitəsi də qanunun mürtəce olduğunu əsas gətirərək dəyişdirilməsini tələb ediblər.

Azər Talıbova məxsus “Anaxeber.az” ilk dəfə 2018-ci ildə bloklanıb.

Avqustun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə saytın fəaliyyəti məhdudlaşdırılıb.

Baş redaktor bu qərardan şikayət verib və iş Avropa Məhkəməsinə qədər gedib.

Eyni ildə “Az24saat.org” və “Xural.com” saytları da bloklanıb.

Daha sonra sayt “Anaxeber.info” domeni ilə fəaliyyət göstərib.

2024-cü il iyunun 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bloklanmış 4 medianın iddia etdikləri pozuntuları tanıyıb.

Avropa Məhkəməsi bu işdə mediaların bloklanmasının onların ifadə azadlığı hüququnu pozduğu qənaətinə gəlib.

Məhkəmənin qərarına əsasən, hökumət 4 ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir.

Amma jurnalist deyir ki, indiyə qədər kompensasiya ödənilmir.

Azərbaycanda saytların bloklanması prosesi 2017-ci ildə başlayıb.

2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla “Azadlıq” radiosunun “azadliq.org”, “Azadlıq” qəzetinin “azadliq.info”, MeydanTV-nin “meydan.tv”, ölkə xaricindən yayımlanan Turan TV-nin “turan.tv” və “Azərbaycan saatı” televiziya proqramının “azerbaycansaati.org” saytları bloklanıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar