Əvvəlki əsrlərdə uzunömürlülüyü əsas meyarları sağlam həyat tərzi, təbii və keyfiyyətli qida, təmiz hava kimi çoxsaylı amillər şərtləndirirdisə, hazırda dayanıqlı səhiyyə xidmətləri və innovativ texnologiyaların insan xəstəliklərinin erkən aşkaralaması nəticəsində insanların daha uzun ömür sürməsi imkanlarını meydana çıxarıb.
Dördüncü Sənaye İnqilabından əsas gözləntilərindən biri də məhz bioloji sağlamlıqla bağlıdır. Belə ki, gen mühəndisliyi və nano-bio-texnologiyalar insan sağlamlığında inqilabi dəyişikliklərə səbəb olacaq. Fərdi tibbi yanaşmalar xəstəliklərin daha erkən aşkarlanmasına və effektiv müalicəsinə imkan yaradacaqdır.
Avtomatlaşdırma və süni intellekt insanlar üçün daha çox imkanlar yaradaraq yaşam keyfiyyətini artırmağa xidmət edəcəkdir. Texnologiya insanı əvəz etmək üçün deyil, ona dəstək olmaq üçün inkişaf etdiriləcəkdir.
İnnovativ texnoloji imkanların nəticəsində dayanıqlı iqtisadi inkişafa nail olan Yaponiya kimi cəmiyyətləri daha keyfiyyətli həyat şərtlərinə çatmışdır. Uzun illik iqtisadi inkişafları və dayanıqlı səhiyyə imkanları sayəsində yaponlar dünyanın uzunömürlü millətləri sırasına uğurla daxil olub. Hal-hazırda 125 milyonluq Yaponiya əhalinin 80 mindən çoxu 100 yaşın üzərində yaşayır. Sarkazmla ifadə etsək, elə bil uzunömürlülər diyarı olan gözəl bölgəmiz olan Lerik rayonu ilə Tokionun vətəndaşları daha çox yaşamaq baxımından yerlərini dəyişiblər.
Dördüncü Sənaye İnqilabı özünün inkişaf istiqamətlərindən olan bir reallığı meydana çıxardı: şirkətlərin ömürləri qısalır, insan ömrü artır. Şirkətlər ya birləşib bazar paylarını artırırlar, yaxud yeni İKT sektorunda meydana çıxmış rəqəmsal şirkətlər daha uzun yaşa malik şirkətləri bazardan çıxarırlar. Resurslara sürətlə sahib olma imkanlarına malik olurlar. Digər tərəfdən isə son inqilab insanların daha uzun ömür sürmələrinə səbəb olur. Doğrudur, insanların uzun ömür sürməsi, özlüyündə müsbət haldır. Lakin bu eyni zamanda hökumətlər üçün də büdcə yüküdür. Daha çox qayğıya ehtiyacı olanlar üçün əlavə sosial və səhiyyə xərcləri deməkdir. Uzunmüddətli qulluğa ehtiyac ehtimalı nə qədərdir sualına Tena B.Kryus özünün “Sığortanın əsasları” kitabında [1] ABŞ Səhiyyə və Sosial Xidmət Departamentinin məlumatına istinadən yazır ki, yaşı 60-dan yuxarı təxminən 9 milyon hazırkı amerikalının uzunmüddətli qulluğa ehtiyacı olacaq. Yaşı 60-dan yuxarı olan insanların sayı uzunmüddətli qulluğa ehtiyacı olanların da sayı artacaq.
Bu təkcə ABŞ-damı belədir sualı üzərindən dünyadakı vəziyyətə qayıtsaq, mənzərə təxminən oxşar olacaq. Belə ki, dünya üzrə də həyat davamlılığı göstəriciləri müsbətə doğru dəyişməkdədir. Hazırda [2] 7,2 milyard olan dünya əhalisinin sayının 2030-cu ildə 8 milyarda, 2050-ci ildə isə 9 milyarda yüksələcəyi gözlənilir. Bu, məcmu tələbdə bir artıma səbəb olacaqdır. Lakin əlavə olaraq, güclü bir demoqrafik trend də var: qocalma. Ümumilikdə belə bir ortaq fikir var ki, qocalma daha çox zəngin Qərb ölkələrinə təsir edir.
Gerçəkliklər onu deməyə əsas verir ki, dünyada əhalinin sürətlə qocalması prosesi gedir. 2050-ci illərdə dünyada yaşı 65-dən yuxarı olan şəxslərin 15-64 arasında olanlara nisbəti 2 dəfə artaraq 54 faiz səviyyəsində olacaq. Yəni demoqrafik yük 54 nöqtəsinə gələcək. Bu isə o deməkdir ki, bir pensiyaçıya düşən əməkqabiliyyətli fərdlərin sayı 4-dən 2-ə enəcək. Bu isə dövlətlərin fiskal dayanıqlılığın əsas 2 formasını pozulması üçün əsas ola bilər. Bunun birincisi, səhiyyə dayanıqlılığı, digəri isə pensiya dayanıqlılığı ilə bağlıdır. Məntiqlə gələcək hökumətlərin əsas fiskal yüklərindən ikisi özünü daha qabarıq göstərəcək.
Azərbaycanda orta ömür müddətinin nə qədər olması ilə bağlı ziddiyyətli məqamlar görünməkdədir. Belə ki, Azərbaycanda əhalinin 45 faizi pensiyaya çıxmadan dünyaların dəyişir. Bu qədər qısa müddətli ömür sürmək fonunda rəsmi qurumlar [3] isə 2023-cü il üzrə orta ömür müddətinin 76 il təşkil etdiklərini qeyd edirlər. Bunun nə qədər mötəbər olması bir çox suallar yaradır.
Ölkəmizdə daha çox uzun sürən insanlar arasında liderlik Abşeron rayonu çıxış edir. Abşeron rayonunda gözlənilən ömür uzunluğu 82,7 ilə bərabər olub. Onu da bildirək ki, Azərbaycanda gözlənilən ömür uzunluğunun 80 ildən çox olduğu cəmi 2 rayon var. Onlardan biri Abşeron rayonu, digəri isə Xankəndi şəhəri (81,6 il). Ən aşağı ömür uzunluğu Daşkəsən rayonundadır. Bu rayonda gözlənilən ömür uzunluğu 72,3 il təşkil edib.
BMT-nin hazırladığı İnsan İnkişafı İndeksi dünya ölkələrinin rifah səviyyəsini ifadə edərək 3 indikator əsas götürülür: adambaşına düşən gəlir, təhsil keyfiyyəti və gözlənilən orta ömür müddəti. BMT-nin 2024-cü il hesabatında Azərbaycan 193 ölkə arasında 89-cu pillədə yer alıb. Bu hesabatda Gürcüstan 60-cı, Ermənistan 76-cı yerdə qərar tutub. Bizim mövqeyimiz Cənubi Qafqaz ölkələri içərisində ən aşağı göstərici hesab olunur. İqtisadi məntiqlə təbii resursların qızıl dövrünü yaşayan Azərbaycan da orta ömür müddətini artıra bilməmişksə, postneft dövrünün qayğıları fonunda bunu hansı həddə qədər qaldıracağıq sualına cavab tapmaq müəmmalı görünür. O zaman Azərbaycan da pensiya yaşına çatacaq insanlarla bağlı yaş həddini neçəyə qaldıracaqlar, bax onu proqnoz etməyə yox, yalnız xəyal etməyə təsəvvürümüzün gücü çatar. Xəyal gücü isə gerçəklikləri basdırmaq üçün yalançı ümidlərlə yaşamaq istəyidir.