Bakıda aksiya: hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu azad etməsi sakinləri ayağa qaldırdı - VİDEO
Bu gün, 09:04
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin dələduzluqda təqsirləndirilən "Sahil - S İnşaat" tikinti firmasında vəzifə tutmuş Pənah Kərimovu ev dustaqlığına buraxması sakinləri ayağa qaldırıb. Anaxeber.info bildirir ki, dələduz əməlləri sübuta yetirilmiş Pənah Kərimovun həbsdən buraxılması zərər çəkən sakinləri hiddətləndirib. Onlar buna etiraz olaraq Məhkəmə-Hüquq Şurasının qarşısına yığışıblar və hakim Elnur Nuriyevin bu qərarından narazılıq ediblər. Şikayətçilərin sözlərinə görə, Pənah Kərimov şirkətdə ikinci şəxs olub, hazırda həbsdə olan MTK rəhbəri Taley Alaverdiyevin şərik idi. Onlar bildiriblər ki, 2018-ci ildə tikintisi başlanan binanın hər hansı problemi yox idi, ta ki 2021-ci ildə Pənah Kərimovun şərikliyi ortaya çıxanadək. Elə bundan sonra mənzil almaq istəyənlərin aldadılması halları baş verib. Belə ki, Pənah Kərimov bir mənzili bir neçə şəxsə satıb və nəticədə xeyli insan dələduzluğun, fırıldağın qurbanı olub. Məhkəmə-Hüquq Şurası önünə toplaşan zərər çəkənlər deyiblər ki, indi belə bir dələduzun hakim Elnur Nuriyev tərəfindən ev dustaqlığına buraxılması yolverilməz haldır və qanunsuz addımdır. Sakinlər qeyd ediblər ki, Pənah Kərimovun dələduzluq əməlləri istintaq materiallarında öz əksini tapıb, Baş Prokurorluq yanında Mübarizə Baş İdarəsi onları zərər çəkən kimi tanıyıb, bütün faktlar ortadadır. Bunun ardınca iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyinə verilib. Onun prosesə hakimlik etdiyi dövrdə Pənah Kərimov həbsdə saxlanıb və təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətlər əsaslı olaraq təmin edilməyib. Lakin bir müddət sonra işə sədrlik hakim Elnur Nuriyevə verilib. O isə özünün sədrlik etdiyi bu işin elə ilk iclasında Pənah Kərimovu ev dustaqlığına buraxıb. Zərər çəkmişlər hakimin bu qərarına etiraz ediblər və vurğulayıblar ki, hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla hansısa sövdələşməsi olub. Sakinlərin dediyinə görə, Pənah Kərimov azadlıqda olduğu dövrdə onları hədələyib, kommunal xidmətlərin təmin edilməsi üçün hər sakindən 5 manat tələb edib. Halbuki qanunla kommunal infrastruktur dövlət qurumları tərəfindən qurulur. Amma Pənah Kərimov təhdid edib ki, kim 5 min manatı verməsə, binaya buraxılmayacaq. Şikayətçilərin sözlərinə görə, bu fakt da prokurorluq tərəfindən qeydə alınıb və zərər çəkən tərəf kimi tanınanlar var. Sakinlər bildiriblər ki, Prezidentin və I Vitse-Prezidentin göstərişi, dəstəyi sayəsində binanın qaz, işıq, su təchizatı həllini tapıb, vətəndaşların öz vəsaiti hesabına isə liftlər qoyulub, su hovuzu tikilib, binada yarımçıq qalan bir sıra, işlər görülüb. İndisə Pənah Kərimovun ev dustaqlığına buraxılması onun yenidən binanın məsələlərinə müdaxilə etməsinə səbəb ola bilər. Sakinlər deyiblər ki, hakim bu qərarı çıxararkən zərər çəkmişlər məlumatsız olublar, prosesdə iştirak etməyiblər, onlara dəyən ziyanın kompensasiya edilməsi hələ də qeyri-müəyyən olaraq qalıb. Zərər çəkənlərin tələbi budur ki, işə yenidən baxılsın və Pənah Kərimov həbsə göndərilsin. Onun bu qərarı hüquqa, məhkəməyə, qanunlara və zərər çəkənlərə hörmətsizlikdir. Hakimin bu qərarı niyə verməsi də araşdırılmalıdır. Biz Ali Məhkəmə sədri İnam Kərimovdan və Baş Prokuror Kamran Əliyevdən xahiş edirik ki, hakim Elnur Nuriyevi dələduz Pənah Kərimovla nə bağladığı araşdırılsın.