İmişli rayonunun Qaradonlu kəndində Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə həmin kəndin 57 yaşlı sakini Eynulla Yadulla oğlu Fətullayev arasında insident baş verib.
“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, hadisə yanvarın 6-da baş verib. İnsident nəticəsində E.Fətullayev yol polisləri tərəfindən rayon polis şöbəsinə aparılıb. Kənd sakini şöbədə amansızlıqla döyülüb, daha sonra isə həbs edilib.
İmişli Rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər ki, Eynulla Fətullayevə CM-in 315.1-ci (polisə müqavimət) maddəsi ilə cinayət işi açılıb və yanvarın 8-də İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ən maraqlısı isə odur ki, E.Fətullayev həbs olunaraq polis şöbəsinə aparılandan və orada döyüləndən sonra şöbədən çıxmağa və zorakılığa məruz qalması barədə İmişli Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməyə macal tapıb.
Qeyd edək ki, Eynulla Fətullayevlə DYP əməkdaşları arasında insidentə DYP-yə məxsus xidməti avtomobilin Qaradonlu kəndinin ərazisində yüksək sürətlə hərəkət etməsi səbəb olub. Belə ki, DYP əməkdaşları qaydanı pozmuş başqa bir avtomaşını kəndin içində yüksək sürətlə təqib edirmiş. Bu isə E.Fətullayevin xoşuna gəlməyib və bunu DYP əməkdaşlarına irad tutub. İnsident də bundan sonra başlayıb.