Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Analitiklər Rusiyaya sərfəli şərtlərlə danışıqlara getməyi 'zəif' strategiya sayırlar

Bu gün, 13:53   



ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə bir saatdan artıq davam edən telefon danışığından sonra bildirib ki, Putin müharibəni sonlandırmaq istəyir.

ABŞ prezidenti bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"O, (Vladimir Putin) bunu sonlandırmaq istəyir. O bunu bitirib, altı ay sonra yenidən müharibəyə başlamaq istəmir. Düşünürəm ki, biz sülh əldə etmək yolundayıq. Mən hesab edirəm ki, prezident Putin də, prezident Zelenski də sülh istəyir. Mən də sülh və insanların öldürülməsinin dayandığını görmək istəyirəm. Məncə onlar sülh əldə etməlidirlər. Onların vətəndaşları ölür", - "Reuters" prezident Trampdan sitat gətirib.

D.Tramp rusiyalı həmkarı ilə görüşü gözlədiyini, bunun böyük ehtimalla Səudiyyə Ərəbistanında baş tutacağını bildirib. O, bu görüşün 'çox uzaq olmayan gələcəkdə' keçiriləcəyini əlavə edib. ABŞ dövlət başçısı qeyd edib ki, Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman da bu görüşdə iştirak edəcək.

Tramp həmçinin Zelenski ilə ikitərəfli görüşlərin də planlaşdırılacağını bildirib.

Bu şərhlər prezident Trampın müharibəni sürətlə sona çatdırmaqla bağlı vədini necə yerinə yetirmək niyyətində olduğunun aydın göstəricilərindən bəziləridir. Lakin bəzi analitiklər Rusiyaya sərfəli şərtlər verməklə danışıqlara zəmin yaratmağın zəif strategiya olduğunu bildirir.



"Putin bunu çox istərdi"

Tafts Universitetinin siyasi elmlər professoru Oksana Şevel AzadlıqRadiosuna deyib ki, Ukrayna müharibəni sona çatdırmaq üçün aparılacaq danışıqlarda NATO-ya üzv olma ümidlərinin masada olmayacağını artıq qəbul edib.

Lakin professor Şevel xəbərdarlıq edib ki, əgər Putin Trampı NATO-nun Ukraynanın hərbi alyansa üzvlüyü ilə bağlı deklarasiyasını geri çəkməyə məcbur edərsə, bu, ciddi problem olacaq. Bu deklarasiya 2024-cü ilin iyulunda NATO-nun Vaşinqton sammitində qəbul edilib. NATO ölkələri Ukraynanın gələcək üzvlüyünə doğru "dönməz" yolda Kiyevə dəstək verəcəklərini vəd ediblər.

"Putin bunu çox istərdi", - Şevel bildirib və əlavə edib ki, bunun NATO-nun Avropadakı üzvləri tərəfindən yaxşı qarşılanacağını təsəvvür etmir.

Şevel həmçinin qeyd edib ki, danışıqlar başlamazdan əvvəl güzəştlər etmək "pis" danışıq strategiyasıdır. Ancaq professor onu da əlavə edib ki, indiyə qədər verilən bəyanatlara əsasən tam olaraq nəyin təhlükədə olacağına dair dəqiq bir şey demək çətindir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar