Nəqliyyat naziri Ziya Məmmədov barədə redaksiyamıza yeni məlumat daxil olub. Məlumatda deyilir ki, ölkə başçısı Ilham Əliyev Ucara səfər edərkən Ziya Məmmədov bir neçə gün əvvəldən adıçəkilən rayonda olub.
Prezident Administrasiyasının (PA) ərazi iderəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev ölkə başçısının səfərilə bağlı rayonda görülən hazırlıq işlərilə tanış olmaq üçün ora gedib. Bundan xəbər tutan Ziya Məmmədov Ucarda Zeynal Nağdəliyevlə görüşüb. Iddialara görə, nazir Zeynal Nağdəliyevdən Ilham Əliyevin iştirak edəcəyi tədbirlərə qatılmasına yardım etməsini istəyib. Lakin Zeynal Nağdəliyevin cavabı mənfi olub. PA-nın şöbə müdiri Ziya Məmmədovun diqqətinə çatdırıb ki, onun ölkə başçısının yanında görünməsi məqsədəuyğun deyil. Əlbəttə ki, Zeynal Nağdəliyev bunu özbaşına deməyib.
Qeyd edək ki, Ziya Məmmədovun artıq Ilham Əliyevin yanında etimadını itirdiyi bildirilir. Son günlər nəqliyyat nazirinin “vurulduğu” barədə məlumatlar yayılır. Bəzi məlumatlara görə, Ziya Məmmədovun hədəfə gəlməsi onun Beynəlxalq Banka 500 milyon manat kredit borcunun olması ilə bağlıdır. Nəqliyyat nazirindən həmin pulu qaytarmaq tələb olunur.