Qarabağda Qərbi qorxudan “dəhşət ssenarisi”

16-10-2015, 10:02   
Qarabağda Qərbi qorxudan “dəhşət ssenarisi”
Münaqişə zonasına sülhməramlıların gətirilməsi məsələsi aktuallaşır, ancaq bunu kim və necə edəcək? Tomas de Vaal: “Qarabağ konflikti Ukraynadan başlayıb Suriyada qurtaran qarmaqarışıqlıq zəncirində növbəti həlqəyə çevrilə bilər...”

Dağlıq Qarabağ münaqişəsi dünyada bəlkə də yeganə etnik-ərazi konfliktlərindəndir ki, 23 ildir burada atəşkəs rejimi hər hansı üçüncü ölkənin sülhməramlı qüvvələri olmadan təmin edilir. Ancaq son aylar, xüsusən də sülh danışıqlarının dalana girdiyi və prezidentlər arasında birbaşa təmasın olmadığı axırıncı bir ildə vəziyyət kifayət qədər gərginləşib, atəşkəsin pozulması və yeni hərbi əməliyyatların başlama ehtimalı artıb.

Doğrudur, bəzi analitiklərə görə, qlobal güclərin diqqəti - onlar həm də Qarabağ məsələsində vasitəçi kimi çıxış edir - Yaxın Şərqə, Suriya və İŞİD-ə qarışdığı üçün onlar yaxın coğrafiyada - Cənubi Qafqazda daha bir qaynar müharibə ocağının yaranmasına imkan verməz. Ancaq müharibə qızışanda qəfil qızışır və heç kimdən soruşmur. Onu dayandırmaq isə başlamaqdan qat-qat çətindir.

Yəni istənilən halda həmin qlobal güclər Dağlıq Qarabağ probleminə də yetərli diqqət ayırıb postsovet məkanının ən köhnə ixtilafının yeni müharibə fazasına keçməməsi, atəşkəs rejiminin saxlanması üçün təxirə salmadan nələrsə etməlidir. Ayrı sözlə desək, status-kvo indiki kimi qalacaqsa, savaş riskləri də böyüməkdə davam edəcək, çünki Azərbaycan öz ərazilərinin sonsuzadək işğal altında qalması ilə barışmayacaq.

Böyük ehtimalla, üç vasitəçi ölkədən biri kimi Rusiya məhz bu vəziyyətdən, ilk növbədə də işğalçı Ermənistanın yeni müharibədən çəkinməsindən istifadə edərək, bölgəyə öz hərbi qüvvələrini sülhməramlı qüvvələr adı ilə yeritmək yönündə fəallaşıb. Şimal qonşumuzun dominant olduğu hərbi-siyasi birlik - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə ATƏT arasında ilkin Qarabağ anlaşması da təzə fürsətdən Moskvanın yararlanmaq əzmindən xəbər verir.



*****
Qarabağda yeni müharibənin mümkünlüyü barədə Qərb analitikləri də tez-tez danışmağa və xəbərdarlıqlar etməyə başlayıblar. “Keçmiş Sovet İttifaqı mikanda ən köhnə və ən qorxulu konflikt olan Dağlıq Qarabağ münaqişəsi yenidən oyanmağa başlayıb”. Musavat.com-un məlumatına görə, bunu Vaşinqtondakı Kornegi Fondunun siyasi analitiki, “Qara və Bağ” kitabının müəllifi Tomas de Vaal özünün “Politico” nəşrindəki məqaləsində yazıb.

Siyasi icmalçının qənaətincə, 1994-cü ildən əldə edilmiş atəşkəs rejimi hazırda güclü təzyiq və təhlükə altındadır: “Azərbaycan-Ermənistan sərhədi və Dağlıq Qarabağdakı təmas xətti üzərinə raketlər yağış kimi yağır. Təkcə son bir həftə ərzində 10-a yaxın insan həlak olub. Hələlik genişmiqyaslı hərbi əməliyyatların bərpa ediləcəyindən danışmaq tez olsa da, Bakı və İrəvandakı liderlər davakar mövqe tutmaqdadırlar ki, bu mövqedən çıxmaq da asan olmayacaq. Məsələn, rəsmi Bakı erməniləri faşist və terrorçu adlandırır. Prezident Serj Sərkisyan da siyasi təbliğatı gücləndirib. Sentyabrın 26-da o bəyan elədi ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”.

“İş heç də ”Rusiyanın barmağı"nda deyil" - davam edir analitik: “Hərçənd Kremlin davranışı öz rolunu oynayır. Cənubi Qafqazla bağlı təhlükə ondadır ki, heç kim tam cavabdehlik daşımır və Qarabağ Ukraynadan başlayıb Suriyada qurtaran qarmaqarışıqlıq zəncirində daha bir həlqəyə çevrilir - hansı zəncirdə ki, Rusiya iştirakçı olsa da buna görə məsuliyyət daşımır. Rusiya hər iki tərəfə silah satır və onların qarşıdurmasından fayda götürməyə çalışır. Bununla da o, 1994-cü ildə əldə edilmiş atəşkəs sazişini sabotaj edir”.



“Bu gün Qafqaz əvvəlki illərlə müqayisədə daha qeyri-sabit və proqnoz edilməyən bölgədir. Təmas xəttindəki son erməni-azərbaycanlı döyüşləri təsadüfi yanlışlıqdan doğan və növbəti çox da böyük olmayan müharibəyə səbəb ola biləcək ciddi presedent ehtimalını artırır. Hansı ki, müharibəni heç kim istəmir, ancaq heç kim də ondan çıxmağa hazır deyil. Rusiyanın davranışı üzündən belə bir şeyi önləmək çətindir və bu gün heç kimin belə bir dəhşət ssenarisini önləmək imkanı yoxdur” - qeyd edib ekspert.

*****
Deməli, bir an öncə konfliktin növbəti qaynar və daha dəhşətli fazaya keçməməsi üçün onun həllinə məsul olan aparıcı dövlətlər, beynəlxalq təşkilatlar önləyici addımlar atmaq zorundadır. Bu yöndə Avropa Birliyi də sözsüz ki, özünəməxsus rol oynaya bilər.
Amma hələ ki problemin yoluna qoyulmasında ən yaxşı imkanlar Rusiyanın əlində qalmaqdadır. Bunun məsələnin xeyrinə, yoxsa ziyanına işlədiyinə ötən 22 illik danışıqlar prosesi yaxşı şəhadət verir. Əfsuslar olsun ki, rəsmi Moskva bu unikal şansdan yararlanmağa tələsmir və vaxtaşırı növbətçi bəyanatlar verməklə kifayətlənir.

Bu qənaətə Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarovanın son açıqlaması şübhə yeri qoymur. XİN sözçüsü öncə bildirib ki, konflikt zonasında situasiyanın kəskinləşməsi siyasi dialoqun bərpasına mane olur: “Biz ondan çıxış edirik ki, vəziyyətin daha da pisləşməsi, sadəcə, yolverilməzdir. Ona görə də tərəfləri güc tətbiqindən çəkinməyə, kompromis əldə olunmas üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq”.



Onun sözlərinə görə, Qarabağ nizamlanması Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin aprel-may aylarında Moskvaya səfərləri zamanı ətraflı müzakirə edilib. “Məsələ həmçinin nazir Sergey Lavrovun öz xarici həmkarları ilə cari təmaslarının predmetidir. Biz bu istiqamətdə ABŞ və Fransa ilə qarşılıqlı sıx əlaqədə işləyirik” - əlavə edib XİN yetkilsi.

Lakin acı gerçək belədir ki, Rusiyanın dinc Qarabağ təşəbbüsləri, o cümlədən də sonuncular heç bir effekt verməyib, status-kvo dəyişməyib, müharibə riskləri isə artıb. Konkret olaraq aprel-may danışıqlarından sonra - yay aylarında təmas xəttində vəziyyət daha da pisləşib.

Müşahidə edilən həm də budur ki, Rusiya Azərbaycan-Ermənistan qarşıdurma xəttində yeni gərginlikərə və epizodik eskalasiyalara sanki Dağlıq Qarabağa öz silahlı qüvvələrini yeritmək üçün münbit zəminin yaranma şansı kimi baxır, nəinki münaqişənin həllini, nəhayət, “ölü nöqtə”dən çıxarmağın vaxtı çatması kimi dərk edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.