Lənkəranın icra başçısı Taleh Qaraşova sui-qəsddə suçlanan Bəhruz Əsgərov özünü qismən təqsirli bilir. Bunu oktyabrın 29-dakı məhkəməsində özü deyib.
B.Əsgərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror oktyabrın 29-da ittiham aktını açıqlayıb.
Cinayət işinin materiallarında iddia edilir ki, B.Əsgərov Azərbaycanda terror aktları törətməyi planlaşdırıb, icra başçısının qətli də bu planın tərkib hissəsi olub.
Məhz T.Qaraşovun hədəf seçilməsinə gəlincə, iddiaya görə, B.Əsgərovun ona ayrıca nifrəti olub, bu üzdən onun öldürülməsini istəyib. Bu məqsədlə ətrafında olan şəxslərlə danışıqlar aparıb, icra başçısı güdülüb, onun hərəkət marşrutu və başqa bilgilər dəqiqləşdirilib.
İttihama görə, sui-qəsd planlanan digər şəxs cənub bölgəsində fərdi qaydada ingilis dili müəllimi çalışan əcnəbi olub.
İttiham aktında yazılanlara əsasən, B.Əsgərov və digərləri arasında planın icrası ilə bağlı müzakirələr WhatsApp vasitəsilə aparılıb.
B.Əsgərovu və onunla əlbirlikdə suçlanan şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. İstintaqın sonunda onun işi digərlərindən ayrıldığından hazırda məhkəmə önünə tək çıxarılıb.
B.Əsgərova qəsdən adam öldürmək, terror aktı törətmək, dövlət çevrilişinə hazırlıq kimi ittihamlar verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
O, məhkəmədə ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bildiyini söyləsə də, ittihamda yazılanlardan konkret nəyi qəbul edib, nəyi etmədiyini açıqlamayıb.
Vəkili təklif edib ki, öncə zərərçəkmişlər, şahidlər dindirilsin, ardınca B.Əsgərov özü ifadə verər.
İki nəfər - icra başçısı T.Qaraşov və əcnəbi müəllim zərərçəkmiş qismində tanınıb.
Dindirmələr dekabrın 3-də başlanacaq.