Ötən il cəzaçəkmə müəssisəsində baş vermiş hadisə prokurorluq tərəfindən araşdırılır.
Baş prokurorluqdan və Ədliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, 22 dekabr 2014-cü il tarixdə saat 7 radələrində Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olmuş məlumata əsasən, Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozaraq, əməkdaşların tələblərinə əməl etməyərək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər.
Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınıb, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib.
Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq davam edir.