"Ankara Rusiya və İranı Əsədi dəstəkləməməyə inandırdı. Rejim dəstəklənsəydi, çox qanlı vəziyyət ola bilərdi. Ruslar və iranlılar bunu davam etdirməyin mənasız olduğunu anladılar”
"AzPoitika.info" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Türkiyə mətbuatına müsahibəsində açıqlayıb.
Beləliklə, Fidan Suriyada Əsədin və dəstəkçilərinin niyə ciddi müqavimət göstərmədiyinə aydınlıq gətirib.
O, Suriyada Əsəd rejiminin zəif olduğu son iki-üç ildə Ankaranın əsas məqsədinin Rusiyanın və İranın münaqişəyə müdaxiləsinin qarşısını almaq olduğunu bildirib.
Hakan Fidanın sözlərinə görə, o dövrdə Əsəd rejimi müxalif qüvvələr qarşısında ciddi itkilər verir və hakimiyyətini qorumaqda çətinlik çəkirdi. Ankara isə Rusiyanın və İranın rejimə dəstək verməməsi üçün ciddi diplomatik səylər göstərib. Fidan qeyd edib ki, bu dövrdə o, Qətərdə olarkən komandası Rusiya və İran nümayəndələri ilə görüşlər təşkil edib.
Fidan bildirib ki, həmin dövrdə müxalif qüvvələr Suriyada ciddi uğurlar əldə edirdi və Əsəd rejiminin xarici müdaxilə ilə dəstəklənməsi böyük qanlı nəticələrə səbəb ola bilərdi.
Onun sözlərinə görə, Ankara Rusiyanı və İranı rejimi dəstəkləməyin mənasız olduğuna inandıra bilib: “Əgər rejim dəstəklənsəydi, nəticələr çox qanlı ola bilərdi. Ruslar və iranlılar bu məsələnin davam etdirilməsinin mənasız olduğunu başa düşdülər. Bir an gəldi ki, onlar Əsədə telefon zəngi etdilər və o, həmin axşam geri çəkildi”.