Samir Şərifova təzyiqlər var
Azərbaycan hakimiyyətində pul savaşı başlayıb. Hələ büdcə zərfi Nazirlər Kabinetində müzakirə olunarkən “Azadlıq” məlumat yaymışdı ki, 2016-cı ilin büdcəsi dövlət qurumları arasında narazılığa səbəb ola bilər. Artıq bu özünü qabarıq şəkildə göstərməkdədir. Hətta qarşıdurma o səviyyəyə çatıb ki, ölkə başçısı Ilham Əliyev özü məsələyə qarışıb.
Hər halda Ilham Əliyev Nazirlər Kabinetində 9 ayın yekunlarına dair keçirdiyi iclasda açıq şəkildə bəyan edib ki, dövlət qurumları təkid edirlər ki, Maliyyə Nazirliyi əlavə vəsait ayırsın: “Maliyyə nizam-intizamı gücləndirilməlidir. Israfçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. Indi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla bərabər, vacib olan bütün layihələrə kifayət qədər vəsait ayrılacaq.
Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir”.
Ölkə başçısının çıxışından da göründüyü kimi maliyyə naziri Samir Şərifova təzyiqlər var. Samir Şərifov çapında məmura əlbəttə ki, sıradan bir çinovnik təzyiq edə bilməz. Şübhəsiz burada söhbət iri çaplı məmurlardan gedir.
Ilham Əliyev çıxışında bir məqama da toxunub. O, bildirib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları sahibkarlara problemlər yaradırlar: “Bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.
Ilham Əliyev əlavə edib ki, sahibkarlar tez-tez yerli icra orqanlarının səbəbsiz yoxlamaları ilə rastlaşırlar. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır. “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır”, – deyə o, bildirib.
Bu fikirlər də hakimiyyətdəki pul davasının təzahürüdür. Azadlıqa daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarından biri sahibkarlara haqq qoyub. Digər qurumlar bununla bağlı ölkə başçısını məlumatlandırıb. Çünki bu, faktiki olaraq şikayətçi qurumların gəlir mənbəyinə əl uzatmaq olub. Bu isə Ilham Əliyevin baş verənlərinə müdaxiləsinə səbəb olub.
İnformasiya şöbəsi