İŞİD-ə əsir düşən Hamşe adlı yezidi qadın əsirlikdə olduğu müddətdə başına gələn müsibətdən danışıb.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yezidi qadın terror təşkilatının yaralanan döyüşçülərinə qan verməyə məcbur edildiklərini açıqlayıb:
"Əsirlərdən qul kimi istifadə edirlər. Yaralanan döyüşçü olanda sağlamlığımıza baxmayaraq, qanımızı alırdılar. Elə vaxtlar olurdu ki, günlərlə qan verirdik. Təkcə bizim qanımızı almırdılar. Orada hamilə qadınlar var idi. Onların da qanından yaralı döyüşçülər üçün istifadə olunurdu".
Əsirlikdə olduğu müddətdə cinsi istismara məruz qaldığını deyən Hamşe qul kimi bir ərəbə satılıb:
"Bazarda onlar qadınları satanda biri də məni aldı. Evinə aparıb otaqda kilidlədi. “Əgər mənimlə evlənməsən, sənə yemək, su verməyəcəyəm”, - dedi".
Terrorçuların əlindən qaçmağın qeyri-mümkün olduğunu deyən yezidi qadın körpəsi ilə qaçmağını möcüzə adlandırıb:
"Bir axşam uşağım susuzluqdan ağlayırdı. Qapını döydüm və kənarda olan bütün qarovulçuların yatdığını gördüm. Bir şüşə su götürüb körpəmlə qaçdım. Hələ də buna inana bilmirəm”.
Bildirək ki, yezidi qadın terrorçuların arasından qaçaraq özünü peşmərgə qüvvələrinə yetirə bilib. Bundan sonra Hamşe ailəsinə təhvil verilib.