Azərbaycan hökumətindən xalqa bayram "hədiyyəsi": son artıma bir "quş"...

2-01-2025, 15:59   







Azərbaycan hökuməti il başlar-başlamaz "müjdə" verdi. Anaxeber.info yazır ki, qeyri-iş günündə, heç bir dövlət qurumu fəaliyyət göstərmədiyi, bayram, tətili olan bir zamanda İqtisadiyyat Nazirliyinin Tarif Şurası gizli şəkildə toplaşıb kommunal xidmətlərin qiymətini qaldırdı. 31 dekabr axşamı süfrə açan hər kəs 2025-ci ildən xoş xəbərlər almağı bir-birinə arzulayırdı. Lakin ilk şad xəbər hökumətdən gəldi və qaz, işıq, istilik bahalaşdı. Bu sıraya diqqətdən yayınan dərman vasitələrini də əlavə etmək lazımdır. Beləliklə, minimum əmək haqqının və pensiyanın artırılması haqda qərar hələ icra olunmamış əhalinin qaz, işıq xərcləri artdı. Bu bahalaşma heç bir səbəblə izah oluna bilməz. Ehtiyac meyarının 285 manat, minimum əmək haqqının 400 manat müəyyən edildiyi ölkədə qəflətən qaz və işığın qiymətini qaldırmaq əhaliyə açıq şəkildə nümayişidir: sizə verdiyimizi geri alacağıq! Yəni bu artım deyil, kasıbın papağını başından götürüb, sonra başına qoyub sevindirmək tamaşasıdır. 
Azərbaycan Türkiyəyə, Balkan ölkələrinə, Avropa İttifaqına üzv dövlətlərə qaz satır. Türkiyənin qaz tələbatının 25 faizini Azərbaycan ödəyir. Bu ildən Avropaya qaz nəqli də artırılıb. Qazdan əldə edilən gəlirlər yetərlidir ki, ölkə daxilində artıma gedilməsin. Neft və digər gəlirləri bura aid etməyə zərurət yoxdur. 
Azərbaycan Gürcüstana, Türkiyəyə və bir sıra ölkələrə işıq, enerji məhsulları ixrac edir. Bu gəlirlər də ölkədə işığın qiymətini qaldırmağı lüzumsuz edir. Lakin qaz və işıq satan ölkənin hökuməti  xalqına bu sərvətləri baha satır, hər il də qiymətləri qaldırır. Nəzərə almaq lazımdır ki, əhalinin gəlirləri artmır, xərcləri çoxalır, işsizlərin də sayı artır, bazarlarda qiymətlər qalxır, ərzaq və qeyri-ərzaq məhsulları bahalaşır. Hazırda orta aylıq əmək haqqı ilə dolanışıq çətinləşib. 
Bundan əlavə, müavinətləri və maaş-pensiya artımı ilə bağlı ödəmələr fevral ayında olacaq, kommunal xidmətlərin bahalaşması haqda qərar isə indidən qüvvədədir. Yəni bu ay qaz və işıq pulu borcunu gələn ayın artımı ilə yenidən hökumətə qaytarmaq lazım gələcək. Bu da əl-ələ, baş-başa qurtarmaqdır. Burda hər hansı artım olmadı.  Sadəcə, xalqı ələ salmağın bir formasıdır. Ümumiyyətlə, maraqlıdır, Tarif Şurası bayram günü niyə işləyir? 
İşin sosial tərəfi ilə yanaşı siyasi aspekti var. Hakimiyyət bu bərbad "sosial siyasət"lə xalqdan dəstək qazana bilməz. Qarabağın azad olunmasından sonra gözlənti ondan ibarət idi ki, əhalinin sosial rifahı yaxşılaşacaq. Ancaq bunun tərsi baş verməkdədir və ilbəil hökumətin reytinqi aşağı düşür. Yəni 2020-ci illə müqayisədə 5 il sonra artıq həmin nüfuz, reytinq qalmayıb. Bu da iqtidar texnoloqlarını düşündürməli faktdır. Hökumət yeni bir manevrlə prosesi öz xeyrinə dəyişə bilər. 
Sonda qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarına əsasən kommunal xidmətlərin yeni tarifləri belə müəyyən olunub:

1. Su təchizatı və tullantı suları:

Bakı, Sumqayıt, Xırdalan və Abşeron üçün su təchizatına qoşulma: 200 manat.
Digər bölgələrdə: 170 manat.
Tullantı su axıdılması: müvafiq olaraq 345 manat və 290 manat.
2. İstilik təchizatı:

Sayğac quraşdırılmayıbsa: hər m² üçün 30 qəpik.
Sayğaclı binalarda: 1 Qkal üçün 14,6 manat.
3. Təbii qaz tarifləri:

İlk 1200 m³: 12 qəpikdən 12,5 qəpiyə.
1200-2500 m³: 20 qəpikdən 22 qəpiyə.
2500 m³-dən çox: 25 qəpikdən 30 qəpiyə.
4. Elektrik enerjisi tarifləri:

İlk 200 kVt/saat: 8 qəpikdən 8,4 qəpiyə.
200-300 kVt/saat: 9 qəpikdən 10 qəpiyə.
300 kVt/saatdan çox: 13 qəpikdən 15 qəpiyə.



Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar