Hazırda dünya mediası geostrateji mövqe uğrunda gedən iki böyük qarşıdurma üzərində fokuslaşıb. Söhbət İran - İsrail və Ukrayna - Rusiya mübarizəsindən, daha doğrusu isə Avrasiya materikinin gələcək geostrateji mənzərəsinə aydınlıq gətirə biləcək mücadilədən gedir.
Birbaşa görünməsə də, bu iki qarşıdurmanın bir-biri ilə konkret əlaqəsi var və Rusiya Prezidenti Vladimir Putinin çoxqütblü dünya düzəninin formalaşdırlmasının vacibliyi barədə söylədikləri sözlər hadisələrin əsl məğzinin haradan qaynaqlandığına işarədir. Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə onun ən yaxın müttəfiqi kimi İran, sonra isə Şimalı Koreya gəlir. Avrasiyanın digər iki böyük gücü Çin və Hindistan isə bu müharibədə Rusiyaya hərbi yardım göstərməsələr də, oradan yanacaq tədarük etməklə onun maliyyə korluğu çəkməsinə imkan vermirlər. Çoxqütbül dünyanın necə formalaşacağı barəsində konkret resept olmasa da, hər halda buna doğru gedildiyinin izlərini sezmək mümkündür. Belə görünür ki, ən böyük oyunçulardan olan Çin öz gələcək geostrateji məqsədləri naminə Rusiyadan məharətlə istifadə edir, özü isə Qərblə birbaşa gərginliyə girməkdən yayınır. Deməli, bəlkə Rusiya özü də anlamadan Çinin marionetkasına çevrilir. Əslində, ABŞ də öz növbəsində Ukraynadan istifadə edir və müharibənin uzanmasını istəyir, elə buna görə Ukraynaya “damcı-damcı” hərbi yardım göstərir. Əgər analitiklər fikirləşirsə ki, Rusiya ərazilər tutmaqla qələbə qazanacaq, onlar yanılırlar. Bu müharibə Ukrayna kimi elə Rusiyanı da taqətdən salır və onun demoqrafik problemlərini daha da dərinləşdirir.
Amerikanın digər müttəfiqi İsrail isə bu meqa qarşıdurmada coğrafi baxımdan mühüm strateji mövqedə dayanan İranı oyundankənar vəziyyətə sala bilər. ABŞ indiyədək bunun tədrici yolla həyata keçirilməsini istəyirdi, amma görünür ki, mövcud şərtlər artıq hadisələrin hərəkət dinamikasını sürətləndirir.
İndi Rusiya mürəkkəb oyunun içərisinə - İran - İsrail müharibəsində iştiraka doğru sürüklənir. İran özünə dost bildiyi Rusiyadan hərbi yardım gözləyir. Bu yardım müasir qırıcılar və Hava Hücumundan Müdafiə sistemləri ola bilər. Rusiya İrana yardım edərsə, özünü çətin duruma salacaq. Rusiya Ukraynada strateji uğur qazanmadan aktiv formada yeni cəbhəyə qoşularmı? Rusiya rəhbərliyinın avantüraya meylliliyi nə qədər yüksək olsa da, hər halda bu, ağlabatn deyil.
- Hizbullah siyasi-hərbi səhnədən silinmək təhlükəsi ilə üzələşib
İran - İsrail qarşıdurmasında İranın Livandakı “vəkalət gücü” “Hizbullah” ciddi şəkildə sarsılıb və siyasi-hərbi səhnədən birdəfəlik silinmək təhlükəsi ilə üzləşib. İsrail Livanda mövqeləşmiş “Hizbullah”ı tamamilə məhv etməyi qarşısına məqsdə qoyub və buna görə də Beyrutdakı “Hizbullah” mövqelərini bombalamaqla yanaşı, bu ölkənin cənubunda da quru əməliyyat həyata keçirir. Ancaq bəllidir ki, İsrailin ən başlıca düşməni İrandır, ”Hizbullah” sadəcə vəkalət döyüşləri yerinə yetirir. İsrail ordusunun texnoloji imkanları yüksəkdir və hələ üstəlik, onlar “HƏMAS”- a qarşı döyüşlərdə təcrübə qazanıblar. ”HƏMAS”-ın başlıca gücü demək olar ki, bütün Qəzza sektorunun altında tunellər tikməsi və orada güclü loqistika qurmasına bağlıydı. Lakin İsrail ordusu bir il ərzində əsasən dərinlik bombalarının köməyi ilə bu tunel şəbəkəsini sıradan çıxarmağa müyəssər olub. Livanda vəziyyət müəyyən dərəcədə fərqlidir və miqyas baxımından operativ-taktiki əməliyyatların həyata keçirilməsi üçün ərazi böyükdür, ”Hizbullah” döyüşçülərinin “vur-qaç” taktikası və onların bütün sərhəd boyunca qurduqları istehkamları ortadan qaldırmaq üçün havadan bomba yağdırmaq kifayət etmir. ”Hizbullah” hələ ki, başsız qalıb, bu da İranın vəziyyətini xeyli çətinləşdirir.
Hazırda İran İsrailin hava zərbələrinə hazırlaşır. Tehranda düşünürlər ki, əgər onlar havadan yaxşı qoruna bilsələr, hərbi-psixoloji üstünlük qazanacaqlar.
- İsrail və İranın güclü və zəif tərəfləri
İndi isə, gəlin, qısaca olaraq tərəflərin güclü və zəif tərəflrinə baxaq. İsrailin üstünlükləri ilə tanış olaq. İsrailin ərazisinin az olması (20 min kv/km) oradakı hərbi obyektlərin və mühüm infrastrukturların bir-birinə yaxın yerləşdirilməsinə gətirib çıxarır və belə olan halda İranın çoxsaylı raketləri qarşısında zəif hədəf ola biləcəyi anlamına gəlir. Əslində isə İsrailin ən zəif yeri yaşayış məskənləridir və ona görə də İsrail hərbi obyektləri qorumaqla yanaşı, mülki əhalini də qorumalıdır. İranın atacağı raketlər hədəfləri dəqiq vurmaq özəlliyinə malik deyillər və onların xətası çox böyükdür, bu mənada atılan ballistik raketlərin hamısı vurulmaza, bunlar şəhərlərdə böyük dağıntılara səbəb ola bilər. İsraildə isə əhalinin təhlükəsizliyi ən prioritet məsələdir. İsrailin güclü tərəfi eyni zamanda onun əlverişli tərəfi kimi də dəyərləndirilə bilər. Çünki dar məkana doğru uçan raketlərin trayektoriyasını ən müasir radiolokasiya stansiyaları vasitəsilə aşkarlamaq asanlaşır.
Düzdür, qanadlı raketlərdən fərqli olaraq ballistik raketlərin vurulması daha çətindir, amma İsrailə qarşı bu raketləri İraq və ya İordaniya üzərində ABŞ sistemləri zərərsizləşdirə bilər. İranın ballistik raketlərindən Rusiya Ukraynada istifadə edib. Bu, İran üçün sınaq poliqonu rolunu oyanayıb. İranın “Şahab” ballistik raketlərinin dəqiqliyi xətalıdır.
İranın zəif yeri Hava Hücumundan Müdafiə sistemlərinin yetərsizliyi və onların keyfiyyətinin aşağı səviyyədə olmasıdır. Digər zəif tərəf isə İrandakı teokratik sisteminin özüylə bağlıdır. İsrailin massiv hücumları zamanı aciz qalmaq ali ruhani sistemin dayanıqlığını sarsıdar və ali rəhbərin xarizmasına ciddi ziyan vura bilər. İranın digər problemi geniş ərazinin yaxşı qorunmasının çətinliyindən irəli gəlir, bunu Rusiyanın timsalında əyani görmək olar. İranın verdiyi məlumata görə, onların silah arsenalında 2000 kilometrdən uzaqdakı hədəfləri vura biləcək ballistik “Şahab-3” (“Şahab”ın ən yeni modifikasiyası) və qanadlı “Muşkat” raketləri var. Ancaq bu raketlərin sayları barəsində dəqiq məlumat yoxdur. Sözügedən bu raketlər İsrail ərazisinə çata biləcək özəlliklərə sahib olsalar da, onlar tam yüksək keyfiyyətə malik deyillər, çünki İranın İsrailə raket hücumları zamanı bunların bir qismi İraq və İordaniya ərazisinə düşüblər. İran kəmiyyətə daha çox üstünlük vermək məcburiyyətində qalacaq. İran öz raketlərini daima təkmilləşdirir və bu istiqamətdə müəyyən nailiyyətlər də əldə edir, amma indi artıq zaman dardır və strateji məqam yetişib, gözləməyə vaxt yoxdur.
