Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

37 ildən sonra razılıq - Əliyevlə Paşinyan bu il sülh müqaviləsini imzalayacaq?

Bu gün, 08:24   



"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb". Bunu martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.

"Sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb. Son iki açıq maddə qalmışdı, yaxınlarda Ermənistan tərəfi həmin iki maddə üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini bizə əlaqə kanallar vasitəsilə çatdırıb. Ona görə mətn üzrə işlərin yekulaşdırıldığını qeyd edə bilərik. Növbəti addım olaraq... Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiyaya dəyişikliklər edilməsi yoluyla aradan qaldırılması baş tutmalıdır. Bu, sazişin imzalanması üçün labüd ilkin şərtdir", - C.Bayramov deyib.

Razılaşdırılmayan məsələlərin sərhəddə üçüncü tərəfin silahlı qüvvələrinin saxlanmaması və beynəlxalq məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı olduğu deyilirdi.

+++

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişi layihəsinin mətni üzrə işin yekunlaşdığını və daha əvvəl razılaşdırılmamış iki bənd üzrə razılığın əldə olunduğunu təsdiqləyib.

Qurumun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, Azərbaycan XİN-ə diplomatik kanallarla birgə bəyanat verməyi təklif edib. Ermənistan XİN əlavə edib ki, "rəsmi Bakı birtərəfli bəyanat verməyi üstün tutub".

Yerevan sazişin imzalanmasının tarixi və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirir.

Nikol Paşinyan
Nikol Paşinyan

"Sirr yoxdur"

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda jurnalistlərə deyib ki, sülh sazişi layihəsi "məqbul kompromis variant" sayılır, ölkəsi sazişin nə zaman və harada imzalanmasını müzakirə etməyə hazırdır.

"Həmin mətndə cəmiyyətdən saxladığımız sirr yoxdur, o, maddə-maddə dərc olunub. Düşünmürəm ki, cəmiyyət onun məğzi ilə tanış deyil", – Paşinyan deyib.

O vurğulayıb ki, saziş imzalanandan sonra Ermənistan Azərbaycanla sərhəd boyunca xarici qüvvələr yerləşdirməyəcək.

Rauf Mirqədirov
Rauf Mirqədirov

"Ehtimal sıfıra bərabərdir"

Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, hətta tərəflər sülh sazişi imzalamaq üçün razılığa gəlsələr belə, bunun yaxın vaxtda gerçəkləşməsi mümkün deyil: "Tam tutumlu hər hansı bir sülh sazişi dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasından keçir. Yaxın bir-iki ayda Ermənistan konstitusiyasına dəyişikliklər ediləcəyi ehtimalı sıfıra bərabərdir. Əgər bu sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü mütləq tanımasını əhatə etmirsə, bu, sülh sazişi deyil. Adının nə olmasının əhəmiyyəti yoxdur".

Riçard Qiraqosyan
Riçard Qiraqosyan

"2026-cı ilin iyunundan tez olmayacaq"

Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan da razılaşır ki, konstitusiya dəyişikləri uzun çəkən bir prosesdir, amma o bunu mümkünsüz də saymır: "Konstitusiya dəyişikliklərini Ermənistan tərəfi qəbul edir. Lakin konstitusiya dəyişikliyi hüquqi proses kimi 2026-cı ilin iyunundan tez başa çatmayacaq. Tərəflərin açıqlamaları çoxdan gözlənilən ikitərəfli müqaviləni yekunlaşdırmaq və imzalamaq üçün real fürsətdən xəbər verir".

Qiraqosyan inanır ki, son dəqiqədə hansısa əlavə tələblər qaldırılmasa, Azərbaycan və Ermənistan diplomatiyada çıxılmaz durumu geridə buraxa bilər.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.

2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar