Prokurorluğun təqdimatıyla Nərimanov Rayon Məhkəməsi onunla bağlı həbs qərarını ləğv edib
“Demirchi Tower”, “Caspian Business Center”, “Caspian Plaza” və başqa biznes mərkəzlərinin daxil olduğu “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti və icraçı direktoru Qafar Dəmirçi bir həftə həbsdə saxlandıqdan sonra dekabrın 19-da axşam saatlarında Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Prokurorluğun təqdimatıyla Nərimanov Rayon Məhkəməsi onun haqqında həbs qətimkan tədbirini ləğv edib.
1986-cı il təvəllüddü Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu”na daxil olan “Monte Ferro” şirkəti vasitəsilə Şəki rayonunun Göynük kəndi ərazisində meşə zolağını məhv edərək, təbiətə 8 milyon manatdan artıq ziyan vurmaqda ittiham olunur.
Onu dekabrın 12-də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tutub və Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsilə ittiham irəli sürülüb.
Müxtəlif növ ağacların kəsilməsi nəticəsində vurulduğu iddia edilən 8 milyon manatdan artıq ziyanı Dəmirçi ailəsi prokurorluğun depozit hesabına köçürüb.
Prokurorluğun onun haqqında həbs qərarının ləğvi üçün təqdimatında da əsas səbəb kimi, ziyanın ödənilməsi göstərilib.
Dekabrın 19-da keçirilən məhkəmədə Qafar Dəmirçinin özünün iştirak etmədiyi, online qaydada qoşulduğu bildirilir.
Qafar Dəmirçidən başqa, “Monte Ferro” şirkətinin 3 əməkdaşı da həbs edilmişdi. Onlar haqqında da həbs qətimkan tədbiri ləğv edilib.
Dekabrın 19-da həmçinin Qafar Dəmirçinin atası, çoxsaylı biznes mərkəzləri – plazaların daxil olduğu “AQA Şirkətlər Qrupu”nun rəhbəri Aydın Dəmirçi meşələrdə ağacların kəsilməsinə görə üzr istəyib.
Bu barədə APA TV məlumat yayıb:
“Yaranmış diqqətsizliyi işçilərimizin qeyri-peşəkar və məsuliyyətsiz davranmağı ilə əlaqələndiririk. Bununla bağlı olaraq mən ölkə ictimaiyyətindən üzr istəyirəm. Və söz verirəm ki, bu torpaqlarda meşə ağacları əkiləcək, meşə örtüyü tam şəkildə bərpa ediləcək. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu işə artıq başlamışıq. Görülən tədbirlər, aparılan işlər barədə ölkə ictimaiyyətini mütəmadi olaraq xəbərdar edəcəyik”.