14:12
Mingəçevirdə 34 yaşlı ana 3-cü övladını dünyaya gətirdikdən sonra dünyasını dəyişib.
Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Bildirildiyinə görə, Mingəçevir şəhər sakini, 1980-ci il təvəllüdlü Esmira Rafiq qızı Hümbətova yanvarın 9-da Doğum Evinə daxil olub. O, ötən gecə təbii doğuş yolu ilə övladını dünyaya gətirib. Bundan təqribən 20 dəqiqə sonra ananın vəziyyəti pisləşib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi oğlan uşağı isə hazırda sağ-salamatdır.
Ölümün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Esmira Hümbətova Mingəçevir şəhərində fəaliyyət göstərən məktəblərdən birində müəllim işləyirdi.