AMEA Folklor İnstitutunun elmi işçisi, Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla 49 B, mənzil 12-də müvəqqəti yaşayan Əpoş Vəliyev onu döyən Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğlu haqda yeni faktlar açıqlayıb.
Axar.az-a danışan Ə.Vəliyev polis rəisinin oğlunun onu döyərkən özündə olmadığını deyib:
“Mən o şəxsi əvvəllər görməmişdim. Həmin binaya 1 ay yarım idi ki, köçmüşdüm. Heç bir qonşu ilə də ünsiyyətim yox idi. Yanvarın 1-də bankomatdan maaşımı çıxarıb dükandan çörək alaraq evə gəlirdim. Yaşadığım binanin blokuna daxil olanda məndən öndə bir şəxsin pilləkənlərlə yuxarı qalxdığını gördüm. Onun arxasınca pilləkənlə qalxmağa başladım. Mən 4-cü mərtəbədə yaşayıram. 3-cü mərtəbəyə çatanda bu şəxs dayandı və gözlədi. Mən öz yolumu davam edərək onu ötüb keçmək istədim. Bu zaman tanımadığım şəxs arxadan ayağıma zərbə endirdi və üz üstə yerə yıxıldım. Başım beton pilləkənə dəydi. Artıq özümə gələndə bu şəxs üzümə zərbələr endirirdi. Şəkillərdə aldığım xəsarətlər aydın şəkildə görünür. Əlavə olaraq başımda və bədənimin müxtəlif nahiyələrində zərbə izləri var. Bunu ya içkili adam, ya da narkoman edə bilərdi. Yaxın məsafədə olduğu üçün içkili olsaydı, spirt qoxusunu hiss edərdim. Mən onun narkoman olduğunu güman edirəm. Gözlərinin altı da qaralmışdı. Bundan başqa, nitqi də anlaşılmaz idi...”
Ə.Vəliyev bundan sonra bir nəfərin onu aşağı düşürtdüyünü və özünü o oğlanın atası kimi təqdim etdiyini gəldiyini bildirir:
“Bir nəfər qolumdan tutaraq zorla aşağı düşürtdü. Məni döyən şəxsin atası olduğunu dedi. Ondan oğlunun aşağı düşməsini və məndən üzr istəməsini tələb etdim. O adam isə haqlı olduğum halda boğazımdan tutaraq məni divara söykədi və “Mən Baş Polis idarəsində yüksək vəzifədə çalışıram. Evinə narkotik atdırıb səni tutduraram. Sənin başına oyun açaram”, - dedi. Mən ona şikayət edəcəyimi dedim, o, yaxamdan tutaraq, “Şikayət etsən, səni elə buradaca öldürərəm”, - dedi. Hazırda həkim nəzarətindəyəm”.
Hadisə baş verdikdən sonra müxtəlif insanlar vasitəsilə ona dəfələrlə təzyiqlər göstərildiyini deyən Ə.Vəliyev hətta ona pul təklif edildiyini də gizlətməyib:
“Müxtəlif insanlar vasitəsi ilə mənə təzyiq edilib ki, şikayətimi geri götürüm. Bu hadisə mediada işıqlandırılandan 3 gün sonra gecə vaxtı qapı döyüldü. Qapını açanda gördüm ki, Əlaslan müəllim oğlu ilə qapımda dayanıb. Mənə aşağı düşməyi və orada söhbət etməyi təklif etdi. Mən isə hadisədən sonra mənimlə niyə maraqlanmadıqlarını, hadisə mediada işıqlandırıldıqdan sonra qapıma gəlməklərinin heç bir mənasının olmadığını dedim. Onlar heç bir cavab vermədilər.
Hadisədən sonra bəzi media nümayəndələri şikayətimi geri götürməyimi təklif etdilər. Guya bunun qarşılığında mənə müəyyən qədər pul veriləcəkmiş. Mən isə bu günə kimi haram yolla pul qazanmadığımı və halal zəhmətimlə yaşadığını bildirərək imtina etdim”.
Gənc alimin bu iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışırıq.