Putin üzr istədi, qalır cinayətin etirafı - Rusiyadan dost olmaz!

29-12-2024, 13:06   





Rusiya Prezidenti Vladimir Putin bu postda olduğu 25 il ərzində kimsədən üzr istəməyib. Analitiklər dünənə qədər o qənaətdə idi ki, NATO və dünya ilə vuruşan Kreml lideri hikkəli siyasətçidir, Azərbaycandan da üzr istəməz. Lakin Rusiya prezidenti azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi və təyyarə hadisəsinin baş verməsinə görə üzrxahlıq etdi. Bu, görünməmiş bir debüt idi. İnsan kapitalının onun üçün bir dəyər olmadığı yüzminlərlə rus hərbçinin Donbas xarabalıqlarında qurban verməsi ilə məlumdur. Ona görə də təhlilçilər Putinin təyyarənin vurulmasına görə üzr istəyəcəyi az ehtimal edilirdi. Hərçənd, bunu etməmək həm münasibətləri daha da soyuda bilərdi, həm Putinə qəzəbi artıracaqdı. Onsuz da Azərbaycan xalqının Rusiya siyasətinə nifrəti bəllidir, bu hadisəyə görə üzr istəməsəydi, yenidən ictimai rəydə qəzəbin dozası artacaqdı. Rusiya nüfuzu işğalçı hərəkətləri və təhdidləri səbəbindən postsovet məkanında yerlərdə sürünür. Bu baxımdan, Putin Azərbaycan ictimaiyyətinin son üç gündə reaksiyasını izlədi və bir zənglə ictimai qəzəbi xeyli dərəcədə yumşaltdı. Eyni ərəfədə Ukrayna prezidenti Volodimir Zelenski də Əliyevə zəng etdi və başsağlığı çatdırdı. Beləliklə, üç ildir ki, burun-buruna gələn, minlərlə hərbçisi döyüş meydanında həlak olmaqda davam edən Rusiya və Ukraynanın liderləri Azərbaycan Prezidentinə zəng açdılar. Anaxeber.info bildirir ki, bu, Prezident Əliyevin nüfuzunu və reytinqini də artırmış oldu. Onun ilk gündən davranışı - MDB iclasına getməyib geri qayıtması, hökumət rəsmilərinin açıqlamaları, Türkiyənin dəstək qrupu yollamasını təmin etməsi, Azərbaycan mediasının sərt çıxışları göstərdi ki, Azərbaycan Rusiyanın törətdiyi hərbi cinayətin qarşısında susmaq, gözüqıpıq hərəkət etmək niyyətində deyil. Əvəzində Rusiya elitası qəbul etdi ki, Bakı dayanmayacaq və indi sanksiyalar altında boğulan Moskvaya bizimlə münasibətləri korlamaq qətiyyən deyil. Rusiya Azərbaycanı və Türkiyəni özünün bu izqoy vəziyyətində itirmək istəməzdi, ona görə Putinin "xəncərinin qaşı düşməzdi" deyə zəng edərək üzrxahlıq elədi.
Lakin bütün hallarda təyyarənin vurulmasını etiraf etmək lazımdır. Putin telefon söhbətində hadisənin Rusiya ərazisində baş verməsinə görə üzr istəyib, hələ "Pantsir - S1" zenit-raket kompleksi ilə vurulduğunu təsdiqləməyib. Əksinə, Kreml hiyləsini məsuliyyətin Ukrayna üzərinə qoyulmasına hesablayıb. Halbuki bu hadisə bir neçə cinayətlə tövsif olunmalıdır: təyyarənin vurulması, vurulduqdan sonra aeroport təklif edilməməsi, GPS naviqasiya sisteminin bloka salınması və dispetçerin ekipaj üzvlərini Aktauya yönəltməsi. Yəni təyyarəni vurmaq azmış kimi, izi itirmək üçün Xəzər dənizinə yönləndirmək ikiqat cinayətdir. Nəticədə rabitə kəsilib və kapitan pilot öz qəhrəmanlığı sayəsində 32 insanı xilas edir. İndisə Putin hadisənin Rusiya ərazisində baş verdiyinə görə üzr istəyir, təbii, bu da elə dolayısı ilə onların vurmasının etirafıdır, lakin dilinə gətirmir ki, təyyarəni səhvən, yaxud bilərəkdən vurublar. Deməli, Rusiya istintaqın yekununda ya Ukrayna "izi" tapmağa çalışacaq, ya da günahı Kiyevin dronlarının üzərinə qoyacaq. Yəni üzrü qəbahətindən betər... Bu hadisədə özünü ən pis aparan isə Çeçenistan prezidenti Kadırovdur. Əvvəla, ilk gündən onun öz qardaşı oğlunu və digərlərini dronların vurulmasına görə təltif etməsi böyük həyasızlıq idi. Azərbaycan təyyarəsini vuranları mükafatlandırmaq Kadırovun nə qədər xudbin və yekəxana olduğunu ortaya qoydu. Amma bu çeçen marionet lider, Putinin qulbeçəsi Azərbaycandan üzr istəməli ilk şəxs olmalıydı. Bu həyasızlığını davam etdirən Kadırov, utanmadan Azərbaycana yardım təklif etdi, Bakı haqlı olaraq ona dirsək göstərdi və əlini geri qaytardı. Yəni sənin pulun təpənə dəysin!
Bunun ardınca dekabrın 28-i Çeçenistanda matəm elan etmək ikrah hissi doğurdu. Kadırov bir daha öz xaraktersizliyini ortaya qoydu: təyyarə vuranlara medal ver, sonra matəm elan elə... Absurddur! 
Həmin Kadırovdur ki, Zelenskiyə "qaç, gizlən" deyirdi, Kiyevi, Odessanı götürməkdən dəm vururdu. İndi Qroznı, Mahaçqala Ukrayna dronlarının hücumuna görə iki əli ilə başından tutub əyilmiş vəziyyətdə qalıb. İndi beləsi bizə meydan oxumaq istəyirdi, dərsini aldı. O ki qaldı Putinə, onun Əliyevə zəngi və üzrxahlığı hələ ki bizi qane edir, ən azı bu üzr zəngini bütün dünya ictimaiyyəti gördü, siyasi mesajın mənasını anladı. Sadəcə, üaır istintaqın təyyarəni rusların vurduğunu təsdiq etməsi. O zaman Putin növbəti dəfə üzr istəməli və kompensasiya ödəməlidir. İndi gözləyək işin hüquqi tərəfini, artıq siyasi mərhələsi Azərbaycanın istəklərinə uyğun başa çatdı. Eyni zamanda, bu zəng Bakı-Moskva münasibətlərinin gələcəkdə normal məcrada inkişafına müəyyən cığır açdı. Nə demək olar, Rusiya birmənalı şəkildə hərbi cinayət törədib. Və bu ölkənin lideri barəsində BMT məhkəməsi hərbi cani kimi həbs orderi çıxarıb. Kəsəsi, Rusiya təhlükədir, Rusiya qəzadır, Rusiya təhdiddir, Rusiya qaranlıqdır, Rusiyadan dost olmaz!

Azər Talıbov
Anaxeber.info




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar