Qubad İbadoğlu ilə eyni cinayət işində suçlanan şəxs onun əleyhinə danışdı

Dünən, 08:52   



Qubad İbadoğlu

İqtisadçı professor Qubad İbadoğlu 8 ay öncə ev dustaqlığına buraxılsa da, eyni cinayət işində təqsirləndirilən Anar Əliyev onun əleyhinə ifadə verib.

Dekabrın 26-da keçirilən məhkəmədə A.Əliyev iddia edib ki, üstündən və evindən tapılan toplam min dollarlıq saxta valyutanı ona Q.İbadoğlu verib. O, pulun saxtalığını bilmədiyindən saxta valyuta ilə bağlı ittihamı qəbul etmədiyini deyib və yalnız yerdən tapdığı silahı qanunsuz saxlamaqda özünü suçlu sayır.

Q.İbadoğlunu onun İqtisad Universitetində dərs dediyi vaxtlardan tanıdığını söyləyən A.Əliyevin iddiasına görə, son vaxtlar professor ona ayrıca 11 min dollar da pul verib: "Demişdi ki, şirkət açılacaq, sentyabr-oktyabrda fəaliyyətə başlamalıdır. Qafqaz Universitetini, "Çağ Öğretim"i bitirən adamları yönləndirməyi tapşırdı. 11 min dollar verdi ki, bu işdə kömək edəcək adamlar tap. İki nəfərin hərəsinə 500 verdim. Özüm 3 min xərclədim. 7 min də qalmışdı...".

A.Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustundan həbsdə olan Fazil Qasımovla birlikdə mühakimə olunur. Q.İbadoğlu apreldə ev dustaqlığına buraxılıb, iyulda onun haqqında cinayət işi ayrılsa da, bu ikisinin işi birlikdə məhkəməyə göndərilib.

F.Qasımova da Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə) maddəsi ilə ittiham verilib.

Fazil Qasımov
Fazil Qasımov

A.Əliyev deyir ki, F.Qasımovu ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində görüb. O iddia edir ki, Q.İbadoğlu onu Fazil adlı şəxslə tanış edib, hətta onunla telefonla görüntülü də danışıb. Ancaq həmin şəxs hazırda məhkəmədə yanaşı dayandığı Fazil olmayıb: "O kök idi, saçı da qara".

Məhkəmədə F.Qasımovun ev dustaqlığına buraxılması, özəl xəstəxanalardan birində müayinəsinə şərait yaradılması barədə vəsatətlər qaldırılıb. Təqsirləndirilən alim vurğulayıb ki, heç bir cinayət törətmədiyi halda, qanunsuz şəkildə həbsdə saxlanmasına etiraz olaraq iyunun 14-dən aclıq aksiyası keçirir. Nəticədə sağlamlığında ciddi problemlər yaranıb.

Ancaq hakimlər onu ev dustaqlığına buraxmaqdan da imtina edib, özəl xəstəxanada müayinəsinə də icazə verməyiblər.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar