Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Türk baharı" olacaqmı? - bəs İmamoğlu Azərbaycanı necə qoruyacaq...

21-03-2025, 10:30   







Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun diplomunun ləğvi, ardınca korrupsiya ittihamları irəli sürülməsi, ona və ailəsinə aid inşaat şirkətinin gəlirləri şübhəsiz ki, işin bir hissəsidir. CHP-nin prezidentliyə namizəd kimi hələ də potensial siması sayılan İmamoğlu ilə bağlı qəfildən bu prosesin başlanması sözsüz ki, onun qarşısında hasar çəkilməsidir. Türkiyə cəmiyyəti, eləcə də sosial medianın Azərbaycan seqmenti bu hadisədə ikiyə bölünüb. Bu hadisələrə geopolitik kontekstdə qiymət verənlər də var. Misal üçün Türkiyənin Suriyadakı gücü, PKK ilə əlaqədar addımlarına kontur həmlə olaraq ölkə daxilində qarışıqlıq yaradıldığı iddiaları səslənir. Lakin İmamoğlu saxlanmasaydı, bu proqnozların heç biri real görünməyəcəkdi. Azərbaycan rəsmi səviyyədə əlbəttə ki, bu daxili siyasi gərginliyə münasibət bildirməyəcək. Rəsmi Bakıda əminlik var ki, hadisələr səngiyəcək. Eyni zamanda, AKP iqtidarı, xüsusən prezident Ərdoğanla ən yüksək səviyyədə olan münasibətləri qətiyyən gözdən qaçırmaq olmaz. Türkiyənin və onun hazırkı hakimiyyətinin 
Qarabağın azad olunmasında verdiyi ən yüksək səviyyədə  siyasi-mənəvi dəstəyini, "Bayraktar"ları unutmaq mümkün deyil. Ərdoğan tarixi bir rol oynayıb. Sonrakı dövrdə də Türkiyənin Cənubi Qafqazdakı mühüm təsirləri bizi bir sıra risklərdən, Rusiya və İran kimi təhlükələrdən qorunmaqda böyük əhəmiyyət daşıyıb. Ona görə də son hadisələrə subyektiv baxmaq lazımdır. Yəni orada bəllidir ki, İmamoğlu siyasi rəqib görüldüyü üçün təzyiqlərlə üzləşir və məqsəd onu qarşıdakı seçki dönəminə qədər xeyli dərəcədə taqətdən salmaqdır. Lakin Azərbaycan üçün vacib olan nəticə bu olmalıdır və daha praqmatik yanaşmalıyıq - bizə hakimiyyətdə davamlı qalmağı bacaran, dünya siyasi səhnəsində kifayət qədər nüfuzu, gücü olan, sözünü keçirə bilən, iradəli Ərdoğan hakimiyyəti, yoxsa daha çox Qərb liberallarına bağlı, ermənilərə münasibəti sərt olmayan, Azərbaycanla daha məsafəli əlaqə saxlayacaq, loyal, Qafqazda o qədər də qətiyyətli mövqeyi ilə seçilməyəcək bir türk iqtidarı lazımdır? Əlbəttə, demokratiya hər şeydən alidir, üstündür, onun hələ ki alternativi yoxdur, heç bir geosiyasi proses və ya strateji məsələlər demokratiyadan mötəbər ola bilməz. Lakin tarixin elə mərhələləri var ki, orada demokratiyanın təntənəsi və iqtidarların dəyişməsi bəzən ağrılı olur, fəsadlar verir, ölkənin demokratik inkişafı dövlətin sabit və güclü, möhkəm olmasına, dünya siyasi arenasında güclü biri olmasına əngəl törədir. Yəni daha açıq desək, İmamoğlu Ərdoğan qədər dünya siyasətində uğurlu ola bilməz. Türkiyənin istər Liviya, Suriya, istər Qarabağ məsələlərində rolu, Ukrayna böhranında tutduğu mövqe, Rusiyanı ram edə bilməsi, Ərdoğanın sözünü deyən bir avtoritet siyasətçi olması danılmazdır. Bu baxımdan, Türkiyədə baş verəcək hadisələrə emosiyaları kənara qoyaraq, Azərbaycan aspektindən yanaşmaq lazımdır: Rusiya, İran kimi ölkəmizə xor baxanlar, daim təhdid, təzyiq edənlər qarşısında duruş gətirməyimizdə İmamoğlu iqtidarı Ərdoğan hakimiyyəti qədər sərt ola biləcəksə, onda eyvallah...


Azər Talıbov

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar