Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı razılığa gəlib

26-03-2025, 09:03   



Birləşmiş Ştatlar Rusiya və Ukrayna ilə Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək və enerji infrastrukturu obyektlərinə zərbələrin qadağan olunması mexanizmini hazırlamaq barədə razılığa gəlib. Bu barədə Ağ evin mətbuat xidmətinin məlumatında bildirilir.

Bildirilir ki, tərəflər Qara dənizdə kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadə etməmək barədə razılaşıblar.

Danışıqlar martın 23-25-də Ər-Riyadda ekspert qrupları səviyyəsində baş tutub.

+++

Moskva və Vaşinqton Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına ixracını bərpa etmək barədə razılığa gəliblər, - Kremlin mətbuat xidməti xəbər verir.

Vurğulanıb ki, Qara dənizdə atəşkəsin ilkin şərti kimi "Rosselxozbank" və ərzaq, gübrələrin beynəlxalq ticarətini təmin edən digər maliyyə təşkilatları üzərindən sanksiyalar götürülməli, onlar SWIFT-ə qoşulmalıdır.

19 mart

Tramp Ukrayna atom stansiyalarını Birləşmiş Ştatlara verməyi təklif edir

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında təxminən bir saat davam edən telefon danışığı olub.

Tramp söhbəti "çox yaxşı" adlandırıb. "Rusiya və Ukraynanın tələb və ehtiyaclarını uzlaşdırmaq üçün müzakirələrin böyük hissəsi prezident Putinlə dünənki söhbətə əsaslanıb. Biz doğru yoldayıq", - Tramp "Truth Social"da yazıb.



+++

V.Zelenski Trampla söhbəti "pozitiv, məzmunlu və səmimi" adlandırıb.

"Müharibənin tamamilə sona çatması üçün ilk addımlardan biri enerji və digər mülki infrastruktur obyektlərinə zərbələrin dayandırılması ola bilər. Mən bu addımı dəstəklədim", - Zelenski X hesabında yazıb.

"İnanırıq ki, Amerika ilə, prezident Tramp ilə və Amerikanın rəhbərliyi altında bu il davamlı sülh əldə edilə bilər", - o vurğulayıb.



+++

D.Tramp Ukraynaya atom elektrik stansiyalarının idarə olunmasında yardım təklif edib. "Birləşmiş Ştatların bu stansiyalara sahiblənməsi bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna dəstək olardı", - Ağ evin mətbuat katibi Kerolayn Levitt bildirib.

18 mart

Putin Ukraynanın enerji obyektlərinə zərbələri dayandırmağı əmr edib

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Əsas mövzu ikitərəfli münasibətlər və Ukraynadakı müharibənin həlli məsələləri idi.

Söhbət təxminən iki saat yarım davam edib.

+++

Kremlin məlumatına görə, Putin Rusiya və Ukraynanın 30 gün müddətinə enerji obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi ilə bağlı Trampın ideyasını dəstəkləyib və hərbçilərə belə bir əmr verib.

+++

Putin Trampa atəşkəs olacağı təqdirdə Ukraynada səfərbərliyi və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasını dayandırmağın zəruriliyini vurğulayıb.

+++

Ağ ev Putin-Tramp danışıqlarından sonra sülhə doğru ilk addımları sadalayıb.

"Liderlər razılaşıblar ki, sülhə doğru hərəkət energetika və infrastruktura zərbələrin dayandırılması, Qara dənizdə dəniz atəşkəsinin, tam atəşkəsin və daimi sülhün bərqərarı üzrə texniki danışıqlarla başlayacaq", - Ağ Evdən bildiriblər.

Bu danışıqların dərhal Yaxın Şərqdə başlanacağı vurğulanıb.



Tramp Putinlə söhbəti dəyərləndirib

Rusiya prezidenti Vladimir Putinlə söhbət "çox yaxşı və məhsuldar olub". ABŞ prezidenti Donald Tramp bu barədə "Truth Social" hesabında yazıb.

Söhbət zamanı "sülh müqaviləsinin bir çox elementləri müzakirə olunub" və Trampın sözlərinə görə, "bu proses indi tam qüvvədədir və, ümidvaram, biz insanlıq naminə bu işi görəcəyik!".

"Biz tam atəşkəs və son nəticədə Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq istiqamətində sürətlə çalışacağıq", - Tramp vurğulayıb.

13 mart

Putin Ukraynada atəşkəs təklifini şərh edib

Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatları dayandırmağa, o cümlədən bir aylıq atəşkəsə getməyə hazır olduğunu açıqlayıb. "Lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın ilkin səbəblərini aradan qaldırmalıdır", - o əlavə edib.

Putin deyib ki, atəşkəs bütün cəbhə xətti boyunca nəzarət məsələsinin həllini tələb edir.

"Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? Əmrləri kim verəcək və bu əmrlərin dəyəri nə olacaq?",- o sual edir. "İki min kilometr məsafədə kimin nəyi pozduğunu kim müəyyənləşdirəcək? Bütün bunlar hər iki tərəfdən diqqətlə araşdırma tələb edən məsələlərdir".

Putin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatan Ukrayna lideri Volodimir Zelenskinin qeyri-legitimliyindən dəfələrlə danışıb. Onun sözlərinə görə, danışıqlar "istənilən şəxslə" aparıla bilər, lakin yekun sənəd yalnız "legitim" hökumətlə imzalana bilər. Müharibə ötən il Ukraynada prezident seçkisinin keçirilməsini qeyri-mümkün edib. Ukrayna Konstitusiyası hərbi vəziyyət dövründə seçki keçirilməsini yasaqlayır.

Putinin sözlərinə görə, Rusiya münaqişəyə sülh yolu ilə son qoymaq ideyasını dəstəkləyir və o, ABŞ prezidenti Donald Trampla atəşkəsin müzakirəsini istisna etmir. Eyni zamanda, Moskva atəşkəs dövründə Ukraynanın səfərbərlik aparmayacağına, hərbçilərə təlim keçməyəcəyinə, müttəfiqlərindən silah almayacağına dair zəmanət tələb edir.

ABŞ və Ukrayna martın 12-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda dərhal 30 günlük atəşkəs təklifi barədə razılığa gəliblər. Vaşinqton açıq şəkildə bildirib ki, Moskvanın təklifdən imtina etməsi Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalara səbəb ola bilər.

Donald Tramp
Donald Tramp

'Ümidverici, amma natamam'

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin atəşkəslə bağlı dediklərinin "natamam" olduğunu bildirib. O, bunu NATO-nun baş katibi Mark Rütte ilə görüşündə deyib.

"Biz Rusiyanın atəşi kəsməsini görmək istərdik", - Amerika lideri bildirib. "İndi Rusiyanın atəşkəsdə iştirak edib-etməyəcəyini görəcəyik. Əgər belə olmasa, bu, dünya üçün çox məyusedici bir an olacaq".

Eyni zamanda Tramp Putinin bəyanatını "ümidverici" adlandırıb. O, həmkarı ilə atəşkəs təklifini müzakirə etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, onun xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyada ciddi danışıqlar aparır.

"Ümid edirəm ki, Rusiya düzgün addım atacaq", - o vurğulayıb.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar