Rusiya aviasiyasının hava zərbələrinin ardınca Suriyada Bəşər Əsədə sadiq ordu qüvvələri Hələb şəhəri istiqamətində “İslam dövləti”inin və “Əl Nüsra Cəbhəsi” qruplaşmasının mövqelərinə hücuma keçib.
Virtualaz.org saytı xəbər verir ki, bu döyüşlərdə Rusiya hərbi mütəxəssislərinin iştirak etdiyi bildirilir.
Belə ki, Suriya ordusu Rusiya aviasiyasının hava zərbələri ilə eyni vaxtda “İslam dövləti”nin mövqelərinə intensiv artilleriya zərbələri endirib. Bu zaman Rusiyanın Suriyada yerləşdirdiyi, dəhşətli dağıdıcı gücə malik TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərinin ilk dəfə tətbiq edildiyi qeydə alınıb. Ehtimal edilir ki, həmin odsaçan sistemləri Rusiya hərbçiləri idarə edir. Çünki bu günlərdə sosial şəbəkələrdə Rusiyanın Suriyaya ekipajı ilə birlikdə “Solntsepyok” odsaçan sistemlərini göndərdiyini təsdiq edən fotolar yayılmışdı.
İnternetdə yayılan və “İslam dövləti” yaraqlıları tərəfindən çəkildiyi ehtimal edilən videokadrlardan görünür ki, odsaçan sistemdən açılan yaylım atəşindən sonra dağlar arasındakı vadini partlayışlar bürüyür. Zərbə endirilən rayonda hər yer od tutub yanır, kadr arxasından terrorçuların təşvişlə “Allahü əkbər” qışqırıqları eşidilir. Bu, “Solntsepyok” odsaçanlarının döyüş tətbiqinə dair ilk videokadrlardır.
Xatırladaq ki, dünyada bənzəri olmayan “Solntsepyok” odsaçan sistemləri Rusiyadan başqa indiyədək təkcə Azərbaycan, İraq və Qazaxıstan silahlı qüvvələrində olub. Dəhşətli dağıdıcı gücə malik olan və “cəhənnəm silahı” adlandırılan odsaçan sistemlərdən termobarik mərmilərlə endirilən zərbələrdən xilas olmaq mümkün deyil. Bu mərmilər düşdüyü ərazidə hər şeyi külə döndərir. Onlardan hətta yeraltı sığınacaqlarda da xilas olmaq mümkün deyil, çünki partlayış nəticəsində hətta hava da alışır, havanın tenperaturu 3000 dərəcəyə çatır və döyüş sursatları oksigenin alışmasına səbəb olur.
Bir “Solntsepyok” TOS-1A qurğusu 40 min kvadrartmetr ərazidə bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır.
“Solntsepyok” xüsusən dağlıq ərazilərdə tətbiq olunanda dəhşətlidir. Bu silah sistemindən açılan atəşlər nəticəsində hətta dağ uçub-dağıla, qayalar əriyib kül ola bilər. Çünki silahın tətbiqi zamanı olduqca güclü vakuum effekti yaranır.
Azərbaycan 2011-ci ildə “Rosoboroneksport”la bağlanmış müqavilə əsasında Rusiyadan 18 belə odsaçan sistem alıb və Müdafiə Nazirliyi bu silahları artıq hərbi təlimlərdə sınaqdan keçirib.
[media=https://www.youtube.com/watch?v=3YpVrtQ37ko]
Virtualaz.org