Türkiyə Suriyada başlıca xarici oyunçu kimi İranı əvəz edir

Bu gün, 13:21   



Bəşər əl-Əsəd hökumətinin Ankaradan dəstək alan üsyançı qruplar qarşısında çökməsi Türkiyəni Suriyada dominant xarici qüvvəyə çevirdi. İranla Rusiya isə bu ölkədəki mövqelərini itirdi.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin qələmə aldığı məqalədə deyilir ki, Türkiyə və İran illərlə Cənubi Qafqazda nüfuz dairələri uğrunda bir-biri ilə rəqabət aparıb və indi bu rəqabət Suriyayadək genişlənib.

"Əsəd rejiminin çöküşündən öncə İran İslam Respublikasının Türkiyənin Suriyada istər iqtisadi, istər siyasi, istərsə hərbi məcrada təsirləri ilə bağlı ciddi qorxusu olub. Ancaq İranın bölgədə, bir dövlət olaraq, tək müttəfiqinin itirilməsi ilə bu qorxu həndəsi silsilə ilə artacaq", - Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun (FDD) İran üzrə təhlilçisi Behnam Taleblu belə deyir.

Bununla yanaşı, ekspertlər deyirlər ki, Türkiyənin Suriyada nüfuzunun İranın maraqları bahasına artması hələ bunun iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcəyi demək deyil.

İrana Əsədin hakimiyyətdə qalması lazım idi

Hələ 2011-ci ildə - Suriyadakı vətəndaş müharibəsi yeni başlayanda İranla Rusiya Əsədi, Türkiyə isə onun hakimiyyətinə qarşı çıxan üsyançı qrupları dəstəkləyirdi.

İrana Əsədin hakimiyyətdə qalması lazım idi, axı bu halda bölgədəki uzantı və tərəfdaşlarına, özəlliklə Livandakı "Hizbullah" qrupuna maliyyə və silah ötürmək üçün Suriya ərazisindən yararlana bilirdi.

Rusiyaya gəlincə, Əsədin hakimiyyətdə olması Moskvanın Hmeymim hava bazasını və Tartusdakı hərbi bazanı əlində saxlaya bilməsi demək idi. Bu iki baza ona Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizinə daha asan çıxış imkanı verirdi.

Ankara Suriyadakı hökumətin onun bölgəyə dair baxış və siyasətinə uyğun olmasını istəyirdi. Bu, özəlliklə Suriyanın şimalındakı kürd qruplarının qarşısının alınması məsələsinə aiddir. Demokratik Birlik Partiyası (PYD) də daxil, kürd partiyalarının koalisiyası Şimali və Şərqi Suriya Muxtar Administrasiyasına rəhbərlik edir.

Üç əsas narahatlıq?

PYD-nin silahlı qanadı olan Xalq Özünümüdafiə Dəstələri (YPG) ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) başçılıq edir.

"Türkiyənin Suriyada üç əsas narahatlığı vardı: YPG/PYD-yə qarşı vuruşmaq, suriyalı qaçqınların Suriyaya qayıdışına imkan yaratmaq və Türkiyəyə daha çox qaçqın axınının önünü kəsmək", - Almaniya Beynəlxalq Güvənlik Məsələləri İnstitutunun Türkiyə üzrə eksperti Darya İsaçenkonun sözləridir.

Bəşər Əsəd Tehranda İranın ali lideri Əli Xamenei ilə görüşür.
Bəşər Əsəd Tehranda İranın ali lideri Əli Xamenei ilə görüşür.

İsaçenko deyir ki, dekabrın 8-də Əsəd hakimiyyətinin devrilməsi Türkiyəyə qaçqın axınının qarşısını alsa da, narahatlıqlardan ilk ikisi qalmaqdadır.

Suriyanı indi, faktik olaraq, ABŞ-nin terrorçu təşkilat saydığı "Heyət Tahrir əş-Şam" (HTŞ) və müttəfiqləri yönəldir. Bu müttəfiqlərin də bir qismi İranın rəqibi olan Türkiyəyə bağlıdır.

İsaçenko deyir ki, Ankara Dəməşqdəki yeni hökumətlə Liviyadakı kimi dəniz sazişi imzalayarsa, Türkiyənin Suriyadakı artan nüfuzu onun Aralıq dənizi bölgəsindəki mövqeyini daha da gücləndirə bilər.

Türkiyənin nüfuzunun artması və İranın Suriyadakı mövqeyinin zəifləməsi İran, Rusiya və Türkiyənin nüfuz dairəsi uğrunda rəqabət apardığı Cənubi Qafqazda da olayların gedişinə təsir göstərə bilər.

Astana danışıqları ölmüş sayılsa da…

Ekspertlər deyirlər ki, Suriyada münaqişənin bitməsi istiqamətində bu üç ölkənin vasitəçiliyi ilə keçirilən Astana danışıqları ölmüş sayılsa da, müxtəlif maraqların idarə edilməsi üçün platforma rolunu oynayıb.

"Türkiyə, İran və Rusiya arasında Yaxın Şərq və Cənubi Qafqazda münaqişələrin idarə edilməsinə dair koordinasiya və məşvərət kənara qoyulmamalıdır", - İsaçenko belə deyir.

Onun sözlərinə görə, hətta Suriya, Türkiyə və İranın da bəzi maraqları üst-üstə düşə bilər. Onların hər üçünün Əsədin devrilməsindən bəri Suriya ərazisinə daxil olan İsrailin timsalında ümumi düşməni görməsi bu cür ortaq nöqtələrdən biri ola bilər.

Bununla yanaşı, bəziləri iddia edir ki, Tehran Suriyanı öz "dirəniş oxu"na – İranın bölgədəki müttəfiq və proksilər - uzantılar şəbəkəsinə qaytarmaq üçün bu ölkədə Türkiyəyə mane olmağa çalışacaq.

"İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) Suriyada yenidən təsir gücü qazanmağın yollarını axtaracaq", - Taleblunun sözləridir.

"Özəlliklə mərkəzi hakimiyyətin zəif olduğu dövlətlərdə əzilmiş, oyundankənar qalmış və rədd edilmiş yerli aktorları əməkdaşlığa cəlb etmək asandır", - o, belə deyir.

ABŞ-nin kürdlərin rəhbərlik etdiyi SDF-ə dəstəyi son illərdə bir neçə amilin təsiri ilə zəifləyib. Bu amillər arasında 2018 və 2019-cu illərdə ABŞ qoşunlarının əksər hissəsinin bölgədən çıxarılması və Vaşinqtonun NATO müttəfiqi olan Türkiyənin basqısı da var.

Türkiyə ilə sərhəddə ABŞ-YPG birgə hərbi konvoyu.
Türkiyə ilə sərhəddə ABŞ-YPG birgə hərbi konvoyu.

Kürdlər HTŞ ilə razılığa gəlməzlərsə…

Ekspertlər deyirlər ki, 2019-cu ildə Suriyanın şimalında kürd qüvvələrinə qarşı hücum təşkil edən Ankara hazırda kürdləri daha da sıxışdırmaq üçün güclü üstünlüyə sahibdir.

Əsədin devrilişindən bəri Ankaranın dəstəklədiyi üsyançı qruplar kürd qüvvələri ilə toqquşaraq Türkiyə sərhədi yaxınlığında yerləşən və daha öncə kürdlərin nəzarətində olan Münbiç və Tarafat şəhərlərini ələ keçiriblər.

İraqın Kürdüstan bölgəsində yaşayan, Suriya kürdləri haqqında kitabların həmmüəllifi olan təhlilçi Vladimir van Vilqenburq deyir ki, bölgədə 900 ABŞ əsgərinin qalması kürdlərə bəlli müdafiə imkanı vermiş ola bilər, ancaq durum təhlükəli olaraq qalır.

"Dəməşqdəki yeni hökumət, böyük ehtimalla, Türkiyə ilə münasibətlərini SDQ-dən üstün tutacaq. HTŞ ilə razılığa gəlməzlərsə, kürdlərin durumu ağır olacaq", - yenə Vilqenburqun sözləridir.

"HTŞ lideri, daha öncə döyüşçü adı ilə Əbu Məhəmməd əl-Colani kimi tanınan Əhməd əl-Şaraa Suriyadakı bütün silahlı qrupları bir bayraq altında birləşdirmək istəyir. Ancaq SDQ-nin bu birliyə qoşulması, faktik olaraq, Suriyadakı kürd muxtariyyətinə son qoya bilər", - Vilqenburq belə düşünür.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar