Ermənistanla Azərbaycanın sülh danışıqlarının mətnini tam razılaşdırmasını dünyanı alqışladı. Ötən gün ABŞ, Rusiya, BMT, Avropa İttifaqı, Avropa Şurası, Almaniya, Fransa, İspaniya və bir sıra ölkələr bu anlaşmanı tarixi nəticə kimi qiymətləndirdilər. Bəyanatlarda tezliklə yekun sülh müqaviləsinin imzalanması da vurğulanırdı. Amma nəinki tezliklə, ümumiyyətlə, bu il sülh sənədinin bağlanması gözlənilmir. Çünki Ermənistanın yerinə yetirməli olduğu öhdəliklər qalır. Bu xüsusda Konstitusiya dəyişikliyi birinci tələbdir. Çünki Qarabağın Ermənistana birləşdirilməsi ideyası anaqanundan çıxarılmalıdır. Qarşı tərəf isə gələn il referenduma gedəcək. Deməli, 2026-dan tez sülh müqaviləsi imzalana bilməz. Yeri gəlmişkən, baş nazir Paşinyan referenduma gedilməsini Azərbaycanın tələbinin yerinə yetirilməsi ilə əlaqələndirməyib. Onun sözlərinə görə, bu, zərurətdir və ölkə islahatlara hamilədir. Olsun, erməni baş nazirin bu fikirləri daxili auditoriya üçün söylədiyi şübhə doğurmur. O da cəmiyyəti sakitləşdirməyə məcburdur və deyə bilməz ki, Bakının tələbinə boyun əyib referendum keçirəcək. Əsas hədəf Azərbaycanın dediyini Ermənistanın həyata keçirməsidir. O baxımdan, sülh sazişi tez bir zamanda gözlənilmir. Amma referenduma qədər Bakı və İrəvan hansısa çərçivə sazişi imzalaya bilər. Bax, bu mümkündür və 2025-ci ildə reallaşması istisna deyil. Çünki sülh mətnində 17 maddənin hamısı razılaşdırılıbsa, bir çərçivə sənədi üçün problem qalmır. Sadəcə, Ermənistan tələsir və indi sülh müqaviləsi bağlanmasını tələb edir. Qərb dövlətlərinin də bu çağırışından hiss olunur ki, Azərbaycanı tələsdirmək istəyirlər. Bu da bir neçə səbəblə izah oluna bilər: Rusiyanın müharibədən başı açılmamış saziş bağlanması; hərçənd, Paşinyan özü dünən Putinə zəng edərək Bakı ilə razılaşma haqda hesabat verib - ikinci səbəb Tramp iqtidarından Paşinyanın gözünün su içməməsidir, Bayden qədər Ermənistana dəstək verməsi gözlənilmir deyə Paşinyanda narahatlıq var; üçüncü hədəf isə ermənilərin özünü sülhpərvər kimi dünyaya sırımaq cəhdidir. Lakin gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri və referenduma qədər sülh müqaviləsinin imzalanmasına Azərbaycan razı olmayacaq. Bakı yarımçıq bir problem istəmir və gələcəyə münaqişənin yenidən başlanmasına rəvac verəcək nöqtə belə qalmasının əleyhinədir. Yəni bu gün çərçivə sənədi olar, yekun saziş yox. Çünki sabah İrəvanda iqtidar dəyişə bilər və yeni hökumət Konstitusiyaya istinad edərək deyə bilər ki, Qarabağ Ermənistana bildirilməlidir, keçmiş hökumətin imzaladığı sənəd də etibarsızdır. Yəni bu risk var. Axı Azərbaycan Paşinyanla deyil, Ermənistanla sənəd imzalayır. Ona görə mükəmməl, təmiz və ideal nəticə olmalıdır. Buna qədər isə avropalı müşahidəçilər bölgədə qalacaq. Onsuz da 2027-dək qalmaları nəzərdə tutulub. Bakı və İrəvan isə razılaşdığı son iki maddədən biri sərhəddə üçüncü qüvvənin olmamasıdır, amma sülh sazişindən sonra... Əgər qarşı tərəf referenduma gələn il gedəcəksə, sonra sülh danışıqları olacaqsa, Aİ missiyası təxminən elə deyilən müddətə qədər sərhəddədir. Nazir Mirzoyan da deyib ki, Aİ ilə missiyanın fəaliyyəti yenidən müzakirə ediləcək. Üstəlik, təkcə avropalı müşahidəçilər deyil, sərhəddə üçüncü qüvvə deyərkən, elə rus hərbçiləri də nəzərdə tutulur. Onlar da çıxmalıdır. Paşinyanın isə dərhal Putinə zəngindən hiss olunur ki, Ermənistan Rusiyadan təzyiq gözləyir deyə Kreml liderinə tələsik yığıb.
Geopolitik mənzərə dəyişir və Paşinyan anlayır ki, Tramp dövründə Rusiyaya qarşı addımları dayandırmalı olacaq. Beləliklə, Bakı heç yerə tələsmir, biz Qarabağı tam azad etmişik, separatçıları və sülhməramlıları çıxarmışıq, indi sülh müqaviləsi üçün Ermənistanın Konstitusiyaya dəyişikliyini gözləyəcəyik. Ermənistan isə tələsir, amma biz deyən olacaq. Üstəlik, düşmən ölkə silahlanmanı dayandırmalı, sərhəddə demilitarizasiya olmalı, təhlükəsizlik zonası yaradılmalıdır. Həmçinin Minsk Qrupu da ləğv edilməlidir. Bütün bunlar olmalıdır ki, gələcək nəsillər bir daha münaqişə görməsinlər...
Azər Talıbov
Anaxeber.info