Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuruyev "Sahil - S İnşaat" şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb. Anaxeber.info-ya məlumat verən zərər çəkənlərin sözlərinə görə, 2 ildir davam edən məhkəmə prosesinə sədrlik hakim Əli Məmmədovda idi. Onun prosesə sədrlik etdiyi dövrdə təqsirləndirilən şəxs barəsində heç zaman belə qərar çıxarılmayıb. İş hakim
Elnur Nuruyeve verildikdən sonra məhkəmənin ilk günü məlum qərarı çıxarıb. Zərər çəkənlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova, həmçinin, Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət edərək hakim Elnur Nuruyev sədrliyi ilə keçirilən prosesdə qərardan narazılıq bildiriblər. Onlar dələduzluq əməlləri sübuta yetirilmiş Pənah Kərimovun ev dustaqlığına buraxılmasını hakim Elnur Nuruyev qanunsuz qərarı hesab ediblər. Müraciətdə vurğulanıb ki, şirkətin sahibi Taley Alaverdiyevdir, 2018-ci ildə Yeni Günəşli ərazisində binanın tikintisinə başlanıb. Pənah Kərimov isə şərik kimi 2021-ci ildə, yəni üç il sonra bu işlərə qoşulub. Sakinlərin bildirdiyinə görə, elə Pənah Kərimovun binanın işlərinə girişməsindən sonra bir mənzilin bir neçə şəxsə satılması halları olub. Buna qədər heç bir dələduzluq, fırıldaq əməli yox idi. İndisə belə bir şəxsin ev dustaqlığına buraxılması yolverilməz haldır. Zərər çəkənlər arasında məhkəmə prosesində iştirak edənlər olub. Onlar Pənah Kərimovun ev dustaqlığına buraxılmasına etiraz ediblər. Bununla belə, hakim Elnur Rzayev öz bildiyini edib və onu ev dustaqlığına buraxıb.
Prezidentə və Ali Məhkəmə sədrinə üz tutan zərər çəkənlər deyiblər ki, Pənah Kərimovun dələduzluq əməlləri prokurorluğun apardığı istintaqla sübut edilib, 165 ailənin zərər çəkdiyi isbat olunub, məhkəmənin qərarı ilə həm Taley Alaverdiyev, həm Pənah Kərimov barəsində həbs qətiimkan tədbiri seçilib. Bu müddətdə istintaq aparılıb, sonra hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmə istintaqı aparılıb, lakin hökm oxunmayıb. Amma elə ki iş hakim Elnur Nuruyeve verilib, ilk gündən Pənah Kərimov azad edilib. Müraciətdə deyilir: "Cənab Prezident və möhtərəm Ali Məhkəmə sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev özbaşınalıq edib. Hakim dələduzluqda ittiham olunan şəxsi özünün ilk məhkəməsində necə azad edə bilər? Hansı məhkəmə-hüquq sistemində görünüb ki, təqsirləndirilən şəxs barəsində belə tezliklə ev dustaqlığı qərarı verilsin? Ən azı bir neçə proses olmalıdır, zərər çəkənlər dindirilməlidir. Bu fakt Azərbaycan məhkəmələrinin və hakimlərinin nə vəziyyətdə olduğunu, hansı sifarişlər yerinə yetirdiyini, rüşvətə bulaşdığını, ölkənin məhkəmə sistemini gözdən saldığını, Elnur Rzayev kimi hakimlərin dələduzları, fırıldaqçıları, bir mənzili bir neçə adama satanları müdafiə etdiyini göstərməkdədir. Bu qərar böyük təəssüf doğurur ki, hakim dələduzu qoruyur. Bizim üçün maraqlıdır, hakim Elnur Rzayev hansı maraq qarşılığında bu qərarı verib? Hər halda, biz sadəlövh deyilik ki, hakimin işə obyektiv yanaşdığına inanaq. Pənah Kərimov hakim Elnur Nuruyevin qohumu-dostu da deyil ki, ona ürəyi yansın. Deməli, burada maddi maraq güdülüb. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Rzayevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb".
Müraciətdə Baş Prokurorluğun hakimin qərarından protest verilməsi istənilib və işə Ali Məhkəmə sədri İnam Kərimovun da qarışması xahiş edilib: "Biz dövlətimizə inanırıq. Əminik ki, Elnur Nuruyev adlı hakimin dələduzu, 165 ailənin başına oyun açan bir cinayətkarı müdafiə etməsinə aidiyyatı orqanlar tərəfindən reaksiya veriləcək. Biz dövlət başçımızın da məsələ ilə bağlı tapşırıq verəcəyinə güvənirik. Bilirik ki, ölkəmizin başına gələn bu faciəvi hadisə, təyyarəmizin vurulması ilə bağlı cənab prezidentin başı qarışıqdır, amma biz zərər çəkən insanlara qarşı hakimin etdiyi bu hərəkətlə bağlı müraciətimizə baxılacağını, Prezident Administrasiyasından mövqe bildiriləcəyini gözləyirik. Ona görə prokurorluğun protesti əsasında Pənah Kərimovun yenidən həbsə göndəriləcəyini, məhkəmə istintaqında zərər çəkənlərin də iştirakı ilə ona hökm oxunacağını gözləyirik. Biz 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs - Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik". Sonda zərər çəkənlər anons ediblər ki, bayram tətilindən sonra hakimin bu qərarına görə PA və Məhkəmə-Hüquq Şurası önünə toplaşaraq etirazlarını bildirəcəklər.
Anaxeber.info