“RUSİYA KABUSU HƏLƏ BİTMƏYİB, 2028-ci İLƏ QƏDƏR VAXT VAR” - “Biz Moskvanın dostu deyilik, amma...”

Bu gün, 11:55   



İqbal Ağazadə: “Azərbaycan xaric məsələlərdə oyunçu kimi əhəmiyyətli bir rola sahibdir”



Ümid Partiyasının sədri İqbal Ağazadə “AzPolitika”-ya müsahibəsində regionda cərəyan edən proselərlə bağlı sualları cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Gündəmdəki əsas mövzulardan biri ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasıdır. Azərbaycanın Ermənistanla normallaşma prosesi ilə bağlı şərtlərini nəzərə alsaq, bu razılaşma regiondakı proseslərə təsir edə bilərmi?

- Ermənistan ilə ABŞ arasında bağlanan müqavilə ilkin, gələcəyə hesablanmış bir addımdır. Hər şey Ukrayna müharibəsinin nəticələrindən və Rusiyanın postsovet ölkələrinə təsir imkanlarının necə olacağından asılıdır. Amma hər halda niyyətlərini ifadə edirlər, ortaya qoyurlar ki, bax, biz sizinlə də işləmək niyyətindəyik. Cənubi Qafqazda faktiki olaraq Gürcüstan və Azərbaycan ABŞ və Qərb siyasətindən uzaqlaşmış kimi görünür. Azərbaycan hakimiyyəti fərqli siyasət yürütməyə çalışır. Azərbaycan xüsusilə 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildə Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra çalışır ki, qüvvələri balanslaşdırsın. Çünki Azərbaycan hökuməti də, xalqı da, dünya dövlətləri də, ekspertlər də, hər kəs bilirdi ki, bu müharibəni törədən, Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. Rusiya Türkiyə ilə münasibətlər, o cümlədən gələcəkdə Cənubi Qafqazda baş verən hadisələrdə Azərbaycanı itirməmək xatirinə bəlli bir addımlara getdi. Amerika Birləşmiş Ştatlarının da təbii ki, öz planları var idi. Orta dəhliz məsələsində ABŞ-yə görə proqramın gerçəkləşdirilməsi üçün mütləq tərəflərin hüquqi statusları bəlli olmalı idi. Bu ərazilərə hakim olmalı və bu prosesi gerçəkləşdirməli idi. İndi postsovet ölkələrində baş verən hadisələr göstərir ki, Qərb Gürcüstan və Azərbaycanla, qismən də bu gün Ermənistanla bu istiqamətdə əlaqələr qurmağa və Cənubi Qafqazda ən azı özünün yaxın müttəfiqini müəyyənləşdirməyə çalışan bir siyasət ortaya qoyur. Ermənistan bu baxımdan onlar üçün əhəmiyyətlidir.


Ermənistan daxilində vəziyyətin gərgin olmasının, Rusiyanın orada hərbi baza saxlamasının önəmi yoxdur. Sadəcə, Ermənistanda uzun illər xalqın bütün təbəqələrində Azərbaycan torpaqlarına iddia sindromu var idi. İndi o sindrom da məğlub olmuş durumdadır.

Bu gün ABŞ-nin Cənubi Qafqaza gəlməyini bir niyyət adlandırmaq olar. Hər şey yenidən başlayır kimi görünür.

- Amma indi Ermənistanın regionda imkanları çox zəifdir. Habelə, daxili durumu da yaxşı deyil. Ənənəvi ideologiyaya söykənərək mübarizə aparan, Rusiyanı bölgədə saxlamaq istəyən qüvvələr də çox zəifdir, son 6 ildə heç bir uğur qazana bilməyiblər…

- Rusiya bu istiqamətdə Ermənistan üçün bütün qapıları bağlamadı. Rusiyanın da başqa yolu qalmayıb, bütün yerlərdən sıxışdırılıb, artıq keçmiş sovet regionuna sığınıb.


- Rusiyanın yaxın gələcəkdə güclənmə ehtimalı varmı?

- Hər halda, 30 faizə qədər ehtimal var. Çünki dünyanın proseslərə münasibəti adekvat deyil. İndiyədək universal dəyərlər sistemindən dünyaya baxış vardı. 2028-ci ilə qədər yeni baxışları formalaşdırmaq çox çətin olacaq. İndi məsələyə milli maraqlar kontekstindən baxırlar. Bu kontekstdə isə bəzən Rusiya ilə münasibətlər çox rahat qəbul olunur. Hələlik Rusiyaya qarşı sərt addımlar atılacağına ümid çox azdır. Rusiya isə bundan istifadə edəcək.

- Ermənistanın Qərbə meyl etməsi müşahidə olunur. Bəs Rusiyanın bu məsələdə Ermənistandakı qırmızı xətləri haradan keçir?

- Rusiyanın qırmızı xətləri ümumilikdə postsovet ölkələrindən keçir. Orada “tək Ermənistanda Moskvanın qırmızı xətti var” deyə bir şey yoxdur. Rusiyanın Ermənistana təsir imkanları olduqca böyükdür. Türkiyə ilə sərhədlər açılmayıb, qardaş ölkə ilə Rusiyanın münasibətləri aşağı-yuxarı tənzimlənən münasibətlər sisteminə aiddir. Habelə, Rusiyanın iErmənistana iqtisadi və sosial cəhətdən təsir imkanları olduqca böyükdür. Bu gün erməni məhsullarının böyük əksəriyyəti Rusiya bazarlarındadır. İqtisadi və investisiya qoyuluşu cəhətdən də belədir. Rusiya Ermənistan bazarında birincidir. Heç bir ölkə orada Rusiya ilə rəqabət apara bilmir. Məsələn, Azərbaycanda belə deyil. Azərbaycanın idxal və ixrac siyasətində Rusiya dördüncü, beşinci yerləri bölüşdürür. Ermənistanda isə birincidir. Rusiya investisiya qoyuluşunda Azərbaycanda ilk onluqdadır, Ermənistanda isə yenə birincidir. Rusiya üçün əslində Ermənistanı istənilən vaxt zəbt etmək imkanları var. Buna görə də Moskva İrəvandan o qədər də narahat deyil. Onun üçün postsovet ölkələrindəki ümumi vəziyyət, xüsusilə Moldova, Gürcüstan bu gün daha cəlbedicidir. O cümlədən də Orta Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Çin, Türkiyə və türk dünyası münasibətləri içərisində onu narahat edən məqamlar daha çoxdur, nəinki Ermənistanda. Çünki Ermənistan onun ovucunun içindədir. Həm də Azərbaycandan, Gürcüstandan fərqli olaraq orada hərbi bazası var. Hərbi müdaxilə üçün Rusiyaya mane ola biləcək bir güc isə yoxdur. Ukraynada bu prosesi dayandıra bilmədilər. Ona görə də Ermənistanda daxildə vəziyyət nə qədər Rusiya əleyhinə olsa belə, zaman keçdikcə Rusiya qapıları bir qədər sıxıb, iqtisadi, sosial sistemdə problemlər yaradacaq.


- Dediyiniz real təzyiqlər nə zaman işə düşə bilər? Yanvardan bəri Ermənistan hakimiyyəti iki addım atıb - Avropa İttifaqına üzvlük müraciətini rəsmiləşdirib və ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin bəndlərinə görə ABŞ Ermənistana daxil olur, sərhəd təhlükəsizliyi məsələlərinə müdaxilə edir. Hətta, Ermənistanın enerji təminatında rol almaq, ROSATOM-un monopoliyasını bölmək istəyir. Başqa komponentlər də var. Sizcə, Rusiya nə vaxt hərəkət edəcək?

- Rusiyanın hərəkətə keçməsi Qərblə danışıqların hansı mərhələdə olacağından asılıdır. Amerika ilə hansı münasibətlər sistemi olacaq? Ukrayna-Rusiya münasibətinə və müharibəsinə ABŞ-nin yeni administrasiyasının reaksiyası necə olacaq? Gürcüstana münasibətdə hansı mövqe tutacaqlar? Avropa Birliyi- ABŞ münasibətləri yeni mərhələdə kimin xeyrinə olacaq? Məsələn, Tramp istəyir ki, əgər gərginlik olarsa, Rusiyaya yaxın dövlətlərin hamısını Moskva ilə münasibətlər sistemində ön cərgəyə qoysun, özü isə onların arxasında olsun. Avropa həmişə bundan qaçıb. Amma indi artıq Avropanı buna məcbur edən bir siyasət olacaq. Bütün bunlardan sonra Rusiya hərəkətə keçmə mexanizmlərinin formalarını və zamanını müəyyən edəcək. Ona görə də hələ Rusiya da səbr edir. Çünki yeni dünya düzənində Trampın ata biləcəyi addımlar nə olacaq, onu gözləyir.


- Yəni belə demək mümkündürsə, hələ azı altı ay Ermənistanın zamanı var ki, Rusiya ilə indiki münasibətləri davam etdirsin.

- Bəli, bu qədər zamanı var.

- Trampın hakimiyyətə gəlişilə ABŞ-nin bütün regionlarda xarici siyasətində dəyişiklik gözlənilir. Azərbaycana qarşı ayrı-seçkilik siyasəti dəyişəcəkmi. Əgər dəyişməzsı, Azərbaycanın xarici siyasəti necə olacaq?

- Onu qeyd edim ki, Azərbaycan Prezidenti yeni çıxışında bir məqamı xüsusi qeyd etdi ki, biz yanvar ayının sonlarından Azərbaycana qarşı ikili siyasətin yürüdülməyəcəyinə və böhtanların, şər kampaniyalarının dayandırılacağına ümid edirik. Açıq görünən budur ki, yeni Tramp administrasiyasının Avropaya münasibətdə, bura Azərbaycanı da daxil edirəm, köhnə siyasətini dəyişəcəyi gözlənilir. Azərbaycan tərəfi də buna ümid edir. Dəyişməyəcəyi təqdirdə nə olacaq? Qərbin və Amerika Birləşmiş Ştatlarının Rusiyaya münasibəti bizim yürüdə biləcəyimiz siyasətin göstəricisi olacaq.


- Xarici İşlər naziri Ceyhun Bayramov bu günlərdə demişdi ki, USAİD-in bağlanma ehtimalı var. Bu, sanki Tramp hökumətinə bir siqnal idi…

- Görünür, müsbət, impulsiv mesajlar alınmır və proses davam edir. Adətən, bu tipli proseslərdə masa arxasına gəlmək üçün nə edirlər? Qarşı tərəf hansı addımlar atırsa, sən də yeni addımlar atırsan ki, tərəflər ən azı danışıqlar masasına əyləşsin. Amma yenə deyirəm, bu, təkcə bizdən və ya bizim yanaşmamızdan asılı olmayacaq. Rusiya sıxılacaqsa, bu baş verəcək. Rusiyaya qarşı regiondan bütövlükdə sıxışdırılma ilə bağlı bir xətt yürüdüləcəksə, Azərbaycan Rusiyanın yanında istəsə belə dayana bilməyəcək. Çünki bundan böyük ziyan görə bilər. Ona görə də Azərbaycan Rusiya ilə müttəfiq olmağı qəbul etməyəcək və o, Avropa ilə və yaxud dünya ilə dil tapmağa çalışacaq.

Azərbaycanın indi əlində manevr üçün kifayət qədər variantlar var. Birincisi, Azərbaycanın imkanları Türkiyə ilə bağlıdır. Türkiyə bu istiqamətdə həm Suriyada, həm Rusiya ətrafında baş verən proseslərdə Amerika Birləşmiş Ştatları ilə dil tapa biləcək imkandadır. Həm də keçən il bağlanılan strateji müttəfiqlik sazişində (Türkiyə və ABŞ arasında Vaşinqtonda imzalanmış müqaviləni nəzərdə tutur – red.) də bunun parametrlərini bu və ya digər şəkildə göstərmişdilər. Baxmayaraq ki, onların strateji müttəfiqliyi haqqında bir müqavilə imzalamağa da ehtiyacları yox idi, çünki bunlar NATO-nun üzvüdürlər. Amma bu müqavilə bağlandısa, demək bir şeylərə ehtiyac var. İkincisi, Azərbaycan öz şərtlərini bəlli edib. Ermənistanla sülh sazişinin artıq 90 faizi razılaşdırılıb. Azərbaycan bunu dünən də imzalaya bilərdi, bu gün də imzalaya bilər. Amma Azərbaycan buna həm də Qərbin istədiyi dönəmdə masada əyləşib bir jest olaraq imza ata bilər.



- Rusiyanın iştirakı olmadan iki ölkə arasında sülh sazişinin imzalanması mümkündürmü?

-Yenə deyirəm, bu, o zaman olacaq ki, Rusiyaya münasibət kəskinləşəcək. Rusiya hansı yerdə olacaq? Özünəmi başı qarışacaq, yoxsa kənara… Bu gün Rusiyanın qazı Avropaya getmir. 2025-ci ilin yanvar ayının 1-dən dayandırdılar. Rusiyanın bütün gəmilərinə sanksiya tətbiq olundu və onlar artıq neft daşıya bilmirlər. İndi ən böyük alıcılar kimi Hindistan və Çin hansı mövqe nümayiş etdirəcək? Çin bu istiqamətdə müstəqil siyasət yürüdürmüş kimi görünsə də, Hindistan bu sahədə heç də müstəqil deyil. ABŞ ilə bütövlükdə bu istiqamətdə tam şəkildə ortaq dil, mövqe ifadə edən bir dövlətdir. Çin də bu istiqamətdə zərbələri öz üzərinə götürmək istəmir. Çünki Çin iqtisadiyyatının 40 faizi də bilavasitə ABŞ ilə bağlıdır. Trampın Çinə münasibətində hansı addımlar ata biləcəyi göz önündədir. Ona görə də daha ucuz, sorğulamaq kimi bir imkanı olmayan İran bazarı varkən, Rusiya o qədər də maraqlı görünməyəcək.

- Türkiyə ilə ABŞ arasındakı strateji sazişdən danışdınız. Bu sazişin çevrəsinə Türkiyənin Cənubi Qafqazdakı rolu, regionda Türkiyə-ABŞ əməkdaşlığı da daxildirmi? Ermənistandakı anti - Rusiya proseslərinə baxsaq, Türkiyə gələcəkdə burada hansı rolu oynaya bilər?

- Türkiyə ilə Ermənistan sərhədlərinin açılması üçün təxminən eyni mövqe ifadə edirlər. Ortada Azərbaycanla müqavilə faktı var. Məsələ isə Orta Dəhliz faktorudur. ABŞ-nin dünyadakı rəqibi Çindir. Çindən 3 yol çıxır ki, biri Qırmızı dəniz vasitəsilədir. Bu gün oraya nəzarət faktiki olaraq ABŞ-nin əlindədir. İkinci yol Rusiyadan keçən magistral yoldur. Hansı ki, sanksiyalar tətbiq olunur və istifadəsi mümkün deyil. Üçüncü dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə ilə Avropaya çıxış – yəni, Orta Dəhlizdir. ABŞ istəyir ki, Çinlə burada rəqib olanda nə konfliktlər, nə nəzarətsiz zona, nə də başqa bir şeylər olmasın. Hər şey Amerika Birləşmiş Ştatlarının nəzarətində olsun. Bu gün beynəlxalq logistikaya kim nəzarət edirsə, dünyanın açarı onun əlindədir. Dünyanın iki açarı var. Nüvə silahı-filan yardımçı vasitələrdir. Nüvə silahını 1945-ci ilin 6 avqusutndan bu yana istifadə edən ölkə yoxdur. İki açardan biri maliyyə bazarıdır. Bura ABŞ nəzarət edir. Dünyanın bütün valyutaları, hətta avro belə ABŞ-nin nəzarətindədir. İkinci açar isə logistikadır. ABŞ logistik imkanlara nəzarəti faktiki olaraq ələ götürmək uğrunda böyük savaş açıb və Türkiyə ilə strateji müttəfiqlik, Cənubi Qafqazın taleyi bu logistik imkanların kimin əlində olması ilə müəyyənləşəcək. Məsələn, Rusiya da Suriyada bu logistik imkanlar üçün savaşırdı. Cənubi Qafqaz və postsovet ölkələrində, Orta Asiya, o cümlədən Ukrayna və digərləri ilə bağlı Rusiyanın böyük dərdləri var. Rusiya öz ərazisində ən azı 10 -15 konfliktli zona saxlayan bir imperiyadır. Demokratiya onun sərhədlərinə dirənsə, içəri keçsə, bu ərazilərin hamısı müstəqillik uğrunda savaşa başlayacaq. Heç kim deyə bilməz ki, Kadırovun mövcudluğu çeçen xalqının milli azadlıq hərəkatını səngidib. Ola bilər ki, bu gün danışılmasın, meydanda olmasınlar. Amma Rusiyanın imkanları tükənəndə, təsir imkanları azalanda ilk ayağa duran xalq onlar olacaq.

Tatarıstan uzun illərdir dil uğrunda döyüşür. Hamısından böyük Başqırdıstandır, o da döyüşür. 900 minlik Tuva var, döyüşür. 300 minlik altaylar var ki, dilini yaşatmaq uğrunda mübarizə aparır, məktəblər açır. Özü də nə zaman açıb? Rusiya Dumasında qərar qəbul olunanda ki, rus dili hakim dil kimi qəbul olunsun. Elə həmin an Tuva da, Altay da qərar qəbul etdilər ki, orta məktəblərin ən azı ibtidai siniflərində yerli dil keçirilsin. Halbuki, xakas dilini çoxdan unudan böyük bir nəsil var. Tuvanı unudan, Altayı unudan nəsil var. Bunlar hamısı bir mərhələdən sonra ayağa qalxa biləcək xalqlardır. Ona görə Rusiya üçün çox çətindir. Rusiya həm logistik imkanlar baxımından döyüşməlidir, həm də demokratiya onun ərazisinə gəlməməlidir. Rusiya kimlə düşməndir? Harada ki, demokratiya var, onlarla. Hansı postsovet ölkələrinə demokratiya gəlir, onunla düşmən olur. Bu gün Putin Lukaşenko ilə dostdur. Niyə? Çünki Belarusda demokratiyadan əsər-əlamət yoxdur. Amma Zelenski ilə düşməndir. Çünki demokratikləşməyə doğru gedir.

- Qarşıdakı dövrdə Azərbaycan sülh danışıqları ilə bağlı Ermənistana ciddi təzyiqlər edə bilər. Prinsipcə Bakının vahid strategiyası belədir: Zəngəzur dəhlizi açılmalıdır, Qərbi Azərbaycandan qovulanlarla bağlı İrəvan öz üzərinə öhdəliklər götürməlidir, sərhədlər Bakının istədiyi şərtlərlə dəqiqləşdirilməlidir. Əgər İrəvan bu şərtləri Qərbin təzyiqi ilə qəbul etməsə, o zaman nə edəcəyik? Sülh sazişi imzalayıb, yeni mərhələyə çıxa bilərikmi?

- Əvvəla, onu deyim ki, Zəngəzur dəhlizi yalnız bizim problemimiz deyil. Burada iki məqam var, onlardan biri Rusiyanın patronajlığıdır. Rusiya istəyir ki, Zəngəzur dəhlizinə ya özü, ya da ona yaxın qüvvələr nəzarət etsin. Kreml üçün ideal plan o idi ki, 10 noyabr sazişi yerinə yetirilsin, sərhəd açılsın, Federal Təhlükəsizlik Xidmətinin və sərhəd qoşunlarının əsgərləri orada sərhədi qorusun, nəzarət etsin. Bu, birinci mərhəldə iflasa uğradı. İkinci mərhələdə Rusiya istəyir ki, Azərbaycan hücuma keçsin, tarixi dədə-baba torpaqlarını alsın. Rusiya bilir ki, ABŞ vasitəçilik rolunda çıxış edə bilməyəcək, məsafə uzaqdır. Amma Rusiyanın qoşunları var. Yenə 10 noyabrda oludğu kimi, qoşunlarını gətirsin, sonra Azərbaycanla sazişə imza atsın və əraziyə nəzarət etsin. Bu gün ABŞ də, Rusiya da, Türkiyə də, Azərbaycan da bir sözlə, hər kəs bilir ki, Zəngəzur dəhlizi açılacaq. Ona görə də hər tərəf öz marağını güdməyə çalışır. Azərbaycan Qərbi Azərbaycana qayıdış məsələlərini gündəmə gətirir ki, ermənilərin Azərbaycana geri dönüşü ilə bağlı hansısa şərtlər müqaviləyə salınmasın. Azərbaycan bu məsələlərdə öz mövqeyini möhkəmləndirir. Yeri gəlmişkən, Paşinyanın təklif etdiyi şərtlər içərisində qaçqınların, o cümlədən həbsdə olanların taleyi ilə bağlı məsələlər var. ABŞ istəyir ki, Ermənistan onun patronajlığında olsun, Zəngəzur dəhlizinə Ermənistandan başqa kimsə nəzarət etməsin. Türkiyə istəyir ki, Amerika-Azərbaycan münasibətlər sistemində oynadığı rolu Ermənistanla münasibətlər sistemində də oynasın. Türkiyə istəyir ki, yaxın qonşuluq əlaqələrinin bərpası, tarixi düşmənçiliyin sona çatması nəticəsində Azərbaycanla münasibətlərdəki qədər olmasa da, ona yaxın bir rolu olsun. Ermənistan isə bu istiqamətdə Rusiyadan qurtulmağa çalışır. Çünki başa düşür ki, Rusiyadan yaxa qurtarmasa, tarixi perspektiv sıfıra bərabərdir. Niyə 30 il üzərində durduqları “artsax” və “böyük Ermənistan” ideologiyası faktiki olaraq iflasa uğradı? Çünki içəridə çox ciddi bir proses gedir - əhalinin Ermənistandan getmək məsələsi var. Əgər biz SSRİ-dən ayrılarkən 7 milyon indiksə, artıq rəsmi statistikada 10 milyonun üzərindəyik. Ermənistan 3.6 milyon idisə, indi 2,7 milyondur. Bu say getdikcə azalacaq. Biz tarixə bəlkə 10 il, 20 il, 30 il, 50 il çərçivəsində baxırıq. Amma bir geniş kontekstdə baxsaq, 200-300 il ərzində regionda artan türklər, möhkəmlənən Azərbaycan türklərinin sayı demoqrafik üstünlüyə gətirib çıxaracaq. Gələcək nəsillər üçün yaşamağa boş ərazi qalmayacaq. Ermənistan bu tendensiyanın perspektivini bildiyi üçün qonşularla sülh prosesi içərisində və həm də əhalinin gedişinə mane ola biləcək faktorlar əldə etmək uğrunda çalışır. Əhalinin getməsi üçün tətikləyici faktorların ən böyüyü Türkiyənin və Azərbaycanın Ermənistanın sərhədlərində olmasıdır. Diqqət etsəniz, 2020 və 2023-cü ildəki savaşlardan sonra sərhəd kəndlərindən ən azı 10 minə qədər insan Rusiyaya köç edib. Bu say daha da artacaq. Çünki orada yaşlı nəsil qalacaq. Onlar da gedəndən sonra evlər boşalacaq. Yeri gəlmişkən, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların yaşadığı kəndlərin böyük əksəriyyəti bu gün boşdur. Ora insan yerləşdirə bilmirlər. Ermənistan bütün bunların hamısını ölçür, biçir və ona görə də istəyir ki, qonşularla normal münasibətdə olsun. Azərbaycan da bütün bunların hamısını bilir və bir az strateji oynamağa çalışır. Yeri gəlmişkən, Azərbaycan xaric məsələlərdə oyunçu kimi əhəmiyyətli bir rola sahibdir. Çox təəssüf ki, bu, daxili siyasətdə öz elementlərini göstərmir. Əgər daxili siyasətdə də bu olsaydı, biz çox böyük, möhtəşəm bir dəstək əldə edə bilərdik. Ən azı bizə qarşı təzyiq rıçaqları azalardı.


- Təbii ki, Azərbaycanın son 35 ildə iki böyük tarixi nailiyyəti var. Biri müstəqilliyin qazanılmasıdırsa, digəri erməni işğalına son qoyulmasıır. Hər ikisi daxili həmrəyliyin nəticəsində mümkün olub, yəni burda daxili güc faktoru birincidir. Rusiya ilə münasibətlər də çox vacibdir. Məlum təyyarə hadisəsindən sonra Rusiya ilə məsafəli bir siyasət yürüdülür. Sizcə, Rusiya- Azərbaycan münasibətlərinin perspektivi qarşıdakı dövrdə necə olacaq?


- Rusiya-Azərbaycan münasibətlərinin perspektivi ayrıca bir kontekstdə müşahidə oluna bilməz. Çünki Rusiyanın postsovet ölkələrinə eyni münasibəti, siyasəti var. Onun içərisində Azərbaycan “sən mənim qardaşımsan, dostumsan, müttəfiqimsən” deyə bir anlayış yoxdur. Rusiyanın ya vassalları olur, ya da düşmənləri. Biz Rusiyanın dostu deyilik. Ona görə də Azərbaycan manevr etməyə məcburdur. Çünki Rusiyanın caynaqları çoxdur. Dünya isə hələlik Rusiyanın qarşısında dayana bilmir. Onu Gürcüstanda, Moldovada, Ukraynada durdura bilmirlər və proses gedir. Bu prosesi Rusiya genişləndirəcəkmi? Başqa postsovet ölkələrinə də bunu şamil edə biləcəkmi? Çox çətindir. İndi də rus ekspertlər etiraf edirlər ki, Rusiya Azərbaycanda fundamental bir səhv etdi. Deyirlər ki, Rusiya ən azı 2025-ci ilə qədər qoşunlarını Azərbaycandan çıxarmamalı idi. Rusiya nəyin hesabına bunu etdi, nə təklif olundu ki, belə bir addım atdı? Bu bilinmir. Ancaq hər nə oldusa, bu, Azərbaycan diplomatiyasının uğurudur. Bizim hökumət ona görə də Rusiya ilə bu gün ehtiyatlı davranır. Bunun vətəndaş cəmiyyətinə, siyasi partiyalara, müxalifətə, jurnalistlərə bir aidiyyəti yoxdur. Biz cəmiyyət olaraq nə istəyirik, necə istəyirik deməyə haqqımız və hüququmuz var. Biz Rusiyanın iç üzünü cəmiyyət üçün bildirməliyik, deməliyik. Lakin hökumətin bu istiqamətdə yürüdə biləcəyi siyasət ehtiyatlı və sürüşkəndir. Çünki Rusiya kabusu hələ bitməyib, 2028-ci ilə qədər vaxt var.

- Bəs İranla bağlı?


- İranla bağlı münasibətlərdə Azərbaycan geri çəkilməməlidir. Çünki İranın üzərinə gedəcəklər. Azərbaycan bu istiqamətdə ordunun üstünlüklərindən yararlanmağa çalışacaq. Həmçinin bilirsiniz ki, İranda 40 milyona qədər azərbaycanlı yaşayır və bunların milli kimlik savaşı heç bir halda durdurula bilmir. Bunun adını müstəqillik də qoya bilərik, azadlıq da, Güney Azərbaycan Cümhuriyyətinin yaradılması da. Amma onların ən böyük mübarizəsi milli kimlik davasıdır ki, bunu da illərdir israrla aparırlar. Suriyada baş verəcək hadisələr, İran-Rusiya müttəfiqliyinə Qərbin münasibəti, o cümlədən atom enerjisi ilə bağlı əməkdaşlığın müddətinin bitməsi və s. Bütün bunların hamısı İrana qarşı sərt münasibətin göstəricisi olacaq. Bu, həm də İranın proksi təşkilatlarının faktiki olaraq gücdən düşməsinə görədir. İranla həmişə nəyə görə hesablaşırlar? Çünki İranın “Hizbullah”ı, “Ceyşullah”ı, Bəşər Əsədi var idi. İndi bütün bunlar hamısı gücdən düşmüş vəziyyətdədir və faktiki olaraq son dövrlərini yaşamış kimidirlər. Kiçik qruplar halında fəaliyyətlərini davam etdirə bilərlər. Lakin bu gün İran Əfqanıstanla, Türkiyə ilə, Suriya ilə, ərəb ölkələri ilə, Pakistanla, Azərbaycanla dost deyil. İran faktiki təklənmiş durumdadır. İranda rejim dəyişikliyi, hətta ali dini rəhbərin ölümü, onun postu uğrunda gedəcək mübarizə belə prosesləri fərqli istiqamətə gətirə bilər. Ona görə Azərbaycan bu istiqamətdə Türkiyə ilə ortaq hərəkət etməlidir. Biz Güney Azərbaycan məsələsində israrlı olmalıyıq. Mən demirəm ki, İran dərhal bölünəcək, amma İranın taleyi həll olunanda, masanın bir tərəfində mütləq Güney Azərbaycan türkləri oturmalıdır. Bir xalq, böyük bir toplum olaraq orada oturmalıdır və haqlarının haradan başlayıb harada qurtardığını çox aydın şəkildə masaya qoymalıdır.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar