“Vurulmuş” nazirin iş ortaqlarını da vururlar?; Kanal problemi Xoşqədəm Hidayətqızı ilə MTRŞ sədrinin şəxsi münasibətləri ilə əlaqələndirir, reallıq isə...
ANS-lə Milli Teleradio Şurası arasında qalmaqal davam edir. Oktyabrın 9-da Bakı İnzibati-İqtisad Məhkəməsində ANS-inMTRŞ-a qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Müseyib Bayramovun sədrlik etdiyi iclasda MTRŞ-nin ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin qapadılması barədə oktyabrın 5-də çıxardığı qərardan verdiyi iddiaya baxılıb.
ANS-in nümayəndəsi, vəkil Muxtar Mustafayev çıxış edərək bildirib ki, həmin qərarla ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin yayımı 10 gün müddətinə dayandırılıb və teleşirkətə maddi ziyan dəyib: “Vətəndaşlar həmin verilişə baxırdılar, bu qərar düzgün deyil. Verilişin efirə getməməsi həm də şirkətin reytinqini aşağı salır”.
MTRŞ nümayəndəsi Toğrul Məmmədov isə qərarın qanuni əsaslarla çıxarıldığını deyib və bildirib ki, ANS-in qaldırdığı iddianın heç bir perspektivi yoxdur: “Bizim qərar onların islah olunması üçün verilib. Şura daha sərt qərar verə bilərdi, amma humanist davranıb ki, şirkətə daha çox ziyan dəyməsin”.
Müşavirədən sonra qərardad elan olunub. Qərardada əsasən, iddia təmin edilməyib.
Bu arada ekspertlərdən biri maraqlı bir məqama diqqəti çəkib. O, hesab edir ki, ANS-ə qarşı aparılan kampaniyada sabiq müdafiə naziri Səfər Əbiyev izi görünür. Daha doğrusu, sabiq nazirlə işgüzar əlaqələri olan ANS-ə qarşı bu hücumun səbəblərindən biri onunla bağlı olmalarıdır. Xatırlayırsınızsa, daha öncə bir neçə dəfə “Yeni Müsavat” qəzeti də ANS-lə S.Əbiyev arasında biznes əlaqələrinin olması barədə yazmış və bununla bağlı məhkəmə qarşısına çıxmışdı. “Vurulmuş” nazirin ardınca onunla zamanında iş ortağı olmuş kanala qarşı hücum taktikasının seçilməsini də bununla izah etmək olar.
Daha bir məqam isə ANS-in Amerika ilə ortaq jurnalistika məktəbi yaratması ilə bağlıdır. Hazırda Amerika ilə münasibətlərin kəskinləşməsi, onunla ortaq layihələri olan QHT nümayəndələrinin bir-birinin ardınca həbs edilməsi, eləcə də yoxlamalara, təqib və təzyiqlərə məruz qoyulması fonunda telekanala qarşı bu təqibi həm də ABŞ kontekstində qiymətləndirmək mümkündür. Bir sözlə, versiyalar çox olsa da, fakt birdir - ANS-i bitirmək üçün ciddi proses başlanır və hər gün daha sürətlə davam edir.
Bu qalmaqalda diqqəti çəkən həm də ANS-in vitse-prezidenti Mirşahin Ağayevin bir gün öncə APA-ya verdiyi müsahibədir. M.Ağayev rəhbərlik etdiyi kanala qarşı sözügedən qurum tərəfindən atılan addımları qeyri-obyektiv adlandırıb. M.Ağayev hesab edir ki, ümumiyyətlə, MTRŞ fəaliyyətə başlayandan ANS-lə mübarizə aparıb: “Və bəzən mənə elə gəlir ki, MTRŞ elə düşünür ki, o elə ANS-lə mübarizə aparmaq üçün yaradılıb. Onun yanaşmasında qeyri-normal cəhətlər var. Əslində bu qurum bütün kanallara eyni gözlə baxmalı, Azərbaycanın efir məkanında işləyənlər MTRŞ-nı bütün kanallarla eyni cür davranan tərəfsiz dövlət tənzimləyicisi kimi tanımalıdır. Amma çox təəssüf ki, bu belə deyil və MTRŞ yalnız ANS-i qaralamaqla məşğuldur. Nuşirəvan Məhərrəmlinin MTRŞ sədri kimi bütün fəaliyyəti boyu çıxardığı qərarlara, verdiyi cəzalara baxın. Elə bil ki ANS ona ”eksperiment dovşanı" kimi lazımdır. Bəzən qanuna əsaslanaraq cəzalandırıb, bəzən sadəcə cəzalandırıb və cəzalandırdığı səbəblərin qanunda olmadığını görüb və bunu qanun halına salıb ki, “Qanunda boşluq var idi...” Qısası, MTRŞ ANS-ə həmişə qərəzli yanaşıb və sanki rəqib kanallardan biri və əlində inzibati rıcaqlar olan biridir. Başqa rəqiblərlə, yəni mövcud kanallarla mübarizə aparmaq asandır, burda nə var ki... Amma məhz MTRŞ kanalı ilə mübarizə aparmaq qeyri-mümkündür. Ona görə ki, o həmişə qurşaqdan aşağı oynayır... Və addımlarını dövlət adından atır. ANS-in ifrat cərimələnməsi də bu faktordan qaynaqlanır. MTRŞ-nın sədri, ümumiyyətlə, verdiyi qərarlarda obyektiv hüquqi şəraitə və ya qanuna yox, əksər hallarda subyektiv mövqeyə əsaslanır. Məsələn, N. Məhərrəmli “Cəmiyyət bilməlidir ki, MTRŞ fəaliyyətə başladığı ilk gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi mübarizə aparıb”-deyəndə mən bilmirəm fikir verirsinizmi, bu cümlə çox səthi, hər yerindən ən amansız tənqidə layiq yüngül bir ifadədir.
Axı bayağılıq, şitlik hüquqi sözlər deyil, Nuşirəvan Məhərrəmlinin xoşuna gələn verilişləri də bir başqası bayağı və şit hesab edə bilər. Məncə, bu qurum qanuna əsaslanmalıdır, özünün zövqünə yox. MTRŞ sədri deyir ki, cəmiyyət ondan bu tip verilişlərə, ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nın səlahiyyətləri o dərəcədə deyildi ki, həmin verilişləri bağlasın. Bu fikrin də arxasında heç nə dayanmır. Əslində biz iddia edə bilərik ki, cəmiyyət bizdən məhz MTRŞ-nın bağladığı verilişlər kimi layihələri tələb edir. Ona görə ki, reytinqlər var, ANS-in qapısında bu saatın özündə də növbə gözləyən, öz dərdinin, probleminin əlindən tutub bizə üz tutub gələnlərin böyük bir siyahısı var. Onun cəmiyyət bizdən bunu tələb edir deməsi guya zəhmətkeşlərdən teleqramlar alan sovet məmurlarının öz antixalq qərarlarını əsaslandırmaq üçün əl atdığı bəhanəyə bənzəyir. Akademik Saxarov sağ olsaydı soruşardı: “O teleqramlardan heç olmasa birini bizə göstərə bilərsinizmi?”
M.Ağayevin dediklərində diqqəti çəkən bir başqa məqam isə onun ANS-lə bağlı məsələni “Səni axtarıram” verilişinin aparıcı Xoşqədəm Hidayətqızının üzərində fokuslamasıdır: “Hər şey onun Xoşqədəm xanımla şəxsi münasibətləri ilə başladı. Məndən tələb etdi ki, onu efirdən uzaqlaşdırım. Mən ona etiraz edəndən sonra məsələ artıq Sizin müşahidə etdiyiniz şəkli aldı. Çox təəssüf edirəm ki, şəxsi məsələ bu həddə çatdı. Düşünürəm ki, MTRŞ-nin ya məsələlərlə yanaşma tərzi dəyişməlidir, ya da N. Məhərrəmli başda olmaqla bu qurumun üzvləri”.
Amma ANS rəhbərliyi geri çəkilmək fikrində deyil. M.Ağayev müsahibəsində də bütün yükü N.Məhərrəmlinin üzərinə qoyaraq, dövlət başçısı İlham Əliyevdən bu məsələdə kömək umur: “Biz çalışırıq ki, Prezidentimizin, Baş Komandanımızın qarşımıza qoyduğu məsələləri həll edək. Doğrudan da İlham Əliyevin fədakar siyasəti nəticəsində bu gün Azərbaycan nüfuzlu, qüdrətli bir dövlətə çevrilib. Biz də imkanlarımız çərçivəsində bu inkişafda iştirak etməyə çalışırıq, Azərbaycanın müsbət imicini təsdiqləmək və bu imicin təbliğat manerası yox, artıq dövlətin gerçək sifəti olduğunu izah etmək üçün çalışırıq. Amma belə məmurlar öz düşünülməmiş hərəkətləri ilə ANS-in vuruşduğu qüvvələrin əlinə kart-blanş verir, bizim mübarizə imkanlarımızı məhdudlaşdırır. Özü də bunun məhz Azərbaycanda parlament seçkiləri ərəfəsində edilməsi də bizi çox məyus edir. Bir sıra xarici mətbuat orqanları ANS-ə dövlət tərəfindən təzyiqlər haqda danışmağa başlayıb. Doğrudur, biz 72 ölkəni özündə birləşdirən ENEX və nüfuzlu EBU kimi nəhəng telebirliklərin üzvü kimi belə xəbərlərin yayılmasının qarşısını alırıq. Yəqin müşahidə edirsiniz ki, bir jurnalist 15 sutkalıq həbs olunanda belə çaxnaşan beynəlxalq media bu gün ANS-in ən populyar layihələrinin bağlanması ilə bağlı susur. Bu bizim xidmətimizdir. Çünki bilirik ki, N. Məhərrəmlinin şəxsi qərəzliyi nəticəsində yaranmış xoşagəlməz vəziyyətdən dövlətimiz əziyyət çəkməməlidir.
Sadəcə MTRŞ ANS üçün bir sıra məqamlara görə əlverişsiz şərait yaradıb. Məsələn, tariximizdə diqqət yetirsəniz görərsiniz ki, ANS seçki kampaniyasında iştirak etməməyi barədə xüsusi bəyanatla çıxış edirdi. Kiçik bir şəxsi məsələyə görə MTRŞ-nın bu boyda hay-küy qaldırmasından sonra isə bizim belə bir bəyanat verməyimiz görün necə təsir bağışlayacaq. Xarici mətbuat bunu ANS-ə edilən ciddi təzyiqin nəticəsi tək qiymətləndirə bilməzmi? Amma belə ehtimali əngəllərə baxmayaraq, fürsətdən istifadə edərək, Sizin vasitənizlə elan edirəm ki, seçki kampaniyasında iştirak etməyəcəyik”.
Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. Həmin iclasda ANS televiziyasının efirində ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan - 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.
“ANS” Teleradio Şirkəti MTRŞ tərəfindən verilən qərarrın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Sevinc TELMANQIZI musavat.kom