Gürcüstanda Qərb və Rusiya həlledici döyüşə giriblər. Anaxeber.info oktyabrın 28-i axşam saatlarında keçirilən mitinqi bu qarşıdurmanın gərgin səhnəsi kimi dəyərləndirir. Müxalif koalisiya və vətəndaş cəmiyyəti prezidentlik dönəminin başa çatmasına iki ay qalan Salome Zurabişvilini də prosesə qoşa bilib. Mitinqə gələn ölkə prezidenti mübarizəyə dəstək verib. Əslində, bu seçki Moldovadan sonra Gürcüstanda Avrointeqrasiya tərəfdarları ilə əleyhdarlarının final görüşü idi. Bunu sadə dildə Rusiya və Qərb arasında Cənubi Qafqaz savaşının fraqmenti adlandırmaq olar. İlkin baxışda seçkinin nəticələri Rusiyanın Qərbə qalib gəldiyini göstərir. Rəsmi Moskvanın ritorikasında hakim Gürcü Arzusu partiyasına dəstək hiss olunur. Əgər müxalif koalisiya qalib gəlsəydi, Rusiya rəsmiləri fərqli danışardılar və Avropanın seçkilərə müdaxiləsini bildirərdilər. Demək, nəticələr Rusiyanı qane edir. ABŞ, Avropa Birliyi, ATƏT isə seçkinin nəticələrinə mənfi rəy verdilər. Müxalifət isə parlamenti boykot edib. Hərgah, iqtidarın parlament iclaslarını keçirmək üçün mandat sayı yetərlidir - 89 deputat Gürcü Arzusuna aiddir. Gürcüstanda isə 76 səs kifayətdir ki, parlament işinə başlasın. Yəni boykot nəticəsizdir. O ki qaldı küçə hərəkatına və mitinqlərə, bir müddət gərginlik davam edəcək, lakin iqtidarın dəyişməsinə səbəb olmayacaq. Hazırkı hakimiyyət müxalifətin etirazlarını idarə etmək potensialına və təcrübəsinə malikdir. Yəni inqilab ssenarisi reallaşana oxşamır. Sadəcə, bu aksiyaların müsbət yönü iqtidarın daim təzyiq altında saxlanması və ölkədə avtoritar sistemin qurulmasına imkan verilməməsidir. Eyni zamanda, Gürcüstan hökuməti Avropa İttifaqına üzvlük yolundan da üz döndərə bilmir. Halbuki bu proses Aİ tərəfindən dayandırılıb, yardımlar kəsilib, növbəti sanksiyalar hədələri səslənir. Bu cəzanın ən ağırı vizasız gediş-gəlişin ləğvi ola bilər. Gürcü iqtidarı əlindən gələni etməyə çalışacaq ki, bu sanksiya qoyulmasın.
O baxımdan hökumət ciddi imtahanlar qarşısındadır: Rusiya ilə əlaqələri yumşaltmaq, Qərblə əlaqələri korlamamaq... Bunun üçün Bdzina İvanişvilinin partiyası praqmatik siyasət yürütməyə məhkumdur: nə Saakaşvili kimi tam ABŞ-a əyilmək, nə də Rusiyanın üzərinə getmək...
Hazırkı periodda Gürcüstan və Cənubi Qafqaz uğrunda həlledici mübarizəyə şahidlik etdiyimizi demək mümkündür. Ermənistan isə bu gedişatda götür-qoy etməli olacaq. Əgər Tiflis Moskvaya yaxınlaşma xəttini sürətləndirsə, İrəvan da Rusiya ilə münasibətlərinə yenidən baxmalı olacaq. Beləliklə, Qafqazda rusun, yoxsa Avropanın dominantlığı bu hadisələrin nəticələrindən asılıdır. Belə görünür ki, Qərb Ermənistanda iqtidar, Gürcüstanda müxalifət əli ilə təsirlərini saxlamağa davam edəcək. Hər halda, Gürcüstan hökuməti də Aİ fürsətlərini qaçırmaq istəməz. Ona görə iqtidara hər iki tərəfdən təsirlər üçün rıçaqlar var. Rusiya isə hazırkı kövrək, sürüşkən şəraitdə Abxaziyanı Gürcüstana qaytarmağa tələsməz. Bu, sadəlövhlük olardı. Rusiya tam əmin olmalıdır ki, Gürcüstanda bir daha Qərbpərəstlər iqtidar olmayacaq, o halda nəyisə düşünə bilər. Üstəlik, Rusiya regionda doktrinanı dəyişir, hərbi dildən siyasi leksikona keçir. Azərbaycan hakimiyyəti isə indiki vəziyyətdə Gürcü Arzusuna dəstəkdir. Rəsmi Bakıya lazım deyil ki, Ermənistandan sonra Gürcüstanda da Qərb qüvvələri hakimiyyətə gəlsin, bu zaman Azərbaycan hakimiyyəti Qafqazda təklənə bilər...
Azər Talıbov
Anaxeber.info