Bu həftənin krimxronikasında da amansız qətllər var. Nə qədər qəribə də olsa, həftəyə möhürünü vuran dəhşətli qətllərin hər ikisi Sahil adı ilə bağlıdır – Sahil bağı və Sahil qəsəbəsi…
Yanvarın 6-sı, Bakının Sahil bağında boğazından bıçaqlanaraq öldürülən 1989-cu il təvəllüdlü Həsən Həsənovun qətli gəzdirdiyi itə görə olub. Elçin Çobanov tərəfindən öldürülən H.Həsənovun dostu Orxan Məmmədzadə isə yaralanıb.
E.Çobanov bildirib ki, Həsən iti həyat yoldaşının üzərinə qısqırtdığına görə onu öldürüb.
“İnstitutda oxuyan yoldaşımı götürmək üçün arxasınca getmişdim. İki nəfər qaqaş Sahil bağında iti gəzdirirdi. Yoldaşımın rəfiqələri bizdən qabaqda gedirdi. Bu zaman onlardan biri iti üstünə qısqırtdı. Bundan sonra onlara yaxınlaşıb, bunun nə üçün etdiklərini soruşanda dedi ki, qorxma, dişləməz”.
Bundan sonra isə iki nəfərlə əlbəyaxa olan E.Çobanov cibində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib:
“Sonra onlar başladılar iti dartışdırmağa. Onlardan biri çantasını və gödəkcəsini çıxardaraq məni vurmağa başladı. O an mən özümü itirdim. Bilmədim necə oldu, neyləmişəm, kimi vurmuşam… Peşman da deyiləm. Mənim ailəmə sataşıb. Mən heç kimin ailəsinə sataşmamışam”.
***
Yanvarın 8-i isə Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov iki qardaşı güllələyib. Qatil özünə məxsus “Vinçester” markalı odlu silahdan “Leksus” markalı avtomobilin içərisində oturmuş qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.
Hadisənin başvermə ehtimalından biri qısqanclıqdır. Qardaşlardan birinin Tərlanovun həyat yoldaşı ilə tanış olduğu bildirilir. Digər versiyaya görə, qardaşların anası sələmçi olub və qatillə pul üstündə ədavət yaranıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
***
Göygöldə isə Gəncə sakini olan 22 yaşlı Ülvi Əliyev qətlə yetirilib. Onu həmyerlisi, 22 yaşlı Turqut Məmmədov bıçaqla öldürüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.
***
Zabratda 1969-cu il təvəllüdlü Əzimov Yaşar bacısı Novruzova İzzətxanım, onun həyat yoldaşı Novruzov Yaşar, övladları Faiq və Rəşadı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib.
Bildirilir k, Y.Əzimov bacısını və onun ailə üzvlərini onların yaşadığı evdə bıçaqlayıb. 45 yaşlı Yaşar Əzimovun özünün də həmin evdə müvəqqəti yaşadığı qeyd edilir.Axar.az