Daha bir bölmə rəisinin həbs olunduğu bildirilir

12-10-2024, 08:55   



Sadiq Əliyev də rüşvət almaqda ittiham olunur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir bölmə rəisinin saxlandığı bildirilir. Xidmətin Xocavənd rayon bölməsinin rəisi, mayor Sadiq Əliyev rüşvətdə ittiham olunur.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Sadiq Əliyev oktyabrın 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin  311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Sadiq Əliyevin işi üzrə istintaq Hərbi Prokurorluqda aparılır. Onun oktyabrın 12-də həbs qərarı üçün Bakı Hərbi Məhkəməsinə çıxarılacağı gözlənilir.

Sadiq Əliyev bir müddət əvvəl Xocavənd rayonuna rəis təyin olunmuşdu. O, bundan əvvəl Quba və Mingəçevirdə eyni vəzifələrdə çalışıb.

Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə bölmə rəisləri həbs olunur.

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti.

Sentyabrın 27-də Xidmətin Daşkəsən rayon bölməsinin rəisi, mayor Anar Əsgərov da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə həbs olunub. Bakı Hərbi Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Anar Əsgərov haqqında istintaq da Hərbi Prokurorluqda gedir.

Bugünlərdə həbs olunanlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Qurbanov da var. O, rüşvət alma və dələduzluq kimi əməllərdə ittiham olunur.

Bakı Hərbi Məhkəməsi onunla bağlı da prokurorun təqdimatını təmin edib və istintaq dövründə həbsdə saxlanmasına qərar verərək, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.