- İran və İsrailin müttəfiqləri
İranın himayə etdiyi “Hizbullah”ın Livanda mövqe tutması şübhəsiz ki, İsrail üçün böyük təhdiddir. Deməli, biz görürük ki, İranın özü İsraildən uzaqda olsa da, onun müttəfiqi və “vəkalət gücü” İsrailin qapısının düz ağzında hərbi birləşmələr saxlayır və oradan İsrailin yaşayış məskənlərini raket atəşinə tutur. İranın Yaxın Şərqdəki digər silahlı dostu Yəməndəki husilərdir. İndi bütün bu qarşıdurma və gərginlik fonunda belə bir sual yaranır ki, əcaba, doğrudanmı İran böyük müharibəyə heç bir texnoloji, iqtisadi və hərbi potensialı olmayan bu iki partizan dəstəsiylə qoşulmaq niyyətindədir? Yoxsa, Rusiyaya arxayındır? Halbuki Rusiya İrana istədiyi qədər Hava Hücumundan Müdafiə və müasir hərbi təyyarələr verməyə qadir deyil. Rusiyanın özünün bu silahlara böyük ehtiyacı var. Hətta bəlli olur ki, Rusiya beşinci nəsil adlandırdığı “Su-57” qırıcılarının istehsalını müvəqqəti dayandırıb. Çin və ya Hindistan isə İran - İsrail davasının tərəfi olmayacaqlar.
İrandan fərqli olaraq İsrailin böyük hərbi potensiala malik ABŞ kimi müttəfiqi var. ABŞ isə Yaxın Şərqin mühüm nəqliyyat yolları və yanacaq daşınması marşrutları üzərində nəzarəti əlində saxlamaq üçün bu regionda çoxsaylı hərbi bazalar yerləşdirib. Heç şübhəsiz ki, həmin bazaların bir çoxu İsrailin İrana qarşı həyata keçirəcəyi hava hücumunda lazımı rol oynayacaq. İranın yaxınlığındakı Bəhreyndə, Küveytdə, Qətərdə, İraqda, Səudiyyə Ərəbistanında və İordaniyada ABŞ ordusunun hərbi bazaları var. Vaxtilə İsrail üçün problemlər yaradan Suriya indi elə vəziyyətə salınıb ki, İsrail təyyarələri onun hava sahəsində sərbəst dolaşır, oradakı hərbi və mülki strukturları cəzasız şəkildə bombalayır. Yeri gəlmişkən, Suriyada 2000 nəfər ABŞ hərbçisi yerləşdirilib. Hələ üstəlik, Aralıq dənizinə və Hörmüz boğazı yaxınlığına ABŞ zərbə aviadaşıyanları gətirilib.
ABŞ Yaxın Şərqin öz nəzarətindən çıxmasına imakan verməmək üçün maliyyə, hərbi və siyasi gücündən istifadə edir. Hazırda İsrail yaxın Şərqdə Amerikanın hərbi və siyasi maraqlarının təminatçısı rolunda çıxış edir. İsrailin apardığı siyasət Vaşinqtonun qərarından asılıdır. Əlbəttə, İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışacaq. Çünki İsrail İranın nüvə silahına yiyələnməsini öz gələcəyi üçün kabus sayır. Elə bu səbəbdən də Benyamin Netanyahu əlverişli məqamda İrana qarşı massiv raket hücumunu başlatmaq istəyir. Elə İsrail rəsmilərinin bəyanatlarından da məhz bu anlaşılır. İsrail müdafiə naziri Yoav Qallant hücum barəsində deyib: ”İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. Onlar nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcəklər. Onlar sadəcə nəticələri görəcəklər".
Qalant digər tərəfdən onu da bildirib ki, İranın raket zərbələri İsrail Hərbi Hava Qüvvələrinə heç bir ziyan vurmayıb və ölkənin bütün hava bazaları tam normal rejimdə çalışır.
Lakin bütün bunlara baxmayaraq, bəllidir ki, hər şey ABŞ-nin iradəsindən asılıdır və İsrail İrana qarşı özbaşına davrana bilməz.
Bəs ABŞ İrana zərbə vurulmasını və İranın hərbi və nüvə potensialını ortadan qaldırmağı planlayırmı?
Məsələ ondadır ki, Yaxın Şərqi öz nəzarətində saxlamaq üçün antoqonist tərəflərin daima bir-biri ilə didişməsi Amerika üçün ən sərfəli variantdır. Hələ ki, Amerika Yaxın Şərq üzərindəki geostrategiyasını bu paradiqma üzərində qurub. Sözsüz ki, dövrün dinamik və dəyişkən şərtlərinə uyğun olaraq ABŞ həmişə taktiki yenilənməyə gedib. Ona görə də İsrailin İrana qarşı güclü hava hücumunun Amerika tərəfindən dəstəklənməsi istisna deyil.
Vaqif NƏSİBOV
“AzPolitika.info”