“Bu tədbirlərə nə qədər maliyyənin ayrılması dəqiq bilinmir”
Azərbaycan 2025-ci ildə III MDB oyunlarına ev sahibliyi edəcək.
2025-ci il üçün planlaşdırılan sayca üçüncü MDB oyunları Azərbaycanın son illərdə ev sahibliyi edəcəyi digər bir beynəlxalq tədbirdir.
Bakı daha əvvəl, 2015-ci ildə keçirilən Avropa Oyunları, 2016-cı ildən etibarən hər il baş tutan Formula-1 Azərbaycan Qran-Prisi, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2021-ci ildə Avropa Gənclər Olimpiya Festivalı və s. kimi tədbirlərin ev sahibliyini üzərinə götürüb.
Rəsmi açıqlamaya görə, Azərbaycanda keçiriləcək III MDB oyunları bu dəfə paytaxt Bakıda deyil, Gəncədə baş tutacaq.
Qaydalara görə, bu tipli beynəlxalq tədbirlərin əsas xərclərinin böyük bir hissəsi ev sahibliyi edən ölkə tərəfindən ödənilir.
Eyni zamanda, həmin tədbirlərin təşkil edilməsi üçün dövlət büdcəsindən iki istiqamətdə vəsaitlər ayrılır:
Bu tədbirlərə ev sahibliyi etmək Azərbaycana nə qazandırır?
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, dövlətlərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onların ölkələrinə turist cəlb etməyə hesablanır.
Eyni zamanda, bu tipli tədbirlərin keçirilməsi üçün ayırılan büdcələr, əsasən, turizm vasitəsilə geridönməyi planlaşdırılan büdcələrdir.
“Azərbaycan Cənubi Qafqazda ən az turist qəbul edən ölkədir”
Onun sözlərinə görə, bu oyunlar da, əsasən, MDB ölkələrindən gələn turistlərin sayının artırılması üçündür.
Lakin iqtisadçı bildirir ki, quru sərhədləri bağlı olan ölkənin idman yarışlarına görə turist cəlb etməsi problemlidir, çünki ətraf ölkələrdən gələn turistlərin sayı ciddi şəkildə azalır:
“Qurulan yeni infrastruktur isə sonradan insanların istifadəsinə verilir. Lakin ümumilikdə bu yarışların əsas məqsədi turizmdir, amma Azərbaycan Cənubi-Qafqazda ən az turist qəbul edən ölkədir”.
Bu tədbirlərin keçirilməsinə ayrılan vəsaitin hesabatlılığı varmı?
Cəfərli deyir ki, bu tədbirlərə nə qədər maliyyənin ayrılması dəqiq bilinmir:
“Adətən, Azərbaycanda idman tədbirləri və beynəlxalq tədbirlər adı altında ümumi vəsait ayrılır; həmin vəsaitin nə qədərinin hara xərcləndiyinə dair hər hansısa məlumat verilmir”.
Əksər iqtisadçılar digər beynəlxalq tədbirləri əsas götürərək hesab edirlər ki, bu tipli tədbirlərə dövlət büdcəsindən ümumilikdə və ya detallı nə qədər vəsait ayrıldığı, həmçinin bu vəsaitlərin neçə faizinin keçirilən tədbirlərdən sonra geri döndüyünə dair konkret rəqəmlər mövcud deyil, hər hansı bir açıqlama da verilmir.
Həmçinin bu oyunlar zamanı yaradılan yeni infrastrukturların daha sonra necə, hansı təyinatla istifadə edildiyinə və onlardan gələn gəlirlərə dair də rəsmi hesabat yoxdur.