Polşanın baş naziri Donald Tusk Rusiyanı təyyarələrə qarşı böyük bir terror kampaniyası planlaşdırmaqda ittiham edib.
"Politico" xəbər verir ki, bu barədə Polşa hökumət başçısı Varşavada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra mətbuat konfransında bildirib.
Baş nazir Moskvanı Polşa ərazisində və onun hüdudlarından kənarda sabotaj və təxribat törətməkdə suçlayıb.
"Mən yalnız onu deyə bilərəm ki, Rusiya hava terroru aktları planlaşdırmışdı və bu təkcə Polşaya qarşı deyil, dünyadakı bütün hava yollarına qarşı yönəlmişdi. Təfərrüatlara varmayacağam, lakin bu qorxuların əsaslı olduğunu təsdiqləyə bilərəm", - deyə Tusk bildirib.
"Bu sabotaj hərəkətləri, Rusiyanın yalnız Ukraynaya deyil, bütün dünyaya elan etdiyi müharibənin müxtəlif formalarıdır. Onlar birgə hərəkət etməyi tələb edir və Polşa bu cür təhdidlərlə mübarizədə açar rol oynayır," – Tusk söyləyib.
D.Tusk konkret hansı terror aktlarını nəzərdə tutduğunu deməyib, informasiyanın ayrıntılarını da açıqlamayıb.
Moskva hələlik, Tuskun bəyanatını açıq şərh etməyib. Ancaq indiyədək Rusiya, ona bağlı olduğu iddia edilən əməliyyatçıların ittiham olunduğu hücumlarla əlaqəsini danıb.
Qeyd edək ki, Moskva daha əvvəl də bir neçə ölkə tərəfindən Avropa nəqliyyat infrastrukturunu sabotaj etməkdə və GPS siqnallarını müdaxilədə ittiham olunub. Bu, Rusiya lideri Vladimir Putinin Avropaya qarşı apardığı hibrid müharibə kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.
2024-cü ilin aprelində Çexiyanın nəqliyyat naziri Martin Kupka Rusiyanın Ukraynada başlatdığı tammiqyaslı müharibənin ilk günlərindən bəri Avropa dəmir yollarına qarşı "minlərlə hücum" həyata keçirildiyini deyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu ittihamı "əsassız" adlandırıb.
Sonuncu dəfə Rusiya 2024-cü ilin dekabrın 25-də Kazaxıstanın Aktau şəhəri yaxınlığında düşən Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasında ittiham olunub. Bakıdan Qroznıya uçan "Embraer 190" sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da, sonradan təyyarə Qazaxıstanın Aktau hava limanına yönləndirilib və orada qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38 ölüb, 29-u yaralanıb.
Azərbaycan prezidenti yerli mediaya müsahibəsində deyib ki, AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsi "Rusiya tərəfindən vurulub". Azərbaycan Prezidenti təyyarənin təsadüfən vurulduğunu hesab etdiyini deyib.
Putin Azərbaycan təyyarəsinin qəzası ilə bağlı üzr istəsə də, məsuliyyəti üzərinə götürməyib.