Paris olaylarının pərdəarxasındakı dirijorların məkrli niyyəti nədən qaynaqlanır? Baş verən proseslər Qərbin müsəlman dünyasını gözdən salmağa yönəlik hansısa qlobal strategiyasında həlqə təəssüratı yaradır...
I Yazı
İslamofobiyanın Avropada yenidən güclənməsi ola bilsin, Qərbdəki bir çox qüvvələrin marağındadır, hansı qüvvələr ki, Rusiya ilə indiki siyasi-iqtisadi qarşıdurmadan tədricən aralanıb bütün konfliktləri sivilizasiyaların qarşıdurması məcrasına yönəltmək istəyərdilər.
Parisdə “əl-Qaida” adından bir-birinin ardınca törədilən terror aktları, o sırada jurnalistlərin güllələnməsi, insanların girov götürülməsi, polis əməkdaşları və dinc vətəndaşların öldürülməsi Azərbaycan da daxil, bütün ölkələrdə yekdillik və ədalətli etiraz reaksiyası doğurdu. Bu məsələdə şübhəsiz, planetin tərəqqipərvər və sağlam düşüncəli insanlarının hamısı həmrəydir. Bununla belə, bütün bu, “quruluş verilmiş”, qərəzli şəkildə körüklənən olaylarda bir çox şeylər var ki, onlar sanki məqsədli surətdə islamofobiyanın hansısa yeni və daha qlobal miqyasda qızışdırılmasından ötrü müəyyən bir ssenarili motivin, dirijor çubuğunun və qabaqcadan yazılmış partituranın mövcudluğuna dəlalət edir.
Ona görə “yeni” yazıram ki, yaşananlar bu və ya başqa formada əvvəllər də olub. 10 il öncəki “karikatur müharibəsi”ni yada salmaq kifayətdir. Sözgəlişi, o zaman da, indi də hər şey Peyğəmbərin təhqirindən başlayıb. O zaman böyük qalmaqalın təhrikçisi Danimarka qəzeti “Jyllands-Posten” olmuşdu. 30 sentyabr 2005-ci ildə bu qəzet Məhəmməd peyğəmbər haqda serial şəkildə iyrənc və aşağılayıcı satirik karikaturalar nəşr eləmişdi.
*****
“Hantinqtonun doğrulan doktrinası fonunda Amerikanın vəzifəsi əhəmiyyətli dərəcədə sadələşirdi: ABŞ “islamın düşmən mahiyyətini” konkret şəkildə təsdiqləyən hadisələr sırası (“Şər oxu”) qurmalı idi. Bu vəzifənin öhdəsindən Amerika sürətlə və uğurla gəldi...”
Hələ o vaxt hadisələrin xarakteri və onların sonrakı inkişafı belə bir şeyin xəbərçisi idi ki, “karikatura müharibəsi” – Qərbin (ABŞ-ın) müsəlman dünyasını gözdən salmağa və islamofobiyanı gücləndirməyə yönəlik hansısa qlobal strategiyasında həlqədir. Peyğəmbərin ünvanına təhqiramiz hücumların təhrikçi xarakteri və dirijorluluğunu islam dünyasının belə iyrənc rəsmlərlə dəfələrlə sınağa çəkilməsi faktı da təsdiqləyirdi.
Belə ki, məsələn, görəndə ki, Danimarka qəzeti tərəfindən ortaya atılmış sınaq “karikatur” şarı hissediləcək reaksiya doğurmadı, bu təxribatın pərdəarxası dirijorları dərhal milyard yarım insanın dini hisslərinin kütləvi “karikatur” bombardmanına başladılar: şəbədə xarakterli təsvirlər sanki vahid mərkəzin komandası ilə bəzi tanınmış Avropa nəşrləri tərəfindən təzədən nəşr edildi.
Reaksiya isə tam gözlənilən oldu: olduqca güclü narazılıq dalğası bütün islam dünyasını bürüdü. Hardasa avropalı səfirlərə “qulaqburması” verməklə kifayətlənildi, hardasa Danimarka malları və təşkilatları boykot edildi, bir sıra ölkələrdə isə vəziyyət kütləvi mitinqlərə və Avropa humanitar təşkilatlarının missiya və səfirliklərinin dağıdılması ilə müşayiət olunan qarmaqarışıqlıqlara gətirdi. İlk qan da onda töküldü – Türkiyədə xristian keşiş qətlə yetirildi. Qəzəbli bəyanatlar və emosional etirazlar o vaxt bizdə - Azərbaycanda da özünü göstərmişdi.
