Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü ilin ilk 9 ayı üçün maliyyə hesabatlarını açıqlayırlar.
Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında mənfəəti ən çox azalan “AFB Bank” olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında “AFB Bank”ın xalis mənfəəti 3 dəfə azalaraq 6 milyon 293 min mantadan 2 milyon 127 min manata düşüb.
Onu da qeyd edək ki, “AFB Bank” bu ilin ilk rübünü 458 min manat zərərlə başa vurub.
Bundan başqa, müştərilər tərəfindən “AFB Bank”a yerləşdirilən depozitlərin həcmi də azalıb.
Bu ilin ilk 9 ayı ərzində müştərilərin “AFB Bank”dakı depozitləri 10% və ya 16,5 milyon manat azalıb.
Hüquqi şəxslərin bankdakı depozitlərində isə daha çox azalma qeydə alınıb.
Belə ki, hüquqi şəxslərin “AFB Bank”dakı depozitləri bu ilin ilk 9 ayı ərzində 11,7% və ya 11,1 milyon manat azalaraq 95 milyon manatdan 83,9 milyon manata düşüb.
Məlumat üçün bildirək ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhmdarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi “Gilan Holdinq” olub. Daha sonra bankın səhmlərinin 99,64 %-i Hikmət Əbuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.
Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin əsas səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.
Bu ilin aprel ayında Hacıyev Toğrul Ülvi oğlu bankın 0,18%-lik payını Əkbər Abdullayevdən satın alıb. “AFB Bank”ın üçüncü səhmdarı isə 0,18%-lik pay ilə Cəmil Muradovdur.
Elnur Əli