Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

'Politico': ABŞ Ukrayna müxalifəti ilə seçkiləri gizli müzakirə edib

7-03-2025, 09:31   



ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan dörd yüksəkvəzifəli şəxs Ukrayna müxalifəti ilə prezident seçkiləri ilə bağlı gizli danışıqlar aparıb. Bu barədə "Politico" adlarının çəkilməsini istəməyən üç ukraynalı deputat və Respublikaçılar Partiyasının xarici siyasət üzrə ekspertinə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun tərəfdaşları ilə söhbətlər olub. Vurğulanır ki, danışıqların əsas mövzusu Ukraynada atəşkəs razılaşmasından sonra, lakin sülh danışıqları başlamazdan əvvəl prezident seçkilərinin keçirilməsidir.

Poroşenko və Timoşenko "Politico"nun xəbərinə reaksiya veriblər. Hər iki müxalif deputat amerikalı tərəfdaşları ilə danışıqlar apardıqlarını, lakin onlarla seçkiləri müzakirə etmədiklərini bildiriblər. Poroşenkonun sözlərinə görə, o, sülh bağlanmadan seçkilərin keçirilməsinə qarşıdır.

Ukraynanın müxalif "Strana" nəşri, öz növbəsində, iddia edir ki, ABŞ nümayəndələri Kiyevin meri Vitali Kliçko, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri Kirill Budanov və "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya da daxil olmaqla, digər ukraynalı siyasətçilərlə də əlaqə saxlayırlar. Bu məlumatın təsdiqi yoxdur, "Politico" bu siyasətçilərin adını çəkmir.

ABŞ administrasiyasının nümayəndələri, hələlik, xəbərə münasibət bildirməyiblər.

Amerika tərəfi əmindir ki, əhali müharibədən yorulduğundan və "korrupsiyanın azğınlığından" narazı olduğundan Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski seçkiləri uduzacaq, – "Politico" yazır. Prezident Donald Tramp daha əvvəl Zelenskinin reytinqinin 4 faiz olduğunu iddia etmişdi. Bu cür göstəricilərlə heç bir sorğu dərc olunmayıb. Fevralın sonunda hazırda Ukraynada olan ukraynalılar arasında telefon sorğusu keçirən "Survation" London mərkəzinin məlumatına görə, respondentlərin 44 faizi Zelenskiyə, 10 faizi Poroşenkoya, 6 faizi Timoşenkoya səs verərdi. Poroşenkonun çevrəsi ilə əlaqəli olan "Socis" mərkəzinin küçə sorğusunun fevral nəticələrinə görə, Zelenski seçkilərdə 22 faiz səs toplayaraq Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya məğlub olub ikinci yeri tutardı. Bir sıra media orqanları, xüsusən də AP müharibə şəraitində olan ölkədə aparılan sorğuların etibarsızlığına işarə edir.

Ukraynada prezident seçkiləri 2024-cü ilin mayında keçirilməli idi, lakin Rusiyanın genişmiqyaslı işğalı ilə əlaqədar ölkədə hərbi vəziyyət səbəbindən baş tutmadı. Ukraynada erkən seçki ideyası Zelenskini "qanunsuz prezident" adlandıran Kreml tərəfindən fəal təbliğ olunur. Zelenskinin özü deyir ki, o, müharibə bitmədən yalnız Ukraynanın NATO-ya qəbul olunacağı təqdirdə istefa verəcək.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar