PUTİN UKRAYNA ÜÇÜN NƏLƏRDƏN İMTİNA EDİR? – Kreml sahibi Trampla ilk görüşdə İranı da sata bilər...

Bu gün, 11:05   



Rusiya-Ukrayna müharibəsinin 2025-ci ildə hansı məcraya girəcəyini müəyyənləşdirən əhəmiyyətli amillərdən biri, şübhəsiz ki, Donald Trampın prezidentlik səlahiyyətlərini icra etməyə başlamasıdır. Ümumilikdə isə önümüzdəki ilin dönüş ili olacağı gözlənilir.


Rusiya üç il ərzində apardığı müharibədə əsaslı nəticə əldə edə bilməyib. Sadəcə, torpaq zəbt edilməsi qələbə sayıla bilməz. Tutulan ərazilərin böyük itkilər hesabına başa gəldiyini də unutmayaq.

Vladimir Putin Rusiya iqtisadiyyatını hərbi relslər üzərinə keçirib. Bu, işsizliyi azaltsa da, iqtisadiyyatın digər sektorlarını ciddi problemlərlə üzləşdirib. Ukraynanın çətinliyi isə silah və canlı qüvvə çatışmazlığı ilə bağlıdır.

Əgər cəbhə xəttində əhəmiyyətli dəyişikliklər baş verməzsə və döyüşlərin intensivliyi bu cür davam edərsə, bir ildən sonra Ukrayna ilə müqayisədə Rusiya daha uduşlu vəziyyətdə olacaq. Çünki bu, Kremlin “sürünərək ərazi tutmaq” və “düşməni taqətdən salmaq” taktikasına uyğundur.



Rusiya və Ukrayna prezidentlərinin son çıxışlarını diqqətlə izlədikdə onların oxşar tərəflərinə rast gəlmək olar. Zelenski və Putin Donald Trampın prezidentlik dövrünə hazırlaşırlar və düşünürlər ki, geostrateji cəhətdən ABŞ üçün daha sərfəli ola biləcəklərini sübut etməlidirlər. İstər Zelenski, istərsə də Putin güclü görünmək və öz mövqelərinin haqlılığını nümayiş etdirməkdən ötrü sonadək mübarizə aparacaqlarını bəyan edirlər. Onlar zənn edirlər ki, Trampla danışıqlar zamanı zəif mövqedən çıxış etmək elə ilk başdan uduzmaq deməkdir.


Tramp isə öz növbəsində sülhpərvər çağırışlar səsləndirir və xüsusi nümayəndəsinin köməyi ilə mövcud vəziyyəti araşdırır. O, Arizona ştatında keçirdiyi mətbuat konfransında bildirib ki, Putin onunla görüşmək istəyir.

Ümumiyyətlə, Trampın dediklərində yeni heç nə yoxdur. Lakin əgər o danışıqlar zamanı Putinə güzəştə gedərək Ukraynaya təzyiq göstərsə, ABŞ daxilində nüfuzdan düşəcək. Demokratlar bir daha deyəcəklər ki, Tramp lap əvvəldən Rusiyanın adamı olub. Tramp da bunu anladığından Moskvaya mümkün qədər yumşaq üz göstərməməyə çalışacaq.

Əgər ABŞ Trampın dövründə Ukraynaya yardımı azaltsa, Avropa ölkələrinin bu məsələdə Vaşinqton ilə eyni mövqedən çıxış etməməsi ehtimalı yüksəkdir. Tramp çalışır ki, geostrateji baxımdan ABŞ gələcəkdə elə bir üstün vəziyyətdə olsun ki, hamı onun hakimliyini sorğu-sualsız qəbul etsin.

Putin son böyük mətbuat konfransında söylədi ki, sülh istəyir, lakin təfərrüata girməkdən yayındı. O, “Oreşnik” raketinin analoqsuzluğundan dəm vurmaqla Trampı inandırmaq istəyir ki, Rusiya güclüdür və onunla sövdələşməyə getmək ABŞ üçün faydalı olar. Belə görünür ki, Putin nüvə dəyənəyi əvəzinə hələ sovet dövründə istehsal edilmiş “RC-26” Qitələrarası Ballistik Raket – “Oreşnik” dəyənəyini yelləyəcək. Hazırda Kreml rəhbəri Suriya uğursuzluğunu unutdurmağa cəhd edir və istəyir ki, Rusiyanı güclü dövlət kimi təqdim etsin.


Putin İranı güdaza verəcək?



Mətbuat konfransında Putinin Rusiya ordusunun güclənməsindən danışması isə beynəlxalq istehlak üçün nəzərdə tutulub. Putinin “Biz Suriyada məqsədimizə çatdıq, İslam xilafətinin yaradılmasına imkan vermədik” kimi mənasız sözləri Rusiyanın Yaxın Şərqdən qaçmasına bəraət qazandırmaqdır. Trampın İrana olan mənfi münasibətini bildiyi üçün Putinin Suriya ilə bağlı hadisələrdə İranı uca səslə qorxaqlıqda ittiham etməsi heç də təsadüfi deyil. Putin Suriya fiaskosunu İranın üzərinə yıxmaqla yanaşı, həm də Donald Trampa Rusiyanın İranla müttəfiqliyə son qoya biləcəyinin mesajını göndərir. Ola bilsin ki, Vladimir Putin Trampla görüşü zamanı İran məsələsini masanın üstünə qoysun və desin ki, baxın, bu ölkə ilə əlaqədar mən sizinlə birgə hərəkət etməyə razıyam, təki, Ukraynanı güzəştə gedin. Rusiya indiyədək İrandan öz məqsədləri naminə istifadə edib. Tehran isə Ukrayna ilə müharibəyə Rusiyadan nüvə texnologiyası almaq fürsəti kimi baxıb. Ancaq İran strateqləri bərk yanıldıqlarını görəcəklər...


Rusiya kimi Ukrayna da zəif görünmək niyyətində deyil. Son zamanlar Zelenskinin az qala hamını ittiham etməsi və istifadə etdiyi döyüşkən ritorika bununla əlaqədardır. Ukraynanın dronlarla Rusiyanın dərinliklərinə zərbələr endirməsi və ya “F-16” təyyarəsinin “Su-34” qırıcısını məhv etməsi kimi hallar güc nümayişidir. Ukrayna Trampa izah etməyə çalışacaq ki, Rusiya təsəvvür etdiyinizdən dəfələrlə zəifdir və əgər bizə lazımi səviyyədə hərbi dəstək göstərsəniz, onların sanksiyalardan yayınmasına göz yummasanız, Moskva daha tez ram edilər. Ukrayna analitikləri deyirlər ki, biz müharibənin ən dəhşətli zərbələri ilə qarşılaşmışıq və dözümlülük immunitetimiz var...

Rusiyanın müharibə ilə əlaqədar ən böyük narahatlığının döyüş meydanında baş verənlər olması barədə iddialar hadisələrə birtərəfli yanaşmadan irəli gəlir. Bu gün Rusiya hakimiyyətini vahiməyə salan başlıca məsələ ölkə iqtisadiyyatının ağır tənəzzülə qədəm qoyması perspektividir. Hamının diqqəti müharibəyə və ABŞ-nin yeni administrasiyasının müharibə ilə bağlı görəcəyi tədbirlərə yönəldiyi üçün Rusiyanın iqtisadi durumu sanki arxa plana keçib.


Putin ölkəsinin inflyasiya ilə üzləşdiyi bir dönəmdə əhalini inandırmağa çalışır ki, iqtisadiyyat ABŞ və Avropadakından daha yaxşıdır və bundan sonra sürətlı inkişaf gedəcək, məvaciblər yüksələcək və s. Rusiya Prezidentinin devizi belədir ki, geri çəkilmək olmaz, cəmiyyətə mütləq vəd verilməlidir.

Bəs Rusiya müharibənin ağırlığına nə qədər tab gətirə bilər?

Müharibənin uzanması Rusiya iqtisadiyyatına gözlənilməyən qəfil zərbələr vura bilər. Rusiya hokumətinin hərbi xərcləri durmadan artırması mülki sektorun inkişafına mənfi təsir göstərir. Daxildəki maliyyə problemlərinin qarşısını almaq üçün Mərkəzi Bank uçot faiz dərəcəsini 21 faizə kimi yüksəltməklə inflyasiyanı durdurmağa çalışır. İqtisadiyyatın hədsiz dərəcədə hərbləşməsi ilə sərbəst bazarın bir arada fəaliyyətini təmin etmək çox mürəkkəb işdir. Onlar elə bilirlər ki, kreditlərin bahalaşması pul kütləsini və inflyasiyanı azaldır. Ancaq indiki militarist iqtisadi şərtlər daxilində bu tədbirlər əksinə işləyir. Kredit alanlar daha çox pul götürməlidirlər ki, inflyasiyanın törətdiyi əlavə xərcləri qapatsınlar. Ona görə də faiz dərəcəsinin yüksəlməsi ilə bərabər inflyasiya da yüksələcək və ən nəhayətdə ölkədə məhsul qıtlığı yaranacaq.



Putinin yaxın dostu, “Rosneft”in rəhbəri İqor Seçin deyir ki, neftin qiyməti aşağıdır və biz əvvəlki kimi vergi ödəyə bilməyəcəyik. Maliyyə Nazirliyi məndən əl çəksin. Rusiya Maliyyə Nazirliyi isə təcili pul axtarır. Maliyyə Nazirliyi son iki həftə ərzində daxili bazardan, yəni Rusiya kommersiya banklarından 2 trilyon rubl borc alıb. Bunun üçün Rusiya Mərkəzi Bankıyla birlikdə hiyləgər fəndə əl atıblar. Rusiya Mərkəzi Bankı 2 trilyon rublu dövriyyəyə buraxıb və bu pulları komersiya banklarına borc verib, lakin bir şərtlə ki, onlar bu pulla Maliyyə Nazirliyinin səhmlərini alsınlar. İndi real olaraq Mərkəzi Bank Maliyyə Nazirliyinin kreditorudur. Rusiya qanunlarına görə Mərkəzi Bank hökuməti maliyyələşdirə bilməz və ona görə də bu cür yollara baş vururlar. Maliyyə ekspertlərinin fikrinə görə, əgər vəziyyət ağırlaşarsa, hökumət əhalinin banklardakı əmanətlərinə əl uzadacaq. Belə ki, Rusiya banklarında depozitdə təxminən 100 trilyon rublun olduğu bildirilir. Sözsüz ki, bunu “drakon üsulu” ilə yox, müxtəlif maliyyə manipulyasiyaları ilə həyata keçirə bilərlər.

Rusiyanı gözləyən ən qorxulu hadisə neftin qiymətinin daha da aşağı yuvarlanmasıdır. "Böyük Yeddilik" ölkələri Rusiya neftinə tətbiq edilən qiymət tavanını 60 dollardan 40 dollara endirməyi müzakirə edirlər. Bundan başqa, Rusiya neftini qaçaq yolla satan "kölgə donanması"na qarşı da sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

Rusiya öz tarixi boyu heç zaman Qərb dünyası ilə total müharibə aparmayıb. Birinci və İkinci Dünya müharibələrində Rusiyanın və SSRİ-nin güclü anqlo-sakson müttəfiqləri vardı. İndi baş verənlər isə yalnız bir nəticəyə gəlməyə əsas verir - Rusiyanın nəhəng Qərblə münaqişəsi ya düşünülmüş plandır, ya da avantüradır.

Vaqif Nəsibov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar