Dünyadakı adi insanlar bir neçə zəngin şəxsin nəhəng sərvəti altında əzilir

Bu gün, 09:23   


Milyarderlərin sərvəti heç vaxt olmadığı qədər sürətlə artır

Dünyada bərabərsizlik getdikcə artır və "aristokratik oliqarxiya" gözlənilməz səviyyədə sərvət yığır. Bu barədə qlobal yoxsulluq və bərabərsizliklə mübarizə aparan beynəlxalq qeyri-hökumət təşkilatı - "Oxfam"ın ötən həftə dərc olunmuş illik hesabatında deyilir.

Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində açıqlanan hesabatda bildirilir ki, 2024-cü ildə milyarderlərin sərvəti 2 trilyon dollar artıb. Bu da əvvəlki (2023) il ilə müqayisədə onların sərvətinin üç dəfə daha sürətli böyüməsi deməkdir.

Hesabata görə, dünyanın ən zəngin 1 faizi qlobal sərvətin 45 faizinə sahib olduğu halda, bəşəriyyətin 44 faizi gündə 6.85 dollardan az gəlirlə yaşayır. Qlobal yoxsulluq səviyyəsi isə 1990-cı ildən bəri, demək olar ki, dəyişməyib.

"Biz bu hesabatı dünyadakı adi insanların bir neçə zəngin şəxsin nəhəng sərvəti altında əzildiyini göstərən ciddi bir xəbərdarlıq olaraq təqdim edirik", - "Oxfam"ın icraçı direktoru Amitabh Behar deyib.

Hesabatda qeyd olunan digər bir məqam gələcək 10 ildə trilyonerlərin meydana çıxmasının gözlənilməsidir. "Oxfam" bunu onunla əsaslandırır ki, son 10 ildə ən zəngin 10 milyarderin sərvəti gündə ortalama 100 milyon dollar artıb. Keçən il isə 204 yeni milyarder ortaya çıxıb.

"Oxfam"ın icraçı direktoru zənginlərin artıq iqtisadi və sosial siyasətləri formalaşdırmaq iqtidarında olduğunu, nəticədə bunun onlara daha çox mənfəət gətirdiyini vurğulayıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar