Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

'Formula-1'də 400 minlik yeyinti işi: 10 il həbs istəndi, keçmiş nazir oğlu...

Dünən, 20:39   



"Formula-1" yarışlarının təşkili zamanı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatdan çox mənimsəmədə suçlanan keçmiş şöbə müdiri Çingiz Mehdiyevə prokuror 10 il həbs cəzası istəyib. Dövlət ittihamçısı martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edib.

Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və başqa maddələriylə ittiham verilib. O, "Formula-1" yarışlarının təşkilinə ayrılmış büdcə vəsaitlərinin bir bölümünü 2016-2018-ci illərdə Seyşer adalarında anasının adına qeydiyyatdan keçmiş "Dayton Investment LTD" şirkətinin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürməklə mənimsəməkdə suçlanır. İddia olunur ki, həmin pullara Amerikada sonradan qardaşının adına keçirilən daşınmaz əmlaklar alıb.

Prokuror Orxan Səmədov çıxışında deyib ki, bu ittiham məhkəmədə təsdiqini tapıb.

Ç.Mehdiyev və vəkilləri bununla razılaşmayaraq hətta məhkəmə istintaqının tamamlanmasına da etiraz ediblər. Prokurorun çıxışından öncə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimzadənin məhkəmədə dindirilməsiylə bağlı vəsatət veriblər. A.Rəhimzadə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olub.

Arif Rəhimzadə
Arif Rəhimzadə

İş yarımçıq aparılıb?

Vəkil bir müddət öncə də A.Rəhimzadənin məhkəməyə çağrılıb dindirilməsini istədiklərini yada salıb. O zaman məhkəmə vəsatəti baxılmamış saxlayaraq bu məsələ barədə yekun qərar qəbul etməmişdi: "Demişdiniz ki, əsas şahidlər dindiriləndən sonra bu vəsatətimizə baxıb qərar verəcəksiniz. Bu barədə qərar vermədən məhkəmə istintaqını tamamladınız. Xahiş edirik, istintaqı təzələyib, çağırıb dindirəsiniz. Bizim başqa vəsatətlərimiz də var. Bu iş yarımçıq aparılıb".

Hakimlər müdafiə tərəfinin dediklərini nəzərə almayıblar. Beləcə, məhkəmə istintaqının tamamlanması haqda qərar dəyişməyib. Çıxışlar mərhələsi başlayıb və prokuror öz çıxışında Ç.Mehdiyevə 10 il həbs cəzası istəyib.

Martın 13-də keçiriləcək növbəti məhkəmə iclasında Ç.Mehdiyevin vəkilləri müdafiə nitqiylə çıxış edəcəklər. Ardından onun özü son sözünü deyəcək və hökm oxunacaq.

Cinayət işinin materiallarında göstərilib ki, "Formula-1" yarışlarının keçirilməsindən ötrü gərəkən avadanlığın alınması üçün C.Mehdiyev anasının, sürücüsünün adına xaricdə açdığı şirkətlərlə müqavilə bağlayıb, onların hesabına pullar köçürüb və bu yollarla yeyintiyə yol verib. O isə deyir ki, bu yarışların keçirilməsi üçün lazım olan avadanlığı təmin edə biləcək şirkətlər yox idi. Bu üzdən özü xaricdəki tərəfdaşlarla danışıqlar aparıb. Ç.Mehdiyev iddia edir ki, atdığı hər bir addımdan, o cümlədən pulların onun yaxınlarının adına olan şirkətlərin hesabına köçürülməsi yoluyla ödənilməsindən nazir oğlu A.Rəhimzadənin xəbəri vardı. Onun sözlərinə görə, özbaşına heç bir iş görməyib.

Xatırlatma

A.Rəhimzadə bu cinayət işinin istintaqı vaxtı da şahid kimi dindirilib. Ancaq iş məhkəməyə göndəriləndə ittiham tərəfi məhkəmədə dindirilməsini istədiyi şahidlərin siyahısına onun adını salmayıb.

Ç.Mehdiyev özünü təqsirli bilmir və deyir ki, "Formula-1" yarışlarının təşkili prosesinə 2015-ci ildən qatılmağa başlayıb, anası Leyla Əliyeva isə şirkəti bundan üç il öncə - 2012-ci ildə yaratmışdı və 4 milyon manatdan çox dövriyyəsi vardı.

A.Rəhimzadə 2022-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Onun yerinə Milli Gimnastika Arenasının icraçı direktoru Maqsud Fərzullayev təyin olunub.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar