ABŞ Prezidentinin müşaviri: "COP29-a rəhbərlik Azərbaycanın üzərinə insan haqlarına hörmət öhdəliyi qoyur"

12-10-2024, 21:48   




John Podesta

Şəklin mənbəyi,BBC

Şəklin alt yazısı,John Podesta

ABŞ Prezidentinin müşaviri John Podesta Prezident İlham Əliyevlə “təkbətək görüşündə” Azərbaycanda insan haqları məsələsini müzakirə edib. Bakıda rəsmi səfərdə olan Podesta bunu cümə günü jurnalistlərlə görüşündə deyib.

ABŞ Prezidentinin İqlim məsələləri üzrə baş müşaviri John Podesta deyib ki, COP tədbirinə rəhbərlik etmək həmin ölkələrin, o cümlədən də Azərbaycanın üzərinə ölkədə insan haqlarına, dialoqa və mətbuat azadlığına hörmət etmə öhdəliyi qoyur.

“Gözləntimiz odur ki, COP29-a rəhbərlik Azərbaycana bu öhdəlikləri yerinə yetirmə fürsəti vermiş olacaq. Tövsiyəmiz odur ki, COP29 tədbirində bütün dünyanın gözü Azərbaycanda olacaq. Azərbaycan bu cür sualları necə cavablandıracaq, bu barədə düşünülməlidir,”- ABŞ Prezidentinin baş müşaviri BBC Azərbaycanca müxbirinə deyib.

John Podesta İlham Əliyevlə bu həftə görüşüb. Onun Bakıya səfəri Azərbaycanda bir qrup deputatın ABŞ-la münasibətlərin yenidən gözdən keçirilməsi üçün Xarici İşlər Nazirliyinə təkliflər göndərdiyi, USAİD-in bağlanmasına çağırış etdiyi, İlham Əliyevin ABŞ-a yönəlik tənqidlər səsləndirdiyi bir vaxtda baş verir.

John Podesta-nın sözlərinə görə, onlar eyni addımları COP28 vaxtı Birləşmiş Ərəb Əmirliklərinin də diqqətinə çatdırıblar və qarşı tərəf də bu istiqamətdə “çox gözəl işlər görüb”.

“Bu standartları yaratmaq artıq Bakıdan asılıdır. Düşünürəm ki, hansı tənqidin ədalətli, hansı tənqidin ədalətsiz olması barədə İlham Əliyevin öz görüşü var. Təkbətək müzakirələrimizdə, o, bunları dilə gətirdi və mən də öz gözləntilərimizi onun diqqətinə çatdırdım. Hesab edirəm, biz bir-birimizi başa düşdük,”- o bildirib.

İlham Əliyev, COP29, ABŞ, insan haqları, mətbuat azadlığı, iqlim, ətraf mühit, siyasət

Şəklin mənbəyi,PRESIDENT.AZ

ABŞ-la Azərbaycan arasında siyasi münasibətlərin gərginləşdiyi bir vaxtda hər iki tərəf COP29-la bağlı güclü əlaqələrin olduğunu vurğulayıb.

“COP29-la bağlı bizim çox güclü əlaqələrimiz var, əgər siz Azərbaycan hökumətindən soruşsanız, onlar da etiraf edərlər ki, ABŞ COP tədbirinin uğurlu keçməsi üçün Azərbaycana olduqca güclü dəstək verir. Hesab edirik, əgər Azərbaycan dünyanın gözü qarşısında COP29 tədbirinin uğurlu keçməsini istəyirsə, o zaman açıqlıq, şəffaflıq və azadlıqlara hörmət edilməsi kimi bəlli standartlara diqqət yetirməlidir”, - John Podesta deyib.

Prezident İlham Əliyevlə görüşdən xəbər yayan Azərtac-ın məlumatında da Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında “yaxşı əməkdaşlı” olduğu vurğulanıb. “Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib”, - Azərtac yazıb.

Uzun müddətdir ki, Azərbaycan-ABŞ siyasi münasibətlərində müşahidə edilən soyuqluq oktyabrın 3-də ABŞ Konqresinin 60-a yaxın nümayəndəsinin “Azərbaycana sanksiya” tələbi ilə dövlət katibi Antony Blinken-nə müraciət etməsi ilə yenidən gərginləşib.

Konqresmenlər Blinken-i COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda “insan haqlarının pozulması, siyasi məhbusların mövcudluğu, Ermənistanı müharibə ilə hədələmə, beynəlxalq hüquqa əməl edilməməsi” ilə bağlı rəsmi Bakıya təzyiq göstərməyə çağırıblar.

Azərbaycan Prezidenti İlham Əliyev bu müraciətdən bir gün sonra verdiyi açıqlamada, Vaşinqtonu ölkəsinə qarşı yeni sanksiyalar hazırlamaqda ittiham edib. O bu müraciəti “çirkin” adlandırıb və deyib ki, onların iradəsinə təsir edə bilməz”.

John Podesta konqresmənlərin Dövlət katibi Antony Blinken-ə təqdim etdikləri müraciəti “Azərbaycandakı insan haqları ilə bağlı narahatlıqları onların öz müstəqil baxış bucağı” kimi qiymətləndirib.

“Hesab edirəm, onların dedikləri icraedici orqan olaraq bizim Azərbaycanda COP29-un uğurlu keçməsi üçün atdığımız addımlara təsir etmək gücündə deyil. Əlbəttə, biz də öz növbəmizdə Azərbaycanda mətbuat azadlığı və insan haqlarının qorunması ilə bağlı narahatlıqlarımızı dilə gətiririk. Bizim görüşümüz odur ki, COP29-un uğurlu keçməsi ən çox Azərbaycanın maraqlarına xidmət edəcək, bunun üçün isə insan haqları, mətbuat azadlığı kimi standartlara diqqət yetirilməlidir”, - John Podesta BBC Azərbaycanca müxbirinin sualına cavab olaraq deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar