Trampla Putin telefonla danışıb, bu barədə razılığa gəliblər
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social”-da yazıb.
“İndicə Rusiya Prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər müxtəlif mövzuları müzakirə etdik. Hər şeydən öncə hər ikimiz razılaşdığımız kimi, Rusiya-Ukrayna ilə müharibədə baş verən milyonlarla ölümü dayandırmaq istəyirik. Bunun üçün də müvafiq komandalarımızın dərhal danışıqlara başlaması barədə razılığa gəldik. Prosesə Ukrayna Prezidenti Zelenskiyə zəng edərək başlayacağıq”, – Tramp bildirib.
O, danışıqlara rəhbərlik etməyi ABŞ dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Maykl Vals və xüsusi elçi Stiv Uitkoffa tapşırdığını qeyd edib.
Trampın Putinlə telefon danışığından dərhal sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng etdiyi bildirilir.
Bu barədə “Ukrainskaya Pravda” Zelenski ofisinə istinadən xəbər yayıb.
Söhbətin təfərrüatları açıqlanmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün öncə, fevralın 4-də britaniyalı jurnalist Piers Morqanla müsahibəsində demişdi ki, əgər bu, sülhün əldə olunmasına kömək edəcəksə, Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazırdır.
Daha öncə dövlət katibi Marko Rubio bildirmişdi ki, Ukrayna sülh danışıqlarında Rusiyaya güzəştə getməlidir.
Çünki Ukraynanın Rusiyanın nəzarətində olan bütün torpaqları geri qaytarması real görünmür.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.