Kreml istintaq tamamlanana qədər Qazaxıstanda təyyarə qəzası ilə bağlı şərh verməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Kremldə Azərbaycan parlamentinin deputatı Rasim Musabəyovun təyyarə qəzasından sonra Rusiya tərəfini üzr istəməyə çağıran bəyanatlarını görüblər, lakin onu şərh etməyi də mümkün saymırlar.
"Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və istintaqdan nəticə çıxarılana qədər bizim hər hansı qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik. Bunu edə bilən aviasiya orqanlarımız var və bu məlumat ancaq onlardan gələ bilər", – Peskov deyib.
"Azərbaycan Hava Yolları" (AZAL) Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.
Şirkətdən bu, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarı ilə əsaslandırılıb. Əlavə edilib ki, "Embraer 190" təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın bəzi hava limanlarına uçuşlar sabah - dekabrın 28-dən yekun araşdırma başa çatana qədər dayandırılır.
Uçuşların dayandırıldığı hava limanları bunlardır:
∙ Mineralnıye Vodı
∙ Soçi
∙ Volqoqrad
∙ Ufa
∙ Samara
∙ Qroznı
∙ Mahaçqala
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsi havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Bu barədə AZAL məlumat yayıb. Qurum bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
"Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq", - məlumatda əlavə edilib.
Rusiya Ukrayna ilə müharibə səbəbindən son günlər bəzi hava məkanlarını bağlayıb.
+++
"Qara qutu"nun harada deşifrə ediləcəyi aydın deyil. Bu proses texniki baxımdan çox çətindir və bir çox ölkənin bunu gerçəkləşdirməyə resursu yoxdur.
Rəsmilər deyirlər ki, "qara qutu"da olanları tam oxumaqdan ötrü, adətən, iki həftəyədək vaxt gərəkdir. Ancaq fərqli şərtlər bu vaxtı uzada da bilər.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də qəzaya uğradığı bildirilən "Embraer 190" təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat ödəniləcək. Vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Dekabrın 26-da axşam saatlarında təyyarə qəzası nəticəsində həlak olan sərnişinlərdən dörd nəfərin cənazəsi və daha yeddi yaralı Azərbaycana gətirilib.
Saatlar öncə hadisədə xəsarət alan yeddi Azərbaycan vətəndaşının ölkəyə gətirildiyi açıqlanmışdı.
+++
Dekabrın 26-da Qərbin "Euronews", "Reuters" media orqanları, eləcə də Türkiyənin "Anadolu" agentliyi Azərbaycan hökumətindəki mənbələrə istinadla Aktauda təyyarə qəzasına Rusiyanın "yer-hava" tipli raketinin səbəb olduğunu deyib.
Mənbələrin bildirdiyinə görə, təyyarəyə raket Qroznı üzərində "dron fəaliyyəti" zamanı atılıb. Raket təyyarənin yaxınlığında partlayıb, sərnişinlərə və ekipaja qəlpələr dəyib.
Zədələnmiş təyyarənin Rusiya aeroportlarına eniş etməsinə icazə verilmədiyi bildirilir. Pilotlar təcili eniş icazəsi istəyiblər, ancaq onlara Xəzər üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaq əmri verilib. Dəniz üzərində uçuş zamanı təyyarənin GPS naviqasiya sistemlərinin bloklandığı vurğulanır.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi də, detalları açıqlamasa da, təyyarənin Rusiyaya məxsus zenit qurğusu ilə vurulduğunu söyləyib. Kanada Rusiyanın havadan müdafiə sistemlərinin qəzaya səbəb ola biləcəyi barədə narahatlığını dilə gətirib.
"Biz Rusiyanı hadisə ilə bağlı açıq və şəffaf istintaq keçirməyə və onun nəticələrini tanımağa çağırırıq", - Kanada Xarici İşlər Nazirliyinin açıqlamasıdır.
+++
Avropa Şurasının baş katibi Alen Berse Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi qəzası ilə bağlı başsağlığı verib, dərin kədərini bildirib. O, sağ qalanların tezliklə və tam sağalmasını arzulayıb.
Təyyarə qəzasını görüntüləyən Qazaxıstan bloqerinə 10 gün həbs cəzası verilib
AZAL təyyarəsinin Aktaudakı qəza yerini görüntüləyən bloqer Azamat Sarsenbayevə 10 gün həbs cəzası verilib. Bu bilgini AzadlıqRadiosunun qazax xidməti yayıb. Bloqer polisin tələbinə tabe olmamaqda suçlanıb. Tabesizlik deyərkən, polis və məhkəmə Sarsenbayevin qəza yerini telefonun kamerasıyla və dronla çəkdiyini nəzərdə tutub.
Məhkəmə zamanı bloqer ittihamla razılaşmadığını bildirib. O, çəkilişi BBC və "Reuters"in xahişiylə gerçəkləşdirdiyini və polisin onun işini əngəlləmədiyini söyləyib.
Sarsenbayevin vəkili apellyasiya şikayəti verəcəklərini deyib.
+++
Qazaxıstan Senatının sədri Maulen Aşımbayev təyyarənin raketlə vurula biləcəyi barədə şayiələrə münasibət bildirib. Belə ehtimalların əsassız olduğunu deyən spiker onların spekulyativ xarakter daşıdığını bildirib. O əlavə edib ki, fotoşəkillərə dayanaraq nəticə çıxarmaq tələskənlik və yanlış davranış göstəricisidir. Aşımbayev bildirib ki, qəzanın səbəblərini araşdırmaq üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə dövlət komissiyası yaradılıb. O, hamını komissiyanın rəsmi nəticələrini gözləməyə çağırıb.
Kremlin sözçüsü Dmitri Peskov da oxşar şərh verib. "Təhqiqatın bitməsini gözləməliyik", – deyən Peskov əlavə edib ki, təhqiqatçılar nəsə deməmiş spekulyasiya etmək düz deyil.
+++
"Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub".
Bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı jurnalistlərə deyib.
"Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək", – o vurğulayıb.
"Sağ qalanların bu gündən (dekabrın 26-dan) etibarən ölkəyə gətirilməsi planlaşdırılır. Yəqin ki, yaxın günlərdə onlar hamısı Azərbaycana gətiriləcək".
Bunu AZAL prezidenti Samir Rzayev jurnalistlərə deyib. O, qəza ilə bağlı hər hansı məqamdan danışmağın hələ tez olduğunu bildirib: "Təyyarəni qara qutusu tapılıb. Detallı araşdırmalardan sonra bütün məqamlar aydın olacaq".
S.Rzayevin sözlərinə görə, qəzaya düşən təyyarə yeni kapital təmirdən çıxıb: "2024-cü ilin oktyabrında tam təmirdən çıxmışdı. Daim yoxlanılıb. Pilotlarımız 15 min saatdan çox uçmuş təcrübəli pilotlardır. Çox möhkəm təyyarə bələdçilərimiz olub".
No media source currently available
+++
Azərbaycan ərazisində Aktauda təyyarə faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində bir sıra nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, qatarlar fit veriblər.
Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
Axtarış qrupu dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış "Embraer 190" sərnişin təyyarəsinin "qara qutu"sunu aşkar edib.
Bu barədə Qazaxıstanın baş nəqliyyat prokuroru Timur Süleymenov Aktauda keçirilən brifinqdə bildirib.
+++
Qazaxıstan rəsmiləri AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfərin öldüyünü bildirirlər.
Bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev açıqlama verib. Onun sözlərinə görə, qəzadan sağ çıxan 29 nəfərin vəziyyəti ağır və orta-ağırdır, bəzilərinin ağır yanıq xəsarətləri var.
Qazaxıstanın Səhiyyə Nazirliyi xəsarət alanlar arasında azı iki uşağın olduğunu, 11 nəfərin reanimasiyaya yerləşdirildiyini bildirib.
İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Bu barədə AZƏRTAC-a AZAL-dan məlumat verilib.
Prezident İlham Əliyev Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı müşavirə keçirib.
AZƏRTAC-ın məlumatına görə, o, hadisəni "böyük faciə" adlandırıb: "Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən, AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər".
Prezidentin vurğulamasına görə, ancaq qəzanın səbəbləri onlara bəlli deyil: "Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır...".
+++
Bakıda Heydər Əliyev adına Hava Limanının 2-ci terminalında qəzada zərərçəkənlərin ailələri üçün qərargah yaradılıb. Amma jurnalistləri içəri buraxmayıblar, ailələr ilə çöldə danışa biliblər.
Ətrafda çoxlu sayda polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım maşınları var. Hava limanının sözçüsü vurğulayıb ki, qəza ilə bağlı heç bir reysdə dəyişiklik olmayıb.
+++
Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Keçmiş hərbi pilot, ehtiyatda olan polkovnik-leytenant Mirzə Fərəcov AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin Aktauda qəzaya düşməsinin mümkün səbəblərini şərh edib.
"Təyyarə eniş üçün çox aşağı hündürlüyündə idi və sərt eniş etdi. Videodan görünür ki, təyyarə birbaşa çırpılıb yerə. Ola bilsin ki, hansısa mühərrikdə problem yarandı. Mən baxdım, təyyarə artıq təkərləri açmışdı. Deməli, enişə hazırlaşırdı. Nə baş verdisə, həmin zaman baş verdi", - keçmiş pilot "Turan"a deyib.
Ancaq onun sözlərinə görə, daha dəqiq təhlil etmək üçün hündürlüyü və hava limanına qalan məsafəni bilmək lazımdır.
"Çünki eniş etmək üçün təyyarənin olduğu hündürlük ən azı 500 metr olmalıdır", - Fərəcov deyib. "Deyilənə görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Ola bilsin, quşlar mühərrikə girib, mühərrik də dayandı. Quşlar şüşəyə çırpıla bilər, amma o dərəcədə onu sındıra bilməz", - o əlavə edib.
+++
Qəzaya uğrayan təyyarədə olan Leyla Bayramovanın bacısı Nəzakət Bayramova "Turan"a bildirib ki, bacısının taleyi hələ də naməlumdur: "Biz yaradılan Qaynar xəttə zəng vurmuşuq, məlumatlarımızı götürüblər, dedilər xəbər edəcəyik. Amma hələ də xəbər yoxdur".
N.Bayramova qeyd edib ki, bacısı Qroznı şəhərinə gedirdi: "Heç nədən xəbərim yoxdur. Eşitdiyimə görə, təyyarəyə quş dəyib. Ayrı heç nə bilmirəm".
+++
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
+++
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.