2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanıb. Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları yekunlarına həsr olunan bugünkü iclasındakı çıxışında deyib. O, qeyd edib ki, bunlardan biri müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsidir: “Heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Yüksək ictimai status daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Bu baxımdan, cənab Prezident, Sizin siyasi iradənizlə mürəkkəb iqtisadi şəraitdə “Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzalanan Sərəncam ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım olmuşdur. Sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşmışdır. Eyni zamanda, Bakı şəhərində müəllimlərin həftəlik orta dərs yükü artırılmış və şagird-müəllim nisbətində də əsaslı irəliləyişə nail olunub. Bu göstərici 2012/2013-cü tədris ili ilə müqayisədə, 2014/2015-ci tədris ilində 10:1-dən 12:1 nisbətinə qədər yüksəlib”. Nazir Prezidentin dəstəyi ilə cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsinin həyata keçiriləcəyini deyib: “2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır. Bu layihə Maliyyə Nazirliyi ilə sıx əlaqələndirilir. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq”. - See more at: