"Sahil - S İnşaat" tikinti firmasında vaxtilə vəzifə tutmuş və mənzil alan 165 ailəni dələduzluq edərək aldatmış Pənah Kərimovun ev dustaqlığına buraxılması payçılarda ciddi etiraz doğurmaqdadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevə bu işin verilməsindən sonra elə ilk iclasda Pənah Kərimovu azad etməsi bütün femidaya, məhkəmə-hüquq sisteminə tüpürməkdir. Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Pənah Kərimovun ev dustaqlığına buraxılması əsassız qərardır və hakim Elnur Nuriyevin çıxardığı qərardada etiraz olaraq Prezident Administrasiyası, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası önündə toplaşıb aksiya keçirəcəklər. 165 ailəni fırıldağa yol verərək, bir mənzili bir neçə adama sataraq yüzminlərlə vəsaiti mənimsəmiş Pənah Kərimovun azadlıqda olması birmənalı şəkildə qəbul edilmir. Sakinlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciətdə qeyd ediblər ki, iş əvvəl hakim Əli Məmmədovda olub. Onun prosesə sədrlik etdiyi dövrdə Pənah Kərimovun vəkili dəfələrlə vəsatət qaldırıb ki, təqsirləndirilən şəxs ev dustaqlığına buraxılsın. Lakin hakim Əli Məmmədov vəsatətlərin heç birini təmin etməyib. Çünki Pənah Kərimovun sərbəst buraxılmasına heç bir əsas yox idi və onun dələduzluğa yol verməsi istintaq müddətində sübut olunub: "Hələ o zaman Pənah Kərimov bizi təhdid edirdi. Məhkəmə proseslərində zərər çəkənləri hədələyirdi ki, başınıza oyun açacam, azadlığa çıxıb mənzillərinizi əlinizdən alacam. İndi belə bir şəxsi hakim Elnur Nuriyev ev dustaqlığına buraxıb. Biz qərardan narazıyıq və prokurorluğun protest verməsini, Pənah Kərimovun həbsə qaytarılmasını istəyirik. Çünki bu adam şirkətə şərik gələnə qədər binada hər hansı problem, fırıldaq, bir mənzilin bir neçə şəxsə satılması yox idi. MTK rəhbəri Taley Alaverdiyevdir, binanın 2018-ci ildə tikintisi başlanıb, 2021-ci ildə Pənah Kərimov ona şərik olan kimi dələduzluğa, fırıldağa əl atdı. İndi hər ikisi həbsdə cəzasını çəkməlidir. İstintaq materialları sübut edir ki, Pənah Kərimov vətəndaşları aldadıb, pulunu mənimsəyib".
Müraciətdə o da deyilir ki, Pənah Kərimov sayğaclar üçün hər sakindən 5 min manat tələb edib və istintaq dövründə sakinlərin yazdığı izahatlarda bu məsələ öz əksini tapıb: "Bizə deyirdi ki, ya 5 mini verin, ya da evinizi əlinizdən alacam. Halbuki sayğaclar dövlət qurumları tərəfindən ödənişsiz qoyulur. Bütün bu özbaşınalıqlar, Pənah Kərimovun hədə-qorxu gəlməsi, insanlardan pul tələb etməsi istintaq materiallarında var. Ancaq hakim Elnur Nuriyev belə bir dələduzu açıb buraxır, bizi təhdidlərlə üz-üzə qoyur. Onun bu qərarı hüquqa, məhkəməyə, qanunlara və zərər çəkənlərə hörmətsizlikdir. Hakimin bu qərarı niyə verməsi də araşdırılmalıdır. Biz Ali Məhkəmə sədri İnam Kərimovdan və Baş Prokuror Kamran Əliyevdən xahiş edirik ki, hakim Elnur Nuriyevi dələduz Pənah Kərimovla nə bağladığı yoxlanılsın, bu qərarı niyə verdiyi əsaslandırılsın. Öyrənilməlidir ki, hakim qərar çıxararkən hansısa maddi maraq güdüb, yoxsa Pənah Kərimova ürəyi yanıb. Hər halda, hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu ev dustaqlığına buraxmaq istəyi ədalətli olmaqdan irəli gəlməyib. Ədalətli hakim aldadılan 165 ailəni müdafiə edir, dələduzu deyil. Deməli, Elnur Nuriyev pul iyini hiss edib və ilk iclasda onu azad edib. Biz bununla bağlı toplaşıb şikayətimizi çatdıracağıq. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb. Bu adam bir neçə cinayət törədib və heç bir halda, ev dustağı ola bilməz. Yəni cəzasını həbsdə çəkməlidir. Çünki bir mənzili bir neçə şəxsə satıb, dəfələrlə insanları təhdid edib, təzyiq və hədə yolu ilə pul istəyib, ona görə də hər biri ayrılıqda cinayət işi sayılır. Odur ki, Pənah Kərimovun azadlıqda gəzməsi təhlükəlidir. Eyni zamanda, dövlətin, onun hüquq sisteminin və məhkəməsinin adına xələl gətirmək, vətəndaşlarda hakimlərə, məhkəmələrə inamsızlıq yaratmaqdır.
Biz prezidentimizə və dövlətimizə inanırıq. Ümid edirik ki, hakim Elnur Nuriyevin bu səhvi düzəldiləcək. Çünki dələduzun yeri həbsxanadır".
Anaxeber.info