Putin Rusiyanın cavabdehliyini etiraf etməyib

29-12-2024, 12:00   




Putin təyyarə qəzası AZAL

Şəklin mənbəyi,AFP


Bazar günü gecə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 24-nün nəşi Bakıya gətirilib.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarə Rusiya səmasında "kənar müdaxiləyə" məruz qalaraq zədələnib və Aktauya uçub. Aktauda hava limanında təyyarə yerə çırpılıb və 40-a yaxın adam, o cümlədən iki pilot və bir stüaredessa həlak olub. Bazar günü onlarla vida mərasimi keçirilir. Həlak olan ekipaj üzvlərinin Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənir.

Rusiya Prezidenti Putin təyyarə qəzasına görə üzrxahlıq edib, amma Rusiyanın cavabdeh olduğunu etiraf etməyib.

Şənbə günü Azərbaycan və Rusiya prezidentləri mətbuat xidmətləri bildiriblər ki, Prezident Vladimir Putin təyyarə qəzasına görə üzr istəyib.

O, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb.

Putin AZAL-a məxsus sərnişin təyyarəsinin "Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib", xəbərdə deyilir.

Prezident İlham Əliyev ona zəng edən rusiyalı həmkarı Putinə sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini deyib, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.

Kremlin saytında məsələ ilə bağlı cinayət işinin başlanıldığını, Rusiya və Azərbaycanın Baş prokurorluq əməkdaşlarının Qroznıda birgə işlədikləri qeyd olunub.

Zelenski: "Rusiya dəqiq izahat verməlidir"

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib ki, Zelenski təyyarə qəzasına görə, "Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib".

Prezident Zelenski öz sosial media hesabında yazıb ki, Əliyevlə söhbətidə pilotların və təyyarənin bütün heyətinin qəhrəmanlığını vurğulayıblar.

"İndi əsas prioritet həqiqətən baş verənlərlə bağlı bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır. Rusiya dəqiq izahat verməli və dezinformasiya yaymağı dayandırmalıdır. Foto və videolarda təyyarənin gövdəsinin zədələnməsi, o cümlədən HHM raket zərbəsinə çox bənzəyən dəliklər və əyilmələr aydın şəkildə əks olunub", - Zelenski X hesabında yazıb.

Paylaşımını ötürün Twitter

Paylaşımın sonu Twitter

ABŞ: təyyarə qəzasında Rusiyanın məsuliyyət daşıması ilə bağlı "ilkin əlamətlər" var

AZAL Azərbaycan təyyarə qəzası

Şəklin mənbəyi,İssa Tazhenbayev/Anadolu Agentliyi

ABŞ dekabrın 25-də 38 nəfərin ölümü ilə nəticələnən AZAL-a məxsus təyyarənin vurulmasında Rusiyanın məsuliyyət daşıması ilə bağlı "ilkin əlamətlər" görüb, Ağ Evin sözçüsü John Kirby deyib.

O, bununla bağlı əlavə məlumat verməyib.

Lakin Kirby jurnalistlərə ABŞ-ın qəza ilə bağlı araşdırmaya kömək təklif etdiyini də bildirib.

Azərbaycana məxsus təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstana yönləndirilməzdən əvvəl Çeçenistanda eniş etməyə cəhd edərkən Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən atəşə tutulduğu və orada qəzaya uğradığı güman edilir.

Kreml məsələyə şərh verməkdən imtina edib, hətta Rusiya hökuməti çərşənbə günü bu qəza barədə "fərziyyələr"in irəli sürülməsinə dair xəbərdarlıq da edib.

Lakin Rusiyanın mülki aviasiya agentliyinin rəhbəri açıqlayıb ki, Ukraynanın pilotsuz təyyarələrinin bölgəyə endirdiyi zərbələrə görə Çeçenistanda vəziyyət "çox mürəkkəbdir".

Washington Post Kirby-yə istinadla yazır ki, ABŞ-ın gördüyü əlamətlər zədələnmiş təyyarəylə bağlı yayılmış fotolarda görünənlərdən daha çoxunu əhatə edir.