Gəl ki, o zaman İslam dünyasında narazılıq dalğasının kəskin artmasına rəğmən, Qərb KİV-ləri üzrxahlıq etmək və ya iyrənc materiallar selini durdurmaq əvəzinə, söz azadlığı tezisi ilə möhtəkirlik edərək, “karikatur cəbhəsi”ndə hücumları genişləndirməkdə idilər. Bunun təzahürü idi ki, 2006-cı ildə milyard yarım müsəlmanın aşağılanması kimi təhlükəli oyuna Avropanın digər ölkələrinin onlarla qəzet və jurnalı qoşuldu və beləliklə də onlar qızışmaqda olan sivilizasiyalararası və dinlərarası qarşıdurmaya bir az da çox yağ tökdülər.
O zaman karikatura mövzusuna Parisdəki son terror aktının qurbanı – fransız satirik jurnalı “Charlie Hebdo” da fəal şəkildə qoşuldu. 2006-cı ildə həmin nəşr Danimarka şər-şəbədəsini nəinki təkrar çap elədi, üstəlik, onu özünün Peyğəmbər barədə məxsusi təhqiramiz rəsmləri ilə “dolğunlaşdırdı”.
“Qərb təbliğatı dünya hadisələrinin 10 illik total manipulyasiyası hesablına yeni leksika və düşüncə matrisi formalaşdırdı. Çox tezliklə bir sıra təsəvvürlərin təzə sinonimləri yaradıldı: “müsəlman terrorizmi”, “təməlçilik”, “radikal islam”, “islam təhlükəsi” və s.”
Hələ harasıdır, karikatura ilə kifayətlənməyən jurnal 2007-ci ildə qıcıqlandırıcı “İslamizmə qarşı manifest” adlı məqalə dərc elədi. Həmin “manifest”də islam dini “totalitar tipli yeni qlobal təhlükə” kimi təqdim olunurdu və faşizmlə, nasizmlə, satalinizmlə bir sıraya qoyularaq dünya birliyi “bu hədəyə qarşı” mübarizəyə çağırılırdı.
2011-ci idlə “Charlie Hebdo” təzədən islam peyğəmbərini aşağılayan rəsmlər dərc elədi. Həmin ildəcə naməlum şəxslər redaksiyanın ofisinə yandırıcı bomba atdılar. Nəticədə yanğın baş verdi və redaksiyanın praktik olaraq bütün avadanlığı məhv oldu. Lakin bu xəbərdarlığa baxmayaraq 2012-ci ildə jurnal yenidən Peyğəmbərin karikaturalarını dərc elədi. Terakta bir neçə gün qalmış isə redaksiya internet-satışa Məhəmməd Peyğəmbər haqda uşaq komiksləri (prikolları) buraxdı.
Az sonra beynəlxalq ictimaiyyəti dəhşətə salan və hamı tərəfindən qınanan məlum 7 yanvar hadisəsi - redaksiya heyəti ilə qanlı haqq-hesab çəkmə olayı baş verdi. Amma ayıldıcı “Stop” komandası vermək, “belə şey niyə mümkün oldu” sualının dərkinə cəhd eləmək əvəzinə yenə dayanmamaq, Peyğəmbərə və islama karikatura hücumlarını davam etdirməyə yönəlik aktiv radikal çağırışları görür və eşidirik.
*****
“Karikatura müharibəsi” nə qədər absurd və təhlükəli olsa da, belə görünür, yalnız aysberqin görünən hissəsidir. Gerçəkdə isə konfliktin və məlum hadisələrin qayəsi həddən-ziyadə ciddi və böyükdür. Bu xüsusda Hantinqtonun özünün məşhur “Sivilizasiyaların toqquşması” kitabındakı təxminləri doğrulmaqdadır.
Bəllidir ki, kitabda o, SSRİ-nin çöküşündən sonra beynəlxalq münasibətlərin perspektivlərini təhlil edərək, belə bir fikri əsaslandırmağa çalışıb ki, yaxın gələcəkdə islam dünyası ilə Qərb dünyasının toqquşması qaçılmaz olacaq və bu qarşıdurma “soyuq müharibə” dövründəki konfrontasiyanı xatırladacaq. “Hələ ki, islam islam olaraq, Qərb də Qərb olaraq qalırsa, onların arasında sivilizasiya qarşıdurması yeni tarixin leytmotivi olacaq” – yazırdı Hantinqton.
“ХХI əsrin başlanğıcı üçün Qərb təbliğatı əsas hədəfinə çatdı – “Şər oxu” dəhşətlərinin mütəmadi nümayişi ilə, “islam terrorizmi”nə diqqət yönəltməklə o, çoxlarının şüurunda islamofobiya kompleksi və islamın düşmən obrazını yaratmış oldu”
Onun 90-cı illərdə təxmin elədikləri çox tezliklə real məzmun almağa başladı: müəyyən qüvvələrin dirijorluq elədiyi və vaxtaşırı Avropa KİV-lərinin təzələdiyi “karikatura təxribatı” Qərblə islam arasında olduqca qorxulu sivilizasiyalararası qarşıdurma üçün, iki əsas və bir-biri ilə sərt rəqabətdə olan sivilizasiyanın dinlərarası, mədəniyyətlərarası toqquşması üçün katalizatoru rolu oynamaqda idi.
Hantinqtonun ortaya çıxan doktrinası antikommunizm xarakterli “soyuq müharibə”nin antiislamizmə transformasiya olunmasında mühüm rol oynadı, bir çox insanların beyninə yeni düşmən obrazının yeridilməsinə yardımçı oldu. Həmin nəzəriyyə xristian Qərb dünyası ilə islam aləmi arasında münaqişənin permanent şəkildə güclənəcəyini yetərincə inandırıcı formada proqnozlaşdırmışdı.
Belə şəraitdə Amerikanın vəzifəsi əhəmiyyətli dərəcədə sadələşirdi: ABŞ “islamın düşmən mahiyyətini” konkret şəkildə təsdiqləyən hadisələr sırası (“Şər oxu”) qurmalı idi. 90-cı illərin ortalarında gələcək “Şər oxu”nun əsas elementləri artıq aydın şəkildə formalaşmışdı - Qəddafi rejimi, Fələstin problemi. İraq, İran, Suriya, əfqan “Taliban”ı. Bu fonda yalnız “idarə olunan hadisələr” sırasına rəvac vermək qalırdı ki, yeni düşmən obrazı inandırıcı olsun və kütlələrin şüuruna əsasən islam dünyasından qaynaqlanan “təzə hədələr”in alqoritmi yeridilsin. Belə bir vəzifənin öhdəsindən Amerika sürətlə və uğurla gəldi.
*****
Qərb təbliğatı dünya hadisələrinin 10 illik total manipulyasiyası hesabına yeni leksika və düşüncə matrisi formalaşdırdı. Çox tezliklə bir sıra təsəvvürlərin yeni sinonimləri yaradıldı: “müsəlman terrorizmi”, “təməlçilik”, “radikal islam”, “islam təhlükəsi” və s. Geniş kütlələrin transformasiya edilən şüurlarına yerdilən bu təsəvvürlərdən “yeni düşmən”in obrazı formalaşırdı.
ХХI əsrin lap başlanğıcı üçün artıq bu obrazın nəzəri-təbliğati aspektləri hərtərəfli işlənmiş və praktik olaraq adaptasiya edilmişdi. Əlamətdardır ki, nə Hantinqtonun konsepsiyasında, nə də gündəlik “islam refleksiya”sında neft faktoru haqda heç nə deyilmirdi. Bu amil sivilizasiyaların mədəni (uyuşmazlıq) konflikti, islam təhlükəsi, beynəlxalq terrorizm, demokratikləşmənin “üçüncü dalğası” və s. haqda iddialarla çox incə şəkildə kamuflyaj edilirdi. Belə təsəvvürlərlə dünya ictimaiyyətinin diqqəti neftdən yayındırılır, daha qaçılmaz hesab edilən sırf siyasi qisas aksiyalarına fokuslaşdırılırdı.
Yeni əsrin başlanğıcı üçün Qərb təbliğatı əsas hədəfinə çatdı – “Şər oxu” dəhşətlərinin mütəmadi nümayişi ilə, “islam terrorizmi”nə diqqət yönəltməklə o, çoxlarının şüurunda islamofobiya kompleksi və islamın düşmən obrazını yaratmış oldu. Ancaq hansısa qlobal qisas aksiyasını əsaslandırmaqdan ötrü bu, görünür kifayət deyildi. “Yeni səlib yürüşü” ssenarisinin işə salınması daha əsaslı dəlil tələb edirdi. “İslam terroru” təhlükəsi qarşısında bütün Qərb dünyasını birləşdirmək, islamofobiya dalğasına güclü təkan vermək, habelə qlobal perspektivlər və qazanclara yol acacaq müəyyən “neo-səlib planı”nın startı üçün kart-blanş almaqdan ötrü hansısa ekstra-ordinar bir olay (“11 sentyabr”) baş verməli idi.
Yeri gəlmişkən, ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin bu və ya başqa formada ton verdiyi bütün sonrakı hadisələr mahiyyət etibarilə elə islamın gözdən salınması, müsəlman dünyasında situasiyanın qarışdırılması və islamofobiyanın güclənməsi kimi məqsədlərə xidmət edirdi: ikinci İraq müharibəsi, Əfqanıstanda “əl-Qaida”nın çoxillik ovu, ərəb ölkələrində dağıdıcı inqilablar dalğası, Suriyada müharibə, qəfildən bütün dünyanı qorxudan müəmmalı İŞİD fenomeni və nəhayət, peyğəmbərə hazırkı karikatur hücumları fonunda qanlı Paris olayları.
Bütün bu hadisələr zənciri təsadüfdümü?
Zəfər Quliyev, politoloq /musavat.com/