Ukraynada döyülən azərbaycanlı iş adamından yeni xəbər

12-01-2015, 19:00   
Ukraynada döyülən azərbaycanlı iş adamından yeni xəbər
Azərbaycan səfirliyi Ukrayna Daxili İşlər Nazirliyinə müraciət edib
Azərbaycanın Ukraynadakı səfirliyi Odessada iki azərbaycanlı iş adamının hücuma məruz qalaraq ölümcül döyülməsi ilə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə, nazirliyin vilayət idarəsinə və Odessa prokurorluğuna rəsmi müraciət edib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, müraciətdə yanvarın 2-də Odessada ailəsi ilə birgə hücuma məruz qalan, milis tərəfindən döyülən iş adamı Şaiq Həsənov, bu hadisədən bir həftə əvvəl isə maskalı şəxslər tərəfindən hücuma məruz qalaraq ölümcül döyülən Ram Atakişiyevlə bağlı faktın araşdırılması istənilir.

Müraciətdə faktın araşdırılaraq Azərbaycanın Ukraynadakı səfirliyinə məlumat verilməsi xahiş olunur.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, iş adamı Həsənov Şaiq Zakir oğlu yanvarın 2-də axşam saatlarında həyat yoldaşı və övladı ilə yaşadığı Kiyevski rayonu ərazisində gəzintiyə çıxarkən hücuma məruz qalıb. Ş. Həsənov bildirib ki, gəzinti zamanı yaxınlıqda olan bir qrup gənc onların ayağının altına partlayıcı paket atıb və təhqiramiz ifadələr işlədib. Ş. Həsənov onlara etirazını bildirəndə isə mübahisə yaranıb. Bu zaman yaxınlıqda olan milis post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq Ş. Həsənovu saxlayıblar və onu ailəsi ilə birlikdə şöbəyə aparıblar. Şöbədə “niyə bizi təhqir edən gəncləri yox, məni ailəmlə birlikdə bura gətirmisiniz” deyə etiraz edən Ş. Həsənov milis işçisi tərəfindən avtomatın qundağı ilə döyülüb və huşunu itirib. Onu dərhal xəstəxanaya yerləşdiriblər.

Ondan 5 gün əvvəl isə Odessada başqa bir Azərbaycan vətəndaşı, iş adamı R. Atakişiyev zorakılığa məruz qalıb. Şəhər kənarında R. Atakişiyevin avtomobilinin qarşısı kəsilib, maskalı və silahlı şəxslər maşından düşürərək onu huşunu itirənədək döyüblər və öldüyünü düşünüb, hadisə yerindən qaçıblar.

Hər iki hadisə ilə əlaqədar Odessa vilayət Prokurorluğuna ərizə ilə müraciət olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.