Jurnalist Ramin Cəbrayılzadəyə (Ramin Deko) qaçaqmalçılıqla bağlı ittiham verildiyi bildirilir. Bu barədə müdafiə tərəfindən deyilib.
Məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
+++
Dekabrın 6-da gecə saatlarında Bakı şəhər Baş Polis İdarəsinə təcili yardım maşınının çağırıldığı bildirilir.
Bu barədə saxlanan jurnalistlərin yaxınları məlumat yayıb.
Üstəlik, yaxınlarının əlavə etməsinə görə, bəzi saxlanan jurnalistlərlə onların vəkillərinin görüşünə məhdudiyyətlər var.
Bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
+++
"Dekabrın 6-sı, saat 13:00 radələrində MeydanTV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqə kəsilib". Bu barədə MeydanTV rəhbərliyinin yaydığı məlumatda bildirilir.
Açıqlamaya görə, həmin şəxslər Bakı şəhər Baş Polis İdarəsində saxlanılırlar.
Qurum Aynur Qənbərovanın (Elgünəş), Aytac Əhmədovanın (Tapdıq), Xəyalə Ağayevanın, Natiq Cavadlının, Aysel Umudovanın və Ramin Cəbrayılzadənin (müstəqil jurnalist) adlarını çəkir.
Vurğulanır ki, adları qeyd olunan jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb, onlara aid olan şəxsi avadanlıqlar və əşyalar götürülüb: "MeydanTV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün ittihamları rədd edirik. Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri, ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub...".
Hələlik, bu bəyanata rəsmi qurumların münasibəti bəlli deyil. Rəsmilər, bir qayda olaraq, jurnalistlərə peşə fəaliyyətləri ilə bağlı təzyiq edilməsi haqqında deyilənləri yalanlayırlar.
+++
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a bildirilib ki, "vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında saxlanıb".
Yazar təxəllüsü Ramin Deko olan R.Cəbrayılzadənin bu deyilənlərə münasibəti bəlli deyil.
DİN-dən qeyd edilib ki, əlavə araşdırmalar aparılır, daha bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb: "Əlavə məlumat veriləcək".