Azərbaycandakı aviasiya ekspertləri və digərləri hesab edirlər ki, təyyarənin GPS sistemləri elektron tıxaclardan təsirlənib və daha sonra Rusiya hava hücumundan müdafiə raketlərinin partlaması nəticəsində ətrafa səpələnən qəlpələrdən zədələnib.

Rəsmi Bakı birbaşa Rusiyanı ittiham etməyib. Amma cümə günü verilmiş rəsmi açıqlamalardan məlum oldu ki, Azərbaycan araşdırmanın ilkin nəticələri əsasıında hesab edir ki, təyyarənin Aktauda qəzaya uğramasına səbəb "kənar müdaxilə"dir və istintaq və silahın növünü araşdırır.

Bunu 40-a yaxın adamın ölməsi, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən Bakı-Qroznı təyyarəsinin qəzaya uğramasını araşdıran Dövlət Komissiyasının üzvü, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

"Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək", - o bildirib.

"Sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub", - nazir deyib.

"Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq", - rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib.

Bundan əlavə, nazir təyyarədə oksigen balonunun partlaması iddiasının da Rusiya tərəfdən irəli sürüldüyünü diqqətə çatdırıb.

"Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib", - Rəşad Nəbiyev əlavə edib.

Təyyarə qəzasında sağ qalan bələdçi: Qroznıda "təyyarəyə zərbə dəydi"

AZAL Aktau Qazaxıstan Azərbaycan təyyarə qəzası

Şəklin mənbəyi,APA

Şəklin alt yazısı,AZAL-ın Aktauda qəzaya düşmüş təyyarəsinin sağ qalmış bələdçisi Zülfüqar Əsədov

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin sağ qalmış bələdçisi Zülfüqar Əsədov deyib ki, Qroznıda təyyarəyə zərbələr dəyib və onun qolu yaralanıb.

O, yerli mediaya müsahibəsində deyib ki, Bakıdan səhər saat 8-də çıxıblar, Qroznıya eniş edərkən duman olduğu görünüb.

"Qatı duman idi. Eniş etmək lazım idi. Kapitan enişə başladı. Gördü ki, görünmür. Yenidən təyyarəni yuxarı qaldırmağa məcbur oldu. Qalxdı ikinci dəfə dövriyyə də alınmadı eniş etmək üçün. Üçüncü dəfə yenə cəhd etdi. Gördü üçüncü dəfə də alınmır, yaxında olan başqa bir aeroportu nəzərdə tutaraq, təyyarəni təkrar qaldırmağa məcbur oldu", - bələdçi deyib.

Onun sözlərinə görə, təyyarə qayıtmağa çalışdığı məqamda çöldən təyyarəyə 3 dəfə zərbə dəyib və o, qolundan yaralanıb.

"Elə bil baltayla kimsə qoluma vurdu, kəsik var idi qolumda, dərim o formada aralanmışdı".

Zülfüqar Əsədov deyir ki, təyyarə uçuşa davam edib:

"Sonra məsləhətləşib, başqa aeroporta davam etməyə qərar verdilər ki, suya eniş edəcəyik. Sərnişinlərə jilet paylandı. Sonra pilot bələdçi qıza dedi ki, suya yox, quruya eniş edəcəyik. Bildiyimə görə, suya eniş etmək hamının ölümünə səbəb ola bilərdi. Təyyarə parçalanacaqdı. Quruya eniş etdilər."

O, Aktaudakı enişi təsvir edərkən bildirib ki, pilotlar öz həyatlarına risk edərək təyyarəni ön təkərləri üzərində yerə endirib və bu zaman təyyarənin baş hissəsi parçalanıb.

Zülfüqar Əsədov xatırlayır ki, təyyarənin onun da olduğu qalan hissəsi də dayanana qədər yerdə sürünüb: "Arxadakı qapını açdıq və sərnişinləri tələsdirdim ki, tez çıxın. Ora gələn qazaxıstanlı işçilərə də dedim ki, biriniz gəlib kömək edin, mən yaralıyam. Onlar da kömək etdilər".

Azal AZAL təyyarə qəzası istintaq təhqiqat

Şəklin mənbəyi,Issa Tazhenbayev/AA

Çeçenistan paytaxtında vəziyyət "çox mürəkkəbdir"

Rusiya Mülki Aviasiya Agentliyinin rəhbəri cümə günü deyib ki, Çeçenistan paytaxtında vəziyyət "çox mürəkkəbdir" və orada hava məkanının bağlanması protokolu tətbiq olunub.

"Ukraynanın hərbi dronları Qroznı və Vladiqafqazda mülki infrastruktura terror hücumu edib",- Rosaviasiyanın rəhbəri Dmitri Yadrov Rusiyanın TASS xəbər agentliyinə videoaçıqlamasında deyib.

O vurğulayıb ki, Qroznı aeroportu ətrafında sıx duman var. Dmitri Yadrov həm də deyib ki, bütün təyyarələr təqdim olunmuş bəlli plana əsasən Qroznı aeroportu ərazisindən təcili uzaqlaşdırılıb.

Qazaxıstan yaralıları müalicə edib və istintaq prosesində Azərbaycanla yaxından işləyib. Lakin onlar qəzanın təhqiqatı ilə bağlı detalları açıqlamaqdan yayınıblar.

Bakıdan gələn xəbərlərə görə, həm Rusiya, həm də Qazaxıstan MDB komissiyasının qəzanı təhqiq etməsini təklif edib. Lakin Azərbaycan yalnız keçmiş Sovet ölkələrinin təhqiqatındansa, beynəlxalq araşdırma aparılmasını istəyib.

AZAL "riskləri nəzərə" alaraq Rusiyanın 10 şəhərinə uçuşları dayandırıb

AZAL Azərbaycan Azərbaycan təyyarəsi qəzaya uğrayıb Aktau yaxınlığında təyyarə qəzası 2024-cü ilin təyyarə qəzaları Dünyada təyyarə qəzaları

Şəklin mənbəyi,Emergency Situations of Kazakhstan/Anadolu via Getty Images

AZAL ona məxsus təyyarənin "fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq" Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb.

Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq, Vladiqafqaz şəhərlərinə uçuşlar dekabrın 28-dən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır.

Qroznı və Mahaçqalaya isə dekabrın 25-dən uçuşlar dayandırılıb, AZAL bildirib.

Dekabrın 25-də Bakı-Qroznı təyyarəsi Aktauda qəzaya uğrayıb, 40-a yaxın adam həlak olub, 20-dən çox yaralı var. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Azərtac yazıb ki, bu gün Bakıdan Mineralnıye Vodı şəhərinə uçan AZAL-a məxsus sərnişin təyyarəsi səhər saatlarında Azərbaycanın hava məkanın tərk etmədən geri qayıdıb.

Bu axşam Bakıdan Mahaçqalaya uçacaq olan sərnişin təyyarəsi reysinin də ləğv edildiyi barədə flightradar24 platformansında məlumat var.

AZAL dekabrın 25-də Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.

"Təhlükəsizlik səbəbindən Qroznı və Mahaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir", - AZAL-ım məlumatında deyilir.

Qurum bildirib ki, vəziyyətlə əlaqədar sadalanan istiqamətlər üzrə bileti olan sərnişinlərin ödənişlərini tam geri qaytara və ya biletlərin ödənişsiz dəyişdirə bilərlər.

Dekabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin aşağı büdcəli hava yolu şirkəti FlyDubai yanvarın 2-si və 3-dək Soçi və Mineralnye Vodı şəhərlərinə olan uçuşları ləğv edib, TASS xəbər agentliyi hava yolu şirkətinə istinadən yazıb.

Hər iki istiqamət üzrə bu şəhərlərə uçuşlar müvafiq olaraq, "dekabrın 27 və 28-dən, yanvarın 2-si və 3-dək ləğv edilir", TASS şirkətə istinadən yazıb.

Xəsarətlər "əsas sınıqlardır, küt travmalardır" - Azərbaycanın səhiyyə naziri

Təttarə qəazası barədə infoqrafika BBC

Aktau yaxınlığında sərnişin təyyarəsində qəzaya uğradıqdan sonra Bakıya gətirilərək, "Yeni Klinika"ya yerləşdirilən yaralıların xəsarətləri "əsas sınıqlardır, küt travmalardır".

Azərbaycanın səhiyyə naziri Teymur Musayev cümə günü BBC-nin sualına cavab olaraq bildirib.

"Yaralıların hansı səbəbdən travma - qəlpə, güllə yarası aldıqlarını konkret deyə bilmərik", cənab Musayev vurğulayıb.

Qazaxıstanda çərşənbə günü qəzaya uğramış təyyarədən sağ çıxan bəzi yaralılar və həlak olanların nəşi cümə axşamı Bakıya gətirilib.

Yeni Klinikadan BBC-yə bildiriblər ki, qəzadan sağ çıxan 7 nəfər Yeni Klinikada stasionar müalicə alır.

Sərnişin təyyarəsi qəzasında həlak olan sərnişinlərdən iki nəfərin nəşi ailələrinə təhvil verilib.

Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30-dan çox adam həlak olub, yaralılar var. Təyyarədə beşi ekipaj üzvü olmaqla, 62 sərnişin olub.

Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama yoxdur.

İsrail "Rusiyanın hava məkanında baş verənləri" əsas gətirərək, gələn həftə Rusiyanın paytaxtı Moskvaya uçuşları dayandırır.

Bu arada, qəzaya uğramış təyyarənin ikinci qara qutusunun tapıldığı bildirilir, Kazaxıstan mediası yazıb.

AZAL bildirib ki, xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

AZAL Azərbaycan Azərbaycan təyyarəsi qəzaya uğrayıb Aktau yaxınlığında təyyarə qəzası 2024-cü ilin təyyarə qəzaları Dünyada təyyarə qəzaları

Şəklin mənbəyi,Issa Tazhenbayev/Anadolu Agentliyi

"Təyyarə oktyabr ayında tam təmirdən çıxıb"

Azərbaycandan Rusiyaya uçan, amma sonradan Qazaxıstanda qəzaya uğrayan təyyarə "oktyabr ayında tam təmirdən çıxıb", texniki nasazlıq olmayıb.

Bunu cümə axşamı günü AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə deyib.

Bakı-Qroznı reysi ilə uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 30-dan çox adam ölüb, yaralılar var. Ekipaj üzvlərinin bəziləri, o cümlədən pilotlar həlak olub.

"Pilotlarımız peşəkar olub, onlar 10 min saatdan çox uçuş ediblər. Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb", - AZAL-ın prezidenti Samir Rzayev vurğulayıb.

Bu gün ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller X sosial media hesabında "Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına kömək etməyə hazır olduqlarını" yazıb.

Cümə axşamı günü Azərbaycan Səhiyyə Nazirliyi Bakı-Qroznı reysi üzrə uçmalı olan "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində vəfat etmiş 25 sərnişin və ekipaj üzvünün siyahısını açıqlayıb.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı bu gün jurnalistlərə açıqlamasında deyib ki, "təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır".

"Lazımi tibbi proseduralardan sonra cənazələr də Azərbaycana göndəriləcək", - o vurğulayıb.

Cənab Süleymanlı həmçinin "eyni zamanda, DNT analizlərinə də ehtiyac olacağını" da əlavə edib.

Azal təyyarə qəzası Qazaxıstanda təyyarə qəzası Aktau yaxınlığında təyyarə qəzası

Şəklin mənbəyi,APA

Azərbaycanın Baş Prokurorluğu bildirib ki, zərərçəkmiş şəxslərin kimliyini aşkar etmək üçün onların yaxınlarından qan analizi götürülüb.

AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə Azərbaycanda dekabrın 26-da matəm günü elan edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Cümə axşamı qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Azərbaycanda yaradılmış Dövlət Komissiyası bildirib.

29 nəfər qəzadan sağ çıxıb və müalicə olunur, - Azərbaycan Baş Prokurorluğu və Azərbaycan Hava Yolları (AZAL) ASC-nin çərşənbə günü keçirdiyi birgə brifinqində bildirilib.

Azal təyyarə qəzası Qazaxıstanda təyyarə qəzası Aktau yaxınlığında təyyarə qəzası

Şəklin mənbəyi,Anadolu agentliyi/Getty Images

"... bu, hava hücumundan müdafiə raketinin partlamasına çox bənzəyir"

Qəzadan sonra sosial mediada yayııan görüntüləri təhlil edən havadan müdafiə ekspertləri bildirirlər ki, qəzaya uğramış təyyarənin içi və çölündəki izlər Rusiyanın Qroznıda havadan aktiv müdafiə olunduğunu göstərir.

"Təyyarənin arxasında və solunda görünən qəlpə izlərinə baxdıqda, bu, hava hücumundan müdafiə raketinin partlamasına çox bənzəyir", - Sibylline şirkətinin risklər üzrə məsləhətçisi Justin Crump BBC Radio 4-ə deyib.

Braziliya istehsalçısı olan Embraer Boeing və Airbus-un kiçik rəqibidir və şirkət ciddi təhlükəsizlik tarixçəsinə malikdir.

Qazaxıstanda AZAL təyyarə qəzası Aktauda təyyarə qəzası təyyarə qəzası Qəza Azərbaycan təyyarəsi Aktauda qəzaya uğrayıb Azərbaycan Hava yollarının təyyarəsi qəzaya uğrayıb

Şəklin mənbəyi,Reuters

Şəklin alt yazısı,AZAL-ın Bakı-Qroznı reysi üzrə uçan sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb

Dekabrın 25-də, qəza baş verən günü nə olub?

AZAL-ın məlumatına görə, təyyarədə 62 sərnişin, beş ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.

Kazinform xəbər agentliyi yazıb ki, ilkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.

AZAL-dan BBC-yə verilən məlumata görə, Bakıdan Qroznıya uçan təyyarə "dumanlı hava şəraitinə görə Qroznıya eniş edə bilməyib və Qazaxıstanın Aktau şəhərinə tərəf istiqamətlənib".

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb.

Kazinform agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat prokurorluğunun nümayəndəsi Timur Süleymanov məlumat verib.

AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə yerli fövqəladə vəziyyət tətbiq edilib, Qazaxıstan mediası yazıb.

AZAL-ın qəzaya uğrayan təyyarəsinin marşurutu və düşdüyü yer
Şəklin alt yazısı,AZAL-ın qəzaya uğrayan təyyarəsinin marşurutu və düşdüyü yer

Azərbaycan və Qazaxıstanda qəzanın araşdırılması ilə bağlı dövlət komissiyaları yaradılıb.

Baş Prokurorluqdan BBC-yə bildiriblər ki, sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb, istintaq qrupu Qazaxıstana ezam olunub.

Hadisə ilə bağlı Prezident İlham Əliyev müşavirə keçirib, Azərtac yazıb.

İlham Əliyev deyib ki, ona təyyarənin pis hava səbəbindən marşrutunun dəyişdiyi deyilib, amma qəzanın səbəbləri onlara bəlli deyiI:

"Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır", - o bildirib.

Prezident Əliyev çərçənbə günü Rusiyaya uçub, təyyarə qəzası barədə məlumat aldıqda sonra isə geri dönüb, prezident.az xəbər verib.

AZAL elan edib ki, istintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.

Qurum digər istiqamətlərdə uçuşların "ştat rejimində cədvələ uyğun həyata keçiriləcəyini bildirib".

AZAL-ın uçuşların təhlükəsizliyi idarəsinin rəis müavini Fərhad Nəsirov İctimai TV-yə müsahibəsində təyyarənin qəzadan az əvvəl uçusunun əks olunduğu, sosial mediada yayılan görüntüləri şərh edib:

"Məncə, orda pilotlar idarəetməni itiriblər, çünki, məncə, orda hidravlik maye ilə baglı problem olub. Bir də təyyarədə "radr" və "elavatr" deyilən idarəetmə qurğuları var. Yəqin onlarda problem var".

Fərhad Nəsirov deyib ki, təyyarədə uçuşdan qabaq hər hansı texniki nasazlıq olmayıb.

Qazaxıstanda Azərbaycan səfirliyinin qarşısı

Şəklin mənbəyi,Agibay Ayapbergenov/Kazinform

Şəklin alt yazısı,Qazaxıstanda Azərbaycan səfirliyinin qarşısı

Xəzər dənizi sahilindəki Aktau şəhərində təyyarə qəzası ilə əlaqədar qazaxıstanlılar Azərbaycanın Astanadakı səfirliyi qarşısında gül dəstələri qoyublar, Kazinform İnformasiya Agentliyi yazıb.

Agentlik bildirib ki, Azərbaycan xalqı ilə kədərlərini bölüşən Astana sakinləri başsağlığı veriblər.

AZAL Təyyarə qəzası AZAL-ın təyyarəsi qəzaya uğrayıb.

Şəklin mənbəyi,Azamat Sarsenbayev

Prezident İlham Əliyev təyyarə qəzasına görə, Rusiyaya səfərini təxirə salıb, president.az saytı məlumat verib.

Prezident Əliyev bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşmüşdü.

"Prezident İlham Əliyev Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında ona məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib", prezident.az saytı yazıb.

Təyyarə qəzası ilə bağlı Türkiyə, Rusiya, İran, Ermənistan və digər ölkələrin rəhbərləri, baş nazirləri, eləcə də ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Azərbaycandakı səfirlikləri başsağlığı veriblər.

Qazaxıstan təyyarə AZAL qəza

Şəklin mənbəyi,kazpravda

Sosial medada yayılan video görüntülərdə AZAL-a məxsus təyyarənin sürətlə yerə doğru endiyi və qəfil alov çıxdığı, sonrakı görüntülərdə isə təyyarənin bir hissəsinin olmadığı görünür.

Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama yoxdur.

Sosial mediada yayılmış videolarda sarsıdıcı görüntülər var. Qəzaya düşmüş şəxslər ağrıdan qışqırır, nalə çəkir.

Qəzanın ardınca fövqəladə hallar, təcili yardım xidmətlərinin əməkdaşlarının qəza yerində işlədiyi görünür.

Bir videoda qəzaya uğramış təyyarənin parçalarının üstündə dəliklər görünür. Bununla bağlı təhqiqat aparıldığı bildirilir.

Bakı ilə Qroznı arasında quru yolla məsafə təxminən 540 km-dir.

Azərbaycanın quru yolları 2020-ci ildən - Covid-19 pandemiyasına görə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu həm də milli təhlükəsizlik məsələsi ilə əlaqələndirib.

Sosial mediada bəzi istifadəçilərin qəzəbli şərhlərini görmək olur. Onlar yazırlar ki, əgər sərhədlər açıq olsaydı, qatarla, avtobus və ya maşınla Çeçenistana səyahət etmək daha rahat olardı.

BBC-nin aldığı məlumata görə, qəzaya uğrayan Embraer sərnişin təyyarəsinin istehsalçısı olan Braziliya müəssisəsi qəzanın səbəbələrinin araşdırılması ilə bağlı öz komandasını göndərməyə hazırlaşır.

"Bütün tərəflərə kömək etməyə hazırıq", - Embraer şirkətinin sözçüsü BBC-yə deyib.

AZAL-dan BBC-yə bildirilib ki, qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma aparılır.

Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə ezam olunublar, Azərtac yazıb.

Qazaxıstan mediası yazır ki, təyyarə Xəzər dənizi üzərində "SOS" siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.

AZAL-